Cəbhədə son toqquşmalar fonunda çoxsaylı erməni hərbçisinin həlak olması Ermənistanda yeni rezonans yaradıb. Düşmən ölkə, belə demək mümkünsə, çaxnaşma içindədir. Xatırladaq ki, 16-17 iyunda Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Dağlıq Qarabağ ərazisindəki təmas xəttində törətdiyi təxribatların qarşısı alınarkən 6 erməni hərbi qulluqçusu öldürülmüşdü. Xeyli sayda yaralıların olması da daxil olan məlumatlar sırasında yer alırdı.
Son məlumatlar isə yaralı hərbçilərdən daha ikisinin də dünyasını dəyişdiyini göstərir. Bununla son həftə ərzində düşmən cəbhədə daha 8 hərbçisini itirmiş oldu. Qarşıdurma zamanı ağır yaralıların olması fonunda itkilərin sayının daha da artması istisna olunmur. Məsələn, məlumdur ki, iyunun 17-də Qarabağda başından güllə yarası almış 1997-ci il təvəllüdlü erməni əsgəri Yuri Zakaryan Xankəndidən İrəvanın Mərkəzi Kliniki hərbi hospitalına köçürülüb. Hospitalın reanimasiya şöbəsinin rəhbəri Qayane Ovannisyan erməni əsgərin vəziyyətinin son dərəcə ciddi olduğunu, süni tənəffüs aparatına qoşulduğunu bildirib. Ovannisyan həmçinin bundan əvvəl daha iki erməni əsgərin iyunun 17-də sözügedən hospitalın reanimasiya şöbəsinə yerləşdirildiyini təsdiqləyib: "1997-ci il təvəllüdlü Armen Vardanyan minanın partlaması nəticəsində başından qəlpə yarası alıb. Digər gözündən ağır yara alan əsgər isə "Malayan" adına mərkəzə köçürüldü".
Qeyri-rəsmi mənbələr isə İrəvana Qarabağdan daha çox sayda ağır vəziyyətdə olan hərbçilərin göndərildiyini bildirir. "News.am" saytı yazır ki, yaralıların vəziyyəti olduqca ağırdır. Buna görə də onlar İrəvana daşınır. Bildirilir ki, hazırda erməni cəmiyyəti təşviş içindədir və baş verənlərə görə Sarkisyan rejimini günahlandırır. Bütün bunlar Ermənistanda böyük təşviş yaradıb və baş verənlərə görə Sarkisyan iqtidarına ünvanlanan ittihamlar artır. Hazırda Ermənistanda vətəndaş cəmiyyətinin üzvü kimi fəaliyyət göstərən Mariam Avakyan bu fonda bəyan edir ki, daha bir neçə erməni hərbçisinin ölümünə görə məsuliyyət birbaşa İrəvan hakimiyyətinin üzərinə düşür. O, Ermənistan hakimiyyətini heç nə etməməkdə, Azərbaycanın ərazilərini mənasız yerə əldə saxlamaqda ittiham edib: "Əsgərlərin ölümünü erməni siyasətçilərinin vicdanına buraxıram və qeyd edirəm ki, əraziləri əlimizdə saxladıqca bu davam edəcək. Çünki ərazilər bizdə olsa da, Ermənistan rəhbərliyi heç nəyə təşəbbüs etmir, Azərbaycan isə əraziləri qaytarmaqda israrlıdır".
İndilikdə erməniləri qorxuya salan daha bir məqam ordumuzun bir-birinin ardınca keçirdiyi hərbi təlimlərdir. Xatırladaq ki, Azərbaycan Silahlı Qüvvələri 23 minlik canlı qüvvə və yüzlərlə hərbi texnikanın iştirakı ilə döyüş şəraitinə maksimal yaxınlaşdırılmış irimiqyaslı hərbi manevrlərə başlayıb. Bu, son iki ay ərzində Azərbaycan Ordusunun keçirdiyi dördcü belə irimiqyaslı təlimdir. May ayında Azərbaycan Ordusu genişmiqyaslı hərbi təlimlər keçirəndən sonra Türkiyə-Azərbaycan təlimləri baş tutdu. Bununla yanaşı Türkiyə-Azərbaycan-Gürcüstan birgə təlimləri keçirildi. İndi yeni genişmiqyaslı təlimlər keçirilir. Düşmən ölkədə hesab edilir ki, bu təlimlər Azərbaycanın, lazım gələrsə, güc yolu ilə əraziləri geri qaytarmaqda israrlı olmasının faktiki nümayişidir. Elə Ermənistanın birinci Qarabağ müharibəsində iştirak etmiş ilk kəşfiyyat-diversiya batalyonunun komandiri Vova Vartanov da bu təlimlərin təkcə qorxu yaratmaq məqsədi daşımadığını, eyni zamanda potensial müharibə ssenarisinin məşqi olduğunu vurğulayır: "Təlimlər həmişə hərbi əməliyyatlardan əvvəl keçirilən baş məşqdir. Onlar müxtəlif ssenariləri nəzərdən keçirirlər. Üstəlik, Azərbaycan tərəfi son vaxtlar bu prosesə Gürcüstanı da fəal cəlb etməyə başlayıb ki, həvəssiz də olsa, o buna razılaşır". Vartanov bir maraqlı tendensiyanı da qeyd edib ki, bu il ərzində Azərbaycan Ordusu silahlı qüvvələrin bölmələrinin təlim rayonlarına atılması üçün özünün istehsalı olan uçuş vasitələrindən və təyyarəçilərindən istifadə edir. Onun sözlərinə görə, Naxçıvandakı təlimlər xüsusilə diqqəti cəlb edib. Belə ki, iyunun 12-dən 16-na qədər Naxçıvan Əlahiddə Ümumqoşun Ordusu Türkiyə ordusunun bölmələri ilə taktiki təlimlər keçirib: "Naxçıvandakı təlimlər göstərir ki, biz təkcə Qarabağda yox, eyni zamanda Sünik və Vaytsdozor vilayətlərində (Azərbaycanın qədim Dərələyəz və Gorus mahalı) də hər şeyə hazır olmalıyıq. Hadisələrin bu cür inkişaf ssenarisinə təkcə ordunu yox, ictimaiyyəti də hazırlamaq lazımdır". Digər erməni hərbçi Senor Asratyan da hesab edir ki, regionda müharibə başlaya bilər. Onun fikrincə, yeni müharibə Ermənistana sərf etmir:"Azərbaycan təlimlərdə "TOS-1" sistemlərini yoxladı, bu, Qarabağ müharibəsində də bu silahların tətbiq edilə biləcəyinə işarədir". Erməni ekspert Ovanes İgityan bildirib ki, Azərbaycan Dağlıq Qarabağdakı mövcud status-kvonu saxlamaq niyyətində deyil: "Bakının bu mövqeyi qətidir. Münaqişə sülh yolu ilə həll olunmursa, hərbi yola əl atacaq. Azərbaycan bunu gizlətmir və beynəlxalq hüquqa əsaslanaraq hərəkət edir. Yəni yeni müharibənin başlaması ehtimalı böyükdür". İgityan hesab edir ki, Ermənistanın yeganə çıxış yolu beynəlxalq təşkilatlardan kömək istəməkdir.
"Aykakan Jamanak" qəzeti isə yazır ki, əslində erməni cəmiyyətində böyük əksəriyyət məsələnin dinc yolla həllində gedərək daha maraqlı tərəf kimi çıxış edir: "Səbəb də odur ki, indiki status-kvo şəraitində biz cəbhədə, həm də qeyri-döyüş şəraitində daha çox itkilərə məruz qalırıq. Bunlara görə məsuliyyət daşıyan şəxslər isə baş verənləri Qarabağ münaqişəsi ilə pərdələməyə çalışır. Amma artıq cəmiyyətin əksər üzvləri bununla razılaşmaq niyyətində deyil və onlar dinc yolla konfliktin həllinin tezləşməsini tələb edir. Əks halda yeni itkilər qaçılmaz sayılır".
Bütün bunlar hazırda Ermənistanda hansı əhval-ruhiyyənin hökm sürməsinin real təzahürü də sayıla bilər. Belə görünür ki, Sarkisyan iqtidarının mövcud Qarabağ siyasətindən narazı qalan ermənilərin sayı durmadan artır. Siyasi təhlilçilər hesab edir ki, baş verənlər istər-istəməz Qarabağ münaqişəsinin taleyinə təsir göstərəcək. Çünki Sarkisyan iqtidarı cəmiyyətdə Qarabağ məsələsinə yeni yanaşmanı uzun müddət əngələmək iqtidarında deyil. Bununla bağlı "1in.am" saytı yazır ki, cəmiyyətin tələbinə görə, ən azından erməni əsgərlərin məhv olmasının qarşısını almaq üçün artıq Dağlıq Qarabağ münaqişəsinə son qoymaq lazımdır: "Lakin bunu necə etməliyik?! Ermənistanda ərazilərin qaytarılmasını tələb edənlər var. Hətta Erməni Milli Konqresi bunu açıq şəkildə bəyan edib. Hakimiyyət buna qarşı çıxır, lakin ərazilərin qaytarılmasını nəzərdə tutan "Madrid prinsipləri"ndən də de-yure olaraq imtina etmir. Bütün modellər sülh əvəzinə ərazilərin qaytarılmasını özündə əks etdirir. Hələlik bəlli olan odur ki, nə qədər ki münaqişə davam edir, cəbhədə gərginlik də sona çatmayacaq: "Erməni əsgərlərin itkisi də dayanmayacaq və ən yaxın bir neçə ildə ümumilikdə erməni dövlət quruluşu üçün ciddi təhlükəyə çevriləcək. Çünki Ermənistan rəhbərliyi iki onillik boyunca manipulyasiya ilə məşğul olaraq erməniləri aldadıb. İndi cəmiyyət qarşıya tələb qoymalıdır, hakimiyyəti nəsə etməyə məcbur etməlidir. Əgər heç nə edilmirsə, o zaman dəyişikliyin vaxtı çatıb". Saytda bu xüsusda yayımlanan yazıda sadə ermənilərə küçəyə çıxıb hakimiyyətə qarşı etirazlara qalxmaq çağırışı edilir.
Baş verənlərə "armenianreport" saytının da yanaşması maraqlıdır. Burada diqqət ilk olaraq ona yönəldilir ki, erməni ordusu son döyüşlərdə də ciddi itki verib: "İndi hakimiyyət bunu qəhrəmanlıq, kişilik adlandırır. Halbuki, bu ikiüzlülükdür. Biz öz övladlarımızı itirdik, onların valideynləri oğullarının ölərək "qəhrəman" olmasını istəmir, yaşamasını istəyirlər. Axı hakimiyyətin "kişilik" adlandırdığı hərəkəti niyə iqtidar nümayəndələrinin övladları etmir? Nə üçün Ermənistan hökmdarlarının uşaqları səngərlərdə yoxdur?!. Erməni hakimiyyəti vətənpərvərlikdən sağmal inək kimi istifadə edərək varlanır. Ermənistanın "cəsur" Xarici İşlər Nazirliyi Bakını ittiham edir. Halbuki, artıq Bakıda bu cür sözlərə əhəmiyyət belə vermirlər. Çünki Ermənistan heç nə edə bilmir, sadəcə bacarmır. Hakimiyyət əhalini aldadır, bundan sonra da aldadacaq. Necə ki, "aprel müharibəsi"nə qədər aldadırdılar ki, "biz istənilən ölçüdə cavab vermək iqtidarındayıq", halbuki, heç nə edə bilmədik, indi də eyni yalanları dövriyyəyə buraxıblar. Yenə də yalan danışmaqda davam edirlər və itkilərin gerçək sayını gizlədirlər".
Beləliklə, baş verənlər Ermənistanın işğalçı rejiminin təkcə cəbhədə yox, həm də ölkə daxilində ciddi problemlərlə, təzyiqlərlə üzləşdiyini açıq şəkildə meydana qoyur. Ekspertlər hesab edir ki, İrəvan Qarabağ məsələsində konstruktiv mövqe nümayiş etdirməyənə qədər bu təzyiqlər daha da artacaq. İndinin özündə Ermənistan güclü zərbələr alır, itki verir. Aydındır ki, yaxın müddətdə sülh prosesinə başlanılmasa, ötən ilin aprelindəki mini müharibə bu dəfə geniş miqyasda təkrarlanacaq.. Ermənistanın bu müharibədən sağ çıxmaq şansı isə sıfıra bərabərdir. Elə bu səbəbdən sadə ermənilərin Sarkisyan komandasından Qarabağ tələbləri daha sərt xarakter almağa başlayıb. Ermənilərin cəbhədə itkiləri artdıqca bu tələblərin sərtləşməsi də gözləniləndir. Beləliklə, ermənilərin bu gedişlə itkiləri daha da artacaq və bu hal "ucuz ölümlərlə" barışmayan sıravi insanları ölkə rəhbərliyinin üzərinə qaldırmaq iqtidarındadır.
Nahid SALAYEV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur