Elşən Həsənov: "Ordan da köçüb başqa ölkələrə gedirlər"
2016-cı ilin aprelində cəbhədə baş verən döyüşlər zamanı 2 mindən çox erməni Qarabağdan Ermənistana qaçıb. Erməni KİV-inin verdiyi məlumata görə, bu barədə BMT-nin qaçqınlarla iş üzə ali komissarı Kristof Birvirt məlumat verib.
Onun sözlərinə görə, Qarabağdan Ermənistana köçənlərin əksəriyyəti uşaqlar, qadınlar və qocalardır.
Qeyd edək ki, bu məlumatlar ermənilərin işğal altında olan Qarabağda qorxu içində yaşadıqlarını, bu səbəbdən oradan qaçdıqlarını göstərir.
Ermənilərin Dağlıq Qarabağı belə sürətlə tərk etməsi nəyin əlaməti sayıla bilər?
Ekspert Elşən Həsənov qəzetimizə bildirdi ki, bu hal artıq daha da intensivləşib: "Əvvəl belə hallar az-az müşahidə edilirdisə, aprel hadisələrindən sonra kütləvi xarakter almağa başlayıb. Dağlıq Qarabağda münaqişənin gərginləşməsi nəticəsində minlərlə insan, xüsusilə qadınlar, uşaqlar və qocalar evlərini tərk edib. Kəndlərdən köçkünlərin böyük hissəsi şimal-şərq hissəsindən olanlardır. İdarənin məlumatına görə, insanlar Qarabağın başqa rayonlarına, eləcə də Ermənistana qaçıblar. Qaçqınların bəziləri mətbuata bildirib ki, onsuz da bu 20 il ərzində təmas xəttində atışmalara görə bir neçə dəfə yerlərini dəyişməyə məcbur olublar. Aprel döyüşlərindən sonra ermənilərin orda yaşamağa inamı qalmayıb. Onlar əmin olublar ki, Azərbaycan istənilən an torpaqlarını işğaldan azad edə bilər. Azərbaycan rəsmiləri dəfələrlə bildiriblər ki, Dağlıq Qarabağa ən yüksək muxtariyyət verilə, yəni dinc əhali bizim vətəndaşlarımız sayıla bilər. Ancaq göründüyü kimi, onların dinc yaşamasına həmin əraziləri nəzarət altında saxlayan hərbi rejim imkan vermir. Orda yaşayışın perspektivini görməyən əhali isə həmin ərazidən köç edir. Yanlış informasiya burdadır ki, həmin əhali dilənçi vəziyyətində olan Ermənistana belə pənah aparmır. Oradan da köçüb başqa ölkələrə gedirlər. Ancaq maraqlıdır ki, Ermənistan tərəfi belə məlumatların maksimum gizli qalmasını istəyir. Yəni BMT xəttilə açıqlanan rəqəmlər hələ aysberqin görünən tərəfidi. Elə məlumatlar var ki, onları beynəlxalq qurumalardan gizlədə bilirlər"
Məhəmmədəli QƏRİBLİ