Üzeyir Cəfərov: "Hesab edirəm ki, görülən bu tədbirlərin bir gün real nəticəsini görəcəyik"
İyunun 19-dan başlayaraq Azərbaycan Ordusu yeni hərbi-taktiki təlimlərə başlayıb. Bu artıq son iki ayda ordumuzun həyata keçirdiyi üçüncü əməliyyat təlimidir. Bu təlimlər Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiqlədiyi plana əsasən davam edir.
Təlimlərdə məqsəd ordumuzun döyüş şəraitinə uyğunlaşdırılmış vəziyyətdə qoşunların döyüşə hazırolma bacarığı, qüvvə və vəsaitlərin idarə olunmasının təşkili, onların qarşılıqlı fəaliyyətinin yoxlanılmasıdır. İyunun 24-dək davam edəcək bu təlimlərdə 23 min şəxsi heyət, 120-dək tank və zirehli texnika, 180-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, 30-dək müxtəlif təyinatlı döyüş aviasiyası, pilotsuz uçuş aparatları iştirak edir.
Qeyd edək ki, Azərbaycan Ordusunun Türkiyə və Gürcüstan ordusu ilə birgə hərbi təlimləri uğurla başa çatıb. Təlimlərə rəğmən, demək olar ki, Cənubi Qafqazdakı mövqe üstünlüyümüz xeyli güclənib. Xüsusən erməni siyasi analitikləri bildirib ki, Ermənistan həmin hərbi təlimlərdən ciddi şəkildə təşvişə düşüb.
Təbii ki, bu iki dost qonşu ölkə ilə hərbi təlimin uğurlu keçməsinə səbəb birinci halda ordumuzun peşəkarlığı və ən müasir silahlarla təminatıdır. Təlimlərdə qarşıya qoyulan məqsəd və vəzifələr uğurla icra olunub. Eyni zamanda Naxçıvan Muxtar Respublikasında Əlahiddə ordunun hərbi təlimləri də uğurla başa çatıb. Əslində, hərbi təlimlər müharibədəki real döyüşlərin ilkin variantıdır.
Bütün hallarda, keçirilən son hərbi təlimləri ekspertlər necə dəyərləndirir?
Sözügedən məsələ ilə bağlı fikirlərini "Bakı-Xəbər"lə bölüşən hərbi ekspert Üzeyir Cəfərovun sözlərinə görə, hərbi təlimlərin bir sıra əhəmiyyəti var: "İyunun 24-də başa çatacaq hərbi təlimlər bu il nəzərdə tutulan bir neçə hərbi təlimin tərkib hissəsidir. Son təlimlərə 23 min şəxsi heyət, yüzlərlə hərbi texnika və digər avadanlıqlar cəlb olunub. Təlimlərdə Azərbaycan Silahlı Qüvvələrinin ilk dəfə istifadə etdiyi hərbi avadanlıqlar da var. Onların arasında kəşfiyyat-elektron avadanlıqlarını qeyd etmək olar. Digər tərəfdən, əvvəlki təlimlərdə iştirak edən hərbçilər bu dəfə bilik və bacarıqlarını daha da təkmilləşdirmək üçün prosesdə iştirak edir. Təlimlərin vacib əhəmiyyəti ondan ibarətdir ki, düşmən bütün bunlardan çox narahatdır. Azərbaycan Silahlı Qüvvələrinin hazırlığı onları ona görə narahat edir ki, bu təlimlər davamlı şəkildə keçirilir. Ötən həftə Naxçıvanda Azərbaycan-Türkiyə birgə hərbi təlimləri keçirildi. Ondan əvvəl Gürcüstanda üç ölkənin birgə hərbi təlimləri keçirildi. Bu il bir neçə bənzər hərbi təlimin keçirilməsi gözlənir. Bütün bunların hamısı çox böyük əhəmiyyət daşıyır və ordunun döyüş qabiliyyətini yüksəltmək üçün həyata keçirilən tədbirlərdir. Hesab edirəm ki, görülən bu tədbirlərin bir gün real nəticəsini görəcəyik. Təlimlərin keçirilməsində əsas məqsəd ordumuzu torpaqlarımızı işğaldan azad etməyə və Azərbaycanın ərazi bütövlüyünü tam bərpa etməyə hazırlamaqdır". Vidadi ORDAHALLI