Məhəmməd Əsədullazadə: "Azərbaycan işğalçı qüvvələrə qarşı təzyiqləri artırmalı və bu təzyiqlər işğalçının kompromis çağırışlarına kimi davam etməlidir"
Məlum olduğu kimi, ATƏT-in Minsk Qrupunun həmsədrləri Riçard Hoqland (ABŞ), Stefan Viskonti (Fransa), İqor Popov (Rusiya) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik (Polşa) regiona səfərlərinin yekunlarına dair bəyanat yayıb.
Bəyanatda onlar Azərbaycan rəhbərliyinə müraciət edərək, vəziyyətin bundan sonrakı eskalasiyasından çəkinməyə çağırıblar. Həmsədrlər eyni müraciəti Ermənistan rəhbərliyi və Dağlıq Qarabağın de-fakto hakimiyyətinə də ünvanlayıblar. Onlar tərəfləri təmas xəttində və Azərbaycan-Ermənistan dövlət sərhədində gərginliyin azaldılmasına istiqamətlənmiş tədbirləri nəzərdən keçirməyə çağırıblar.
Onlar qeyd ediblər ki, bu, münaqişənin həllində tərəqqi gözləyən və buna layiq olan bölgə sakinləri üçün möhkəm sülhə nail olmağın yeganə yoludur. Prezidentlər həll prosesinin ən mübahisəli məsələləri üzrə kompromis tapmaq üçün siyasi dialoqu bərpa etmək niyyətlərini bəyan ediblər.
Həmsədrlərin sülh çağırışına rəsmi Bakı dərhal reaksiya verdi. Xarici işlər naziri Elmar Məmmədyarov mətbuata açıqlamasında bildirdi ki, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin xoş niyyət və siyasi iradə əsasında substantiv danışıqları davam etdirmək çağırışını dəstəkləyirlər: "Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, münaqişənin həlli üzrə substantiv danışıqlara hazırdır. Münaqişənin həlli ilə bağlı ciddi addımların atılmasının artıq çoxdan vaxtıdır. İşğala əsaslanan status-kvo dəyişdirilməlidir. Odur ki, Ermənistan artıq yalan və bəhanələrə son qoymalı, danışıqlarda xoş niyyət və siyasi iradə ilə iştirak etməlidir".
Ancaq Azərbaycandan fərqli olaraq, Ermənistan bu çağırışa hələ də reaksiya verməyib.
Məsələyə münasibət bildirən politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, Ermənistan məqsədyönlü şəkildə danışıqlardan yayınır: "ATƏT-in Minsk Qrupu həmsədrlərinin regiona səfəri çərçivəsində İrəvan və Bakıdakı görüşlərdən sonra verdikləri bəyanatda işğalçı və işğala məruz arasında fərq qoyulmaması regionda təhlükəsizlik vəziyyətini gərginləşdirəcək. Azərbaycan bu bəyanatdan sonra subsatantiv danışıqlara hazır olduğunu qeyd etdi. Ermənistanın isə heç bir açıqlama verməməsi bu ölkənin danışıqlarda maraqlı olmamasından irəli gəlir. Bu vəziyyət müharibə ehtimalını artırmaqla yanaşı, kənar güclərin də regiona müdaxiləsinə yol açır. Ermənistanın təhrikçi siyasəti və təmas xəttində atəşkəsi intensiv pozması yeni müharibənin alovlanmasını sürətləndirir. Ermənistanın siyasi-hərbi rəhbərliyi artıq danışıqlarda maraqlı deyil. Hesab edirəm ki, Azərbaycan işğalçı qüvvələrə qarşı təzyiqləri artırmalı və bu təzyiqlər işğalçının kompromis çağırışlarına kimi davam etməlidir. Azərbaycanın hərbi təlimləri işğalçıya daha bir mesajdır. Ermənistan bu təlimlərdən nəticə çıxarmalı və işğal olunmuş əraziləri sülh danışıqlarının başlanması üçün boşaltmalıdır. Bunun alternativ yolu yoxdur".
Vidadi ORDAHALLI