Əbülqazi Bahadur xan Xarəzm özbək xanlarından olub. O, 1603-cü ildə rus kazaklarının Urgəncə hücum etmələri və bu tarixi hücumun qarşısının atası tərəfindən alınıb dağıdılması hadisəsindən 40 gün sonra anadan olub və qəza səbəbilə ona Əbülqazi adı verilib.
Türk millətinin tarix yazan bir övladı da Əbülqazi Bahadur xandır. O, xanlıqlar dövrü Orta Asiya türklüyünün şüurunda və türk olaraq yaradılmış olmanın iftixarı ilə yaşamış bir türk böyüyüdür. Atası Ərəb (Ərəb adı peyğəmbərimizin çıxdığı qövmə hörmət əlaməti olaraq uşaqlara qoyulurdu. Bu adət Anadoluda hələ də yaşamaqdadır) Məhəmməd xan Xarəzm özbək xanı Yadigar xanın dördüncü nəslindən olan nəvəsidir. Ərəb Məhəmməd xan qazandığı qələbəni oğluna yaşatmaq istəyib və buna görə də ona Əbülqazi adını qoyub. Əbülqazi Bahadur xanın atası və anası özbək xanlarından olan Yadigar xanın nəvələri idi. Anası Mihr Banu xatun Canqazi Sultanın qızı idi.
Əbülqazi Bahadur xan Sultan Babur şah kimi Türküstanda yetişən bir şəxsiyyətdir; xan, şair, alim və təbibdir. O, türk dilinin bir çox şivə və ağzını bildiyi kimi, ərəb və fars dillərini də yaxşı bilirdi. Ailəsi Şeybanilər sülaləsindən olub. Xan oğlu olaraq sarayda təhsil alıb. Atası Ərəb Məhəmməd xan 1602-1623-cü illərdə Xivədə xanlıq edib. Əbülqazi altı yaşında ikən anası vəfat edib. Qardaşları Habəş və İlbars analarının tayfası naymanlarla bir olub atalarına qarşı baş qaldırıblar. Ərəb Məhəmməd xan oğullarını əfv edərək, bunun taxt üçün böyük bir mübarizə olduğu düşüncəsilə onlara Vəzir şəhərini verib. 1616-cı ildə Əbülqazi 13 yaşında ikən taxt qovğalarına qarışıb.
Əbülqazi 16 yaşına qədər Urgəncdə yaşayıb. Atası Ərəb Məhəmməd xan o zamanın taxt şəhəri olan Xivəyə köçdükdə Əbülqazini Kat vilayəti valiliyinə təyin edib. Bu vəzifədən sonra Bahadur xan üçün əziyyətli günlər başlayıb. Onun qardaşları İlbars və Habəş atalarına asi olub onun dincliyini pozmağa başlayıblar. Əbülqazi atasının tərəfini tuturdu. O, türkmənlərin köməyilə atasını öldürən xeyirsiz, daş ürəkli qardaşlarına qarşı hərəkətə keçib və onlara qalib gələrək atasının intiqamını alıb, Xarəzm xanı olub. Fəqət hüzursuzluqlar bitmək bilmirdi. Nəticədə o, digər qardaşı İsfəndiyar Əbülqazini taxtdan endirib. Əbülqazi uzun illər boyu öncə Səfəvilərin yanında, sonra da Təkə və Manqışlaq türkmənləri ilə birlikdə mehribanlıqla yaşayıb.
1621-ci ildə yenə ata ilə oğulların arası pozulub. Ərəb Məhəmməd xan, böyük oğlu İsfəndiyar və Əbülqazi bir tərəfdə, Habəş və İlbars sultanlar digər tərəfdə olduğu halda savaş başlayıb. Ərəb Məhəmməd xan əsir alınıb və gözünə mil çəkilib. Əbülqazi əvvəl Kafa, sonra Buxaraya İmamqulu xanın sarayına qaçıb. İsfəndiyar isə İsfəhanda Şah Abbasa sığınıb və ondan yardım alaraq 1623-cü ildə Xivə taxtını ələ keçirib. Əbülqazi apardığı müharibədə fövqəladə qəhrəmanlıq göstəribsə də, atasının yaxalanaraq gözlərinin kor edilməsinə əngəl ola bilməyib. Əbülqazi böyük qardaşının yanına gedib, İsfəndiyar da ona Urgənci verib. Burada üç il qalan Əbülqazi Xarəzmə təkbaşına hakim olmaq niyyətində olduğuna görə böyük qardaşı ilə müharibə etməyə başlayıb. Fəqət bu istəyinə nail ola bilməyib və 1626-cı ildə Qazaxıstana gedərək üç ay orada qalıb. Daha sonra Daşkənd xanının dəvətilə Daşkəndə gedib və iki il də orada qonaq qalıb. Buradan təkrar Buxara hökmdarı İmam Kuli xanın ölkəsinə gedərək ordu toplamağa başlayıb. Böyük qardaşının səfərdə olmasından istifadə edərək Xivə qalasını ələ keçirib. Fəqət İsfəndiyar xan ordusu ilə gəlincə müqavimət göstərə bilməyib və yaxalanaraq Səfəvilərin əlində olan yurda göndərilib. Amma dörd il sonra qardaşların arası pozulduqda Əbülqazi Yəsi tərəfinə İşim xanın yanına qaçıb. Sonra Daşkəndə və Buxaraya gedib. 1630-cu ildə İsfəndiyar Xivəni ona verib. Ancaq bir neçə ay sonra Əbülqazini üsyanla günahlandıraraq yaxaladıb İrana, Şah I Səfinin yanına sürgünə göndərib. Əbülqazi 10 il İranda sürgündə qalıb. Oradan İsfahana keçən Əbülqazi İranda ikən şah tərəfindən hüsnü-qəbul gördüyünü, özünə dirilik olaraq maaş bağlandırdığını və on il orada qaldığını öz tarixində göstərir.
Tarixə böyük marağı olan Əbülqazi getdiyi yerlərin tarixini tədqiq etdiyi kimi İsfahanda ikən də türkün tarixinə aid yazılan fars mənbələrini tədqiq etmək imkanını əldə etmişdi. Tale Əbülqaziyə belə hərəkətli və fırtınalı bir alın yazısı yazmışdı. O, daha sonra kalmıklarla birlikdə yaşamağa başlayıb. Burada monqol dilini öyrənib. Gənc yaşlarında öyrəndiyi ərəb və fars dillərinə monqol dilini də əlavə edərək incələmələr və tədqiqat işləri aparıb, eşitdiyi hər şeyi qeyd edib, rast gəldiyi hər kitabla bilgisini artırıb.
Əbülqazi İsfahandan ayrılaraq əvvəl Ersari türkmənlərin, sonra Balkanlardakı Teke türkmənlərinin yanına gedib. 1642-ci ildə böyük qardaşı İsfəndiyar xanın ölümü ilə boşalan xanlığa 1643-cü ildə çıxıb Xivə şəhərini mərkəz elan edib.
21 il boyunca xanlıq edən Əbülqazi ən çox türkmənlərlə mücadilə edib. Bundan əlavə, qonşuları Buxara özbək xanlarının yurdlarına da bir neçə dəfə yürüş edərək oraları da qarət edib.
1644-cü ildə Əbulqazi bütün düşmənlərini məğlub edərək Xarəzm taxtını ələ keçirib. Əbülqazinin 1646-1664-cü illər arasındakı xanlıq dövrü qonşu dövlətlərlə savaşaraq keçib. 1664-cü ildə ağır bir xəstəliyə yaxalanaraq 60 yaşında vəfat edib.
Əbülqazinin 16 yaşında dövlət idarəsi işlərinə başlayana qədər Urgəncdə keçirdiyi gəncliyində və İrandakı həyatında ciddi surətdə elmlə məşğul olduğu, gözəl ərəbcə və farsca bildiyi bu dillərdən etdiyi tərcümələrdən aydın olur. O, özündən sonra iki mühüm əsər qoyub. Bunlardan biri 1659-cu ildə yazdığı "Şəcəreyi-tərakimə," digəri 1664-cü ildə vəfat etməsi ilə yarımçıq qalan və vəsiyyəti ilə oğlu Enqşə tərəfindən bitirilən "Şəcəreyi-türk"dür. İlk əsərini Rəşidəddinin tarixindən aldığı "Oğuznamə"ni, türkmənlər arasında ələ keçirdiyi digər 20-yə qədər "Oğuznamə" rəvayətləri ilə qarşılaşdıraraq dəyərləndirib. Əsər rus şərqşünası Tumanski tərəfindən 1892-ci ildə Aşqabadda rus dilində və 1937-ci ildə Türk Dil Qurumu tərəfindən çağatayca nəşr edilib. "Şəcəreyi-türk" isə XV əsrin ikinci yarısından başlayıb Xarəzmdə hökuməti idarə edən Yadigaroğlu Şıban özbək xanlarının tarixini və soyunu təsbit məqsədilə qələmə alınıb və bu sülalənin 1663-cü ilə qədərki tarixi üçün əsas mənbə olub. Bu əsər türk və monqol tarixinə aid bilinən ilk mənbə olduğuna görə tək özbək xanlarının tarixi üçün deyil, eyni zamanda monqol və türk tarixi üçün də başlıca mənbə olaraq qəbul edili,. Əsəri ilk dəfə Qərbə tanıdan Poltava müharibəsindən sonra ruslar tərəfindən Sibirə sürgün edilən isveçli zabit Tabertdir. Əsər monqol xanədanı və qəbilələrin tarixini müəyyən edən ən mükəmməl mənbələrdən biri olaraq tanınır. Kont Estralenburq tərəfindən almancaya tərcümə olunu,, fransızca tərcüməsi isə 1726-cı ildə Leidentdə nəşr edilib.
Əbülqazi Bahadur xan qorxmazlığı və geniş mədəniyyəti ilə böyük bir dövlət adamı idi. Bütün türk xalqları onu hər şeydən əvvəl bir xüsusiyyətinə görə yada salır ki, bu da onun tarixşünaslığıdır. Əbülqazinin türk dünyasına bəxş etdiyi iki əsər hələ də maraqla incələnməkdədir.
Əbülqazi Bahadur xanın digər bir xüsusiyyəti də onun böyük bir sevgi ilə türk dilini sevməsi və rusların türk dünyası üçün nə qədər böyük bir təhlükə olduğunu təsbit edərək o günlərdən tədbir almağa çalışmasıdır.
"Bilin ki, bizdən öncə türkcə tarix yazanlar özlərinin hünər və ustalıqlarını xalqa məlum etmək üçün ərəbcə lüğətləri qatmışlar farscaya, türkcəni seçmişlər.
Biz bunların heç birini etmədik, çünki bu kitabı oxuyan və dinləyən, əlbəttə, türk olacaq. Təbii ki, türklərin hər birinin anlaması üçün onlara türkanə söyləmək lazımdır.
Bizim söylədiyimiz sözləri bilməsələr nə faydası? Əgər onların içərisindən biri və ya ikisi ağıllı olarsa və sözlərimizi anlayarsa, bilməyən çoxluğa söyləyib anladarlar. Belə olduqda elə yazmaq və söyləmək lazımdır ki, hamısı anlasın və könülləri kafi olsun.
İndi Adəmdən ta bu zamana kimi min yetmiş birdir, türkmənlərin və son Türkmən adını daşıyıb türkmənə qatılan illərin bildiyimiz qədərini bir-bir söyləyək. Bilmədiyimizə nə çarə?.." - deyib Əbülqazi Bahadur xan "Şəcareyi-tərakimə" adlı əsərində.
Beləliklə, Əbülqazi atamız eynən Babur şah kimi çox hərəkətli bir həyat, fırtınalı günlər yaşamasına baxmayaraq, qələmini heç əlindən buraxmayıb. Onun bu yazma və araşdırma sevgisi nəticəsində türk mədəniyyəti iki əhəmiyyətli əsərə sahib olub.
Əbülqazi Bahadur xanın "Şəcərəyi-tərakimə" və Şəcərəyi-türk" əsərlərində bir sıra türk xalqlarının tarixi haqqında qiymətli məlumatlar, həmçinin xalq əfsanələri, rəvayətlər, atalar sözü və s. verilib. Bu əsərlərin birincisi türkmənlərin mənşəyi ilə bağlıdır. Bunda türkmənlərin tarixi ən qədim dövrlərdən Oğuz xan və onun soylarının dövrünə qədər gətirilir. İkinci əsərini Türk boylarının tarixinə, əsasən Orta Asiyanın, daha köklü bir ifadə ilə Xivə xanlığının son dövrlərinə, özünün hökmdarlıq vəzifəsinə başladığı çağlara (1643) həsr edir. Əbülqazinin bu əsəri XVIII yüzildə Avropa dillərinin dördünə tərcümə edilib. Bu əsər istifadə olunan dil baxımından çox böyük önəm daşıyır.
Türk dilini xalqın anlayacağı sadəlikdə istifadə edən Bahadur xan bu əsərində Dədə Qorqud hekayələrinin qəhrəmanlarına da yer verir.
Əbülqazi Bahadur xan xanlıq dövründə Xarəzmdə elm və mədəniyyətin irəliləməsi üçün çox xidmətlər edib. Özü də şeirlər, tarix kitabları, tibb kitabları yazıb. Bu gün onun üç əsəri bütün dünyaya məlumdur. Bu əsərlər yüz illərdir araşdırılıb, bir çox dillərə tərcümə edilib. Tibblə bağlı "Mənafiül-insan" adlı əsəri 105 bölümdən ibarətdir; xəstəliklərin müalicə yolları, əlacları hazırlama, faydalanma yöndəmləri göstərilir.
Bir əlində qələm, bir əlində qılınc tutan bu böyük atamızı qürurla xatırlayırıq.
Ruhu şad olsun!
Fazil QARAOĞLU professor