Məhəmməd Əsədullazadə: "Çünki mövcud status-kvonun dəyişilməsi şərtdir və Azərbaycan bunu tələb edir"
"Mənə elə gəlir və təəssüf, daha inandırıcıdır ki, danışıqlar uğurla nəticələnməsə, payıza yaxın ciddi hərbi qarşıdurmalar mümkündür". Bunu mətbuata açıqlamasında Rusiyanın tanınmış politoloqu, RF İctimai Palatasının üzvü Sergey Markov deyib.
Onun sözlərinə görə, Qarabağ məsələsində tərəflər arasında ciddi ziddiyyətlər yoxdur və Rusiya kifayət qədər fəaldır. İnsafən qeyd etmək lazımdır ki, ABŞ və Fransa da maneçilik törətmir. Onlar yumşaq formada Rusiyanın vasitəçiliyini dəstəkləyir: "Rusiyanın vasitəçilik səylərinin mahiyyəti nədir? İndi ən mühüm şey məhsuldar danışıqları bərpa etməkdir. Danışıqları danışıq xatirinə aparmaq yox, razılaşma əldə etmək üçün aparmaq lazımdır".
Ekspertin sözlərinə görə, belə bir razılaşmanın əldə olunmasının əsasında "Kazan formulu" dayanır. Ötən il, demək olar ki, münaqişə tərəfləri arasında bununla bağlı razılıq əldə olunmuşdu. Amma sonra hər şey pozuldu. Nəticədə hamı yeni hərbi qarşıdurmaların qəsdən gərginləşdirilməsi təhlükəsi ilə üzləşdi: "Eyni zamanda mənə elə gəlir ki, Qarabağda hərbi əməliyyatlar ehtimalı yüksəkdir".
Markovun fikrincə, Azərbaycan da, Ermənistan da hazırda turizm mövsümünü qaydasında keçirməkdə maraqlıdır. Hərbi əməliyyatların getdiyi ölkəyə minlərlə turist cəlb etmək çətindir.
Maraqlıdır, payızda hərbi qarşıdurmanın qızışacağı ilə bağlı fikirlər nə dərəcədə realdır? Sözügedən məsələni "Bakı-Xəbər"ə şərh edən politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, ATƏT-in Minsk Qrupunun regiona son səfərində hər hansı bir irəliləyişin olmaması, Ermənistanın artan təcavüzkar siyasəti Azərbaycanı adekvat addımlar atmağa məcbur edir: "Rusiya və ABŞ-ın münaqişənin həllində susqunluğu, irəliləyiş üçün işğalçı ölkəyə hər hansı bir təzyiq etməməsi Cənubi Qafqazda yeni müharibənin başlanmasını sürətləndirir. Rəsmi Kremlin irəli sürdüyü həll variantlarının imitasiya olduğu, əslində işğalçı ölkəyə vaxt qazandırmaqdan ibarət olduğu bəlli oldu. Rusiya hazırda rəhbərlik səviyyəsində təşəbbüslə çıxış etmir. Çünki mövcud status-kvonun dəyişilməsi şərtdir və Azərbaycan bunu tələb edir. Danışıqların başlanması, görünür, Ermənistanın və onun havadarının siyasətinə uyğun deyil. Azərbaycan, təbii ki, bu vəziyyətlə barışmayacaq, işğalçıya qarşı təzyiqlərini davam etdirəcək. Rusiyalı politoloq hazırda danışıqlarda irəliləyişin olmamasının, hər hansı təklifin irəli sürülməməsinin yeni müharibəyə səbəb olacağını bildirib. Cəbhə bölgəsində atəşkəs mütəmadi pozulur və düşmən diversiya-təxribatçı hərəkətlərini artırıb. Baş verənlər yeni döyüş əməliyyatlarını sürətləndirir. Əlbəttə, növbəti aylarda müharibə qaçılmaz ola bilər".
Politoloqun fikrincə, ABŞ Dövlət Departamentinin son günlər Dağlıq Qarabağ münaqişəsi ətrafında atəşkəsin intensiv pozulması haqda bəyanat verməsi təsadüfi deyil: "Bəyanatda "ABŞ ötən həftə təmas xəttində itki ilə nəticələnən atəşkəs rejiminin pozulmasından dərin narahatdır. Biz tərəfləri eskalasiyadan çəkinməyə, gərginliyin azaldılması üçün səylər göstərməyə çağırırıq". Göründüyü kimi, Minsk Qrupunun həmsədri olan ABŞ münaqişənin həllinə ikili standartlardan yanaşır və işğalçı qüvvələr barədə qəti mövqe bildirmir. Həmsədr ölkə olaraq, erməni silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən çıxarılmasını qeyd etməli idi. Ermənistan silahlı qüvvələri nə qədər ki, əraziləri boşaltmayıb, hərbi təzyiqlərin davamlı olacağını gözləməlidir. ABŞ Dövlət Departamentinin bu mövqeyi regionda ümumi təhlükəsizliyə heç də töhfə vermir".
Vidadi ORDAHALLI