Yeganə Hacıyeva: "Çünki ermənilərin əməllərini heç cür pərdələmək olmur"
Azərbaycan Prezidenti İlham Əliyev ATƏT-in Minsk Qrupunun həmsədrləri Stefan Viskonti, İqor Popov, Riçard Hoqlan və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anji Kaspşiki qəbul edərkən son günlər ərzində ermənilərin törətdiyi təxribatlardan danışıb:
"Sizin Ermənistana və Azərbaycanın işğal olunmuş ərazilərinə səfərinizdən sonra və Azərbaycana gəlişiniz ərəfəsində Ermənistan təmas xəttində Azərbaycana qarşı növbəti hərbi təxribat törədib və bunun nəticəsində bir Azərbaycan əsgəri həlak olub. Azərbaycan Ordusu, həmişə olduğu kimi, adekvat cavab verib və bunun nəticəsi sizə məlumdur. Bu mənim üçün təəccüblü deyil, çünki Ermənistan tərəfi həmişə hansısa mühüm tədbir və ya sizin səfəriniz ərəfəsində bu cür təxribatlar törədir və biz bunun bir neçə dəfə - 2014-cü, 2016-cı illərdə və indi də şahidi olmuşuq. Onlar, sözsüz, bilirlər ki, mülki əhali və hərbi qulluqçularımıza qarşı istənilən hərbi təxribata biz adekvat cavab verəcəyik.
Ermənilər Azərbaycan tərəfini buna ona görə təhrik edirlər ki, sonra bizi atəşkəsi pozmaqda ittiham etsinlər. Hadisələrin xronologiyasına baxmağınız kifayətdir ki, nə vaxt Azərbaycan əsgərinin Ermənistan ordusu tərəfindən öldürüldüyünü və nə zaman buna Azərbaycan tərəfindən adekvat cavab verildiyini görəsiniz. Beləliklə, təmas xəttində son atəşkəs pozuntusuna görə məsuliyyət Ermənistan rəhbərliyinin üzərinə düşür və baş verə biləcək hər hansı hadisəyə görə bütün məsuliyyəti işğalçı Ermənistan ordusu daşıyır".
Dövlət başçısı qeyd edib ki, Azərbaycan tərəfi atəşkəs rejiminə sadiqdir. Son vaxtlarda təmas xəttində nisbi sakitlik hökm sürdüyünü deyən Prezident İlham Əliyev bildirib ki, bu, danışıqlar prosesini sürətləndirmək üçün mühüm amildir. "Lakin baş verənlər aydın şəkildə göstərdi ki, Ermənistan, nəyin bahasına olursa-olsun, Minsk Qrupu həmsədrlərinin fəaliyyətini pozmağa çalışır". Prezident vurğulayıb ki, Ermənistan diqqəti yalnız təhlükəsizlik məsələlərinə yönəltmək istəyir və bütün bu baş verənləri Azərbaycanı atəşkəsi pozmaqda günahlandırmaq üçün bir bəhanə kimi istifadə edir: "Bu tamamilə haqsız və ədalətsiz bir mövqedir".
Göründüyü kimi, İlham Əliyev ATƏT-in Minsk Qrupunun həmsədrlərilə keçirdiyi görüşdə ermənilərin hansı hiyləgərlikdən istifadə etdiyini tam açmış olub. Ölkə başçısı bildirib ki, mühüm tədbirlər və görüşlər ərəfəsində atəşkəsi pozmaqla diqqəti yalnız təhlükəsizlik mövzularına fokuslamaq istəyirlər. Prezidentin bu açıqlaması həmsədrlərin gələcək fəaliyyətinə hansı formada təsir edəcək?
Politoloq Yeganə Hacıyeva qəzetimizə bildirdi ki, ölkə başçısı həmsədrlərə vəziyyəti tamamilə doğru izah edib: "Onlar bunu daha yaxşı anlamalıdır və şübhə etmirəm ki, bilirlər də. Çünki Ermənistan bütün danışıqlarda atəşkəsə nəzarət mexanizmlərinin gücləndirilməsini, hətta bununla bağlı müşahidəçilərin mandatının genişləndirilməsini tələb edir. Azərbaycan isə diqqəti daha vacib məqam olan status-kvonun dəyişməsinin zəruriliyinə yönəldir. Ermənistan buna nail ola bilmədiyindən və ən əsası isə, status-kvonu dəyişməyə meylli olmadığından, belə təxribatlara əl atır. Aydındır ki, bütün bu təxribatlar mühüm hadisələr zamanı törədilir ki, diqqət təhlükəsizliyin təmin olunmasına yönəlsin. Həmsədrlərin iyunun 10-da Ermənistana, iyunun 11-də isə separatçı rejimə səfər etdilər. Ardınca isə Azərbaycana səfərə gəldilər. Ermənistan XİN-in rəhbəri E.Nalbandyan belə bir bəyanat verdi ki, həmsədrlər ünvanlı bəyanat səsləndirsin. Bu o deməkdir ki, onlar Azərbaycanı ittiham etsin. Digər bir reallıq isə ondan ibarətdir ki, ermənilər təmas xəttində atəşkəsi intensiv şəkildə pozur. Ordumuz isə ermənilərin layiqli cavabını verir. Həmsədrlərin regiona gəlişi ona hesablanıb ki, XİN rəhbərləri və prezidentlər səviyyəsində görüşlər baş tutsun. Ermənilər atəşkəsi pozmaqla bunu əngəlləməyə çalışır. Lakin ermənilər də görür ki, xaincəsinə hədəf aldıqları bir Azərbaycan əsgəri müqabilində 6-7 erməni əsgəri məhv edilir.
Onlar göstərməyə çalışır ki, guya sülh, danışıq tərəfdarıdırlar, lakin Azərbaycan tərəfi bunu pozur. Amma məlum məsələdir ki, proseslər tam əksinə baş verir. Həmsədrlər Ermənistan prezidenti Serj Sarkisyan və səhra komandirlərindən ibarət komanda ilə görüşüb. Eyni zamanda Xankəndidə qondarma rejimin "rəhbəri" ilə bir araya gəliblər. Məhz bu görüşlər yekunlaşıb qurtardıqdan, materiallar toplandıqdan sonra həmsədrlər Azərbaycana gəlib. Maraqlıdır ki, bu müddətdə atəşkəs rejimi daha intensiv pozulur. Aydındır ki, atəşkəsin pozulmasında maraqlı tərəf Ermənistandır. Məqsəd odur ki, danışıqlara getməsinlər, status-kvo saxlansın. Prezident ermənilərin bu hiyləsini açıq şəkildə həmsədrlərin nəzər diqqətinə çatdırıb. Mənə elə gəlir ki, həmsədrlər bundan sonra konkret addımların atılmasının zəruri olduğunu dərk edir. Çünki ermənilərin əməllərini heç cür pərdələmək olmur".
Məhəmmədəli QƏRİBLİ