Məhəmməd Əsədullazadə: "Ermənistan hazırda bütün diplomatik gedişləri bilərəkdən alt-üst edirsə, bu, müharibənin qaçılmaz olacağı anlamına gəlir"
Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün danışıqların davam etdirilməsində maraqlıdır.
Bunu ATƏT-in Minsk Qrupunun rusiyalı həmsədri İqor Popov bildirib. "ATƏT-in Minsk Qrupu münaqişə tərəfləri arasında siyasi dialoqun davam etdirilməsinə ümid edir. Biz bu məsələni həm Bakı, həm də İrəvanda müzakirə etdik. Bu müzakirələrin nəticələrinə əsasən deyə bilərəm ki, hər iki ölkənin prezidenti sülh danışıqlarının davam etdirilməsinin tərəfdarıdır", - deyə Popov qeyd edib.
Rusiyalı həmsədr Qarabağ münaqişəsi zonasında gərginliyin artması ilə bağlı ATƏT-in Minsk Qrupunun dərin narahatlığını ifadə edib. Popov qeyd edib ki, bu məsələ Azərbaycan Prezidenti və müdafiə naziri ilə də görüş zamanı müzakirə olunub.
Hər iki ölkə prezidentinin sülh danışıqlarını davam etdirməkdə maraqlı olduğunu deyən Popovun bu mövqeyi suallar doğurur. Çünki aydın məsələdir ki, Ermənistan prezidenti Sarkisyan sülh danışıqlarını davam etdirməkdə maraqlı deyil. Bunu Popov da gözəl bilir. Sarkisyan, sadəcə, nəticəsiz danışıqların davamını və ara-sıra cəbhədə vəziyyətin gərginləşdirilməsini istəyir. Ermənistan vəziyyəti qəsdən gərginləşdirir ki, bölgədə sülh danışıqları üçün münasib şəraitin olmadığını dünyaya təqdim etsin. Bu, Ermənistanın strateji maraqlarına cavab verən bir addımdır. Çünki İrəvan çox gözəl anlayır ki, barışıq-razılaşma erməni qoşunlarının Azərbaycan ərazilərindən çıxarılmasından keçir. Bu isə işğalçı S.Sarkisyan komandasına qətiyyən maraqlı deyil.
Məsələyə münasibət bildirən politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, Popov yaxşı bilir ki, danışıqlardan yayınan və imitasiya edən S.Sarkisyandır: "Minsk Qrupu həmsədrlərinin regiona növbəti səfəri də nəticəsiz başa çatdı. İrəvanda və Bakıda keçirdikləri görüşlər münaqişənin tənzimlənməsi istiqamətində irəliləyişə müsbət dinamika vermədi. Əlbəttə, bu, Ermənistanın işğalçı mövqeyi və həmsədrlərin onlarla bağlı siyasətində işğal faktoruna loyal münasibətdən irəli gəlir. Münaqişənin həllində əsas moderator olan Rusiyanın həmsədri İ.Popovun sülh danışıqlarında prezidentlərin rolunu qeyd etməsinə gəldikdə isə, o yaxşı bilir ki, danışıqlardan yayınan və imitasiya edən Serj Sarkisyandır. Popov işğalçı və işğala məruz qalana eyni mövqe ortaya qoymaqla bir daha Rusiyanın münaqişənin həllində maraqlı olmamasını göstərir. Həmsədrlərin borcu ondan ibarətdir ki, Ermənistanı məsuliyyətə dəvət etsinlər. Bu olmasa, o zaman ötən ilin aprelində baş verənlərdən də böyük toqquşmalar mümkündür. Diplomatiyanın vəzifəsi ondan ibarətdir ki, güc vasitələrinin işə düşməsinə imkan verməsin. Ermənistan isə hazırda bütün diplomatik gedişləri bilərəkdən alt-üst edirsə, bu, müharibənin qaçılmaz olacağı anlamına gəlir. Təəssüflər olsun ki, İ.Popov spekulyativ xarakterli açıqlamalar verir".
Vidadi ORDAHALLI