Daşdəmir Əliyev: "Bizdə, Ermənistandan fərqli olaraq, xalqla ordu arasında uçurum, ziddiyyət yoxdur"
Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, iyunun 26-da, saat 11.00-da Silahlı Qüvvələr Günü bayramı münasibətilə bütün hərbi hissələrdə əsgər valideynləri üçün "Açıq qapı" tədbiri təşkil olunacaq. Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, həmin gün ziyarətçilər, ictimaiyyət, kütləvi informasiya vasitələrinin nümayəndələri hərbi hissələrdə yaradılan şəraitlə yaxından tanış olmaq, xidməti, inzibati binalara, eləcə də əsgər yataqxanaları və yeməkxanalarına baş çəkmək imkanı əldə edəcək.
Müxtəlif hərbi hissələrdə Silahlı Qüvvələrin bütün rəhbər heyətinin iştirakı ilə keçiriləcək "Açıq qapı günü"ndə valideynlərlə görüşlər təşkil olunacaq, onları maraqlandıran məsələlərin müzakirəsi aparılacaq, konsert proqramları və digər mədəni-kütləvi tədbirlər keçiriləcək.
Burada diqqətçəkən vacib bir məqam Azərbaycan Ordusu ilə Ermənistan ordusu arasındakı xalqla təmasın müqayisəli təhlili nəticəsində meydana çıxa bilər. Göründüyü kimi, Azərbaycan Ordusunda xalqla təmasda heç bir problem yoxdur, məhz bu səbəbdən də MN rəhbərliyi qapılarını valideynlərin üzünə açmaqdan çəkinmir. Bəs Ermənistanda vəziyyət necədir? Aparılan müşahidələr göstərir ki, Ermənistanda ordu ilə xalq arasında ciddi uçurum mövcuddur. Belə bir vəziyyətdən çıxış yolu kimi "ordu-xalq" doktrinası ortaya atılıb. Həmin doktrinada xalqın orduya inamının necə yaradılması ilə bağlı yollar axtarılır.
"Açıq qapı günü"nün ordumuz və xalqımız üçün nə kimi əhəmiyyəti var?
Ekspert Daşdəmir Əliyevin sözlərinə görə, "Açıq qapı günü"nün məhz bu əlamətdar tarixdə keçirilməsi xüsusi əhəmiyyət kəsb edir: "Çünki Silahlı Qüvvələr Günü əsgərlər və onların valideynləri bir daha ölkəmizin ordusunun əhəmiyyətini anlayacaq və onun tarixi barədə məlumatlı olacaq. "Açıq qapı günü"ndə ziyarətçilər hərbi hissələrdə şəxsi heyətin yaşayış və məişəti üçün yaradılan şəraitlə yaxından tanış olmaq, xidməti və inzibati binalara, eləcə də əsgər yataqxanaları və yeməkxanalarına baş çəkmək imkanı əldə edəcək. Həmin gün hərbi hissələrin komandanlığı ilə valideynlərin görüşləri təşkil olunur, onları narahat edən sualların və məsələlərin müzakirəsi aparılır, konsert proqramları və digər mədəni-kütləvi tədbirlər keçirilir. Bütün bunlar sübut edir ki, Azərbaycan Ordusu xalqla birdir. Çünki ordunu da bizim xalqın övladları təşkil edir. Sübut olunur ki, bizim ordunun xalqdan gizlədiləsi nəyisə yoxdur. Ona görə də belə təmaslardan çəkinmir. Çünki bizdə, Ermənistandan fərqli olaraq, xalqla ordu arasında uçurum, ziddiyyət yoxdur. Əminəm ki, belə "Açıq qapı günü" tədbirləri gələcəkdə də təşkil ediləcək".
Məhəmmədəli QƏRİBLİ