Bu gün Rusiya və Ermənistan arasında münasibətlərin heç də əvvəlki kimi rəvan olmadığı, tərəflər arasında bir çox məsələlərdə fikir ayrılığının hökm sürdüyü birmənalı həqiqətdir. Siyasi, iqtisadi müstəvidə Moskva və İrəvanın fərqli baxışlara malik olması Ermənistanda da açıq etiraf olunur.
Məsələn, erməni təhlilçi Akop Badalyan vurğulayır ki, hələ ötən ilin aprel savaşından sonra İrəvanın Moskvadan narazılığı xeyli artıb. Onun sözlərinə görə, de-yure münasibətlər əvvəlki axınında davam etsə də, faktiki olaraq tərəflər arasında əvvəlki inam və etibar yoxdur. Badalyan bu səbəbdən Rusiya-Ermənistan münasibətlərinin yenidən gözdən keçirilməsinin zəruri olduğunu vurğulayır.
Onun bu mövqeyini politoloq Riçard Kirakosyan da bölüşür. O hesab edir ki, Qarabağda son günlərdə yenidən fəallaşan qarşıdurma fonunda Moskva və İrəvan arasında narazılıq daha da artır. Politoloq qeyd edir ki, iki ölkə arasında gərginlik Qarabağda əslində ötən ilin aprelindən daha qabarıq formada nəzərə çarpırdı: "Həmin gərginlik əlamətlərinə həm də ötən il Rusiyada xidmət edən əsgər tərəfindən erməni ailəsinin qətlə yetirilməsinin ardınca baş verən etirazlar və Rusiya qazı ilə bağlı danışıqlar aid edilə bilər. Qarabağdakı qarşıdurma Azərbaycana silah verən Rusiyadan Ermənistanın narazılığını daha da artırır. Amma Ermənistan Rusiyadan tam asılı olduğunu da unutmur. Buna görə, narazılıq olsa da, İrəvan hələlik Moskvanı qəzəbləndirəcək addımlar atmağa cəsarət etmir". Ermənistanın "lragir" saytı isə baş verənlər fonunda Moskvanın İrəvana daha çox təzyiq etməyə başladığını yazır. Bildirilir ki, Rusiya-Ermənistan münasibətlərinin pərdəarxasında ciddi narazılıqlar var. Sayt Ermənistan prezidenti Serj Sarkisyanın Rusiya-Ermənistan münasibətləri ilə bağlı müşavirə çağırdığına diqqət çəkib: "Bundan əvvəl Çin, İran və digər ölkələrlə münasibətlərə dair müzakirələr aparılmışdı. Rusiya ilə bağlı müşavirədə yaxın vaxtlarda Moskvaya səfir təyin olunmuş Vardan Toqanyan da iştirak edirdi. Sarkisyan müşavirədə bildirdi ki, iki ölkənin əlaqələrində dostluq münasibətləri əsas faktordur: "Adətən iqtisadi əlaqələr dostluq münasibətləri yaradır, bizdə əksinədir, dostluq münasibətləri iqtisadi əlaqələri möhkəmləndirir". Güman ki, bu bəyanatın arxasında Rusiya-Ermənistan münasibətlərinin bütün mahiyyəti gizlənir. Sarkisyan faktiki olaraq işarə edir ki, dostluq münasibətləri olmasaydı, Rusiya və Ermənistan arasında iqtisadi əlaqələr də olmazdı. Belə demək mümkünsə, bu "dostluq" siyasi mahiyyət daşıyır".
Sayt Sarkisyanın bu sözlərlə Vladimir Putinə mesaj verdiyini qeyd edir: "Sarkisyan bununla iki ölkə münasibətlərində təhlükələrin olduğuna işarə edir. Bütün bunlar aysberqin görünən hissəsidir. Suyun altında nə baş verdiyi məlum deyil. Dəqiq bilinmir ki, Putin Ermənistana hansı təzyiqləri edir, hansı müzakirələr aparılır, İrəvan nələri fəda verir. Bu təzyiqlər Qarabağ məsələsilə də bağlı ola bilər. Yaxud mümkündür ki, Ermənistan iqtisadi dəstək istəyir, Moskva bundan israrla qaçır. Yeri gəlmişkən, Qırğızıstan prezidenti Almazbek Atambayev Moskva səfərinin gedişatında Rusiyadan 240 milyon dollar iqtisadi yardım almağa nail oldu. Amma Ermənistana belə yardımlar edilmir". Yaranmış durumda sayt Ermənistanın yenidən üzünü Qərbə çevirməsininin istisnalıq təşkil etmədiyini vurğulayır və bildirir ki, belə vəziyyətdə Moskva İrəvana yeni təzyiq rıçaqlarını işə salacaq.
Ermənistanın Regional Araşdırmalar Mərkəzinin baş analitiki David Şahnazaryan isə, bunlara rəğmən, İrəvanın Moskvadan üz çevirərək Qərbə üz tutmasının tamam gözlənilən olduğunu bildirir. O, hətta İrəvanda keçirilən "NATO Cənubi Qafqazda sabitləşdirici qüvvə kimi: bugünkü çağırışlar və bölgədə inkişaf" adlı tədbirdə belə bir iddia da irəli sürüb ki, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxaraq NATO-ya üzv olacaq. Onun sözlərinə görə, Qərb Ermənistanın indiki vəziyyətini başa düşərək onu tədricən NATO üzvlüyünə hazılaşdırmağa üstünlük verir. Şahnazaryanın bu açıqlamasını İrəvanda dəstəkləyənlər az deyil. Ekspertlər hesab edir ki, bütün bunlar Ermənistanda Rusiyadan üz döndərmə meyllərinin artdığını və İrəvanın Moskvaya da xəyanət edərək Qərblə sövdələşməyə getmək istədiyini göstərməkdədir. Hesab edilir ki, hadisələrin bu səpkidə inkişafı heç də Moskva tərəfindən birmənalı qarşılanmayacaq və Ermənistana Kremlin təzyiqləri artacaq. Bu təzyiqlər Qarabağ məsələsində də özünü qabarıq büruzə verə bilər. Moskvanın İrəvana Qarabağ təzyiqləri öz növbəsində münaqişənin həllinin Azərbaycanın maraqları çərçivəsində həllini də tezləşdirə bilər.
Tahir TAĞIYEV