Aqşin Əliyev: "Erməni ekspertlər dəfələrlə Azərbaycan Ordusunun Naxçıvan tərəfdən ikinci bir cəbhə açmaq imkanını vurğulamaqla..."
Tofiq Abbasov: "Təlimlərin Naxçıvan mərhələsi nataraz Sarkisyan rejiminə bildirişdir ki, həddini aşmasın"
Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin iyunun 12-də Naxçıvanda başlayan birgə taktiki təlimləri başa çatıb. Qeyd edək ki, Əlahiddə Ümumqoşun Ordusunun, müxtəlif güc strukturlarının və Türkiyə Respublikası Silahlı Qüvvələrinin bölmələri təlimin ssenarisinə əsasən "həyəcan" siqnalı ilə qaldırılaraq təlim rayonuna çıxarılıb.
Birləşmə və hissələr döyüşə hazırolma planlarına uyğun olaraq fəaliyyət göstərib, bölmələrin tam döyüşə hazırolma vəziyyətinə gətirilməsi üçün müvafiq tədbirlər görülüb. Təlimlərə 5000 nəfərədək şəxsi heyət, 250-dən artıq müxtəlif təyinatlı texnika cəlb olunub.
Bu təlimlər Ermənistanda ciddi narahatlıq doğurub.
"Daşnaksütyun" partiyası bunun Bakı və Ankaranın Ermənistana mesajı olduğunu hesab edir. Partiyanın qərargah rəhbəri Kiro Manoyan İrəvanın Naxçıvanla bağlı iddiaları yenidən gündəmə gətirməsinin vaxtının çatdığını açıqlayıb. "İrəvan beynəlxalq müstəvidə Naxçıvanın Ermənistana birləşdirilməsi məsələsini qaldırmalıdır", - deyə o bildirib.
Ermənistanın Naxçıvanda keçirilən təlimlərdən belə qorxuya düşməsi nə ilə bağlıdır?
Konfliktoloq Aqşin Əliyev qəzetimizə bildirdi ki, Naxçıvanda keçən taktiki təlimlərin əsas əhəmiyyəti ilk növbədə ordunun yeni döyüş texnikasını necə mənimsəməsini yoxlamaq, döyüş şəraitinə yaxın və uyğun olaraq hərbi əməliyyatların keçirilməsini mükəmməlləşdirməkdir: "Bundan başqa, NATO-nun üzvü olan Türkiyə kimi bir dövlətin hərbçilərilə birgə olmaq, eyni zamanda təlimdə öyrənmək də mühüm əhəmiyyət kəsb edən məsələdir. Məlumdur ki, birgə hərbi təlimlər Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında imzalanan hərbi əməkdaşlıq haqqında sazişə əsasən keçirilir və buraya 5000 nəfərədək şəxsi heyət, 250-dən artıq müxtəlif təyinatlı texnika cəlb olunub. Naxçıvan bu gün blokada şəraitində yerləşən bir bölgədir və məhz ona görə də burada belə təlimlərin keçirilməsi mühüm amildir. Bunu təcavüzkar və işğalçı qonşumuz olan ermənilər də izləyir və bu həqiqətən də onlara ciddi bir mesajdır. Azərbaycan heç bir hərbi blokda təmsil olunmasa da, daim ordu quruculuğunda ikitərəfli əlaqələri inkişaf etdirir və buna çox böyük əhəmiyyət verir. Ermənilərin əsas qorxduğu məsələ Naxçıvanın iqtisadi cəhətdən də güclənməsi və ordu kontingentinin döyüş bacarığının mükəmməl səviyyəyə çatdırılmasıdır. Havadar dövlətlər hesabına döyüş taktikası seçən ermənilər müstəqil Azərbaycan dövlətinin yaratdığı döyüşkən ordudan təbii ki, qorxur. Erməni ekspertlər dəfələrlə Azərbaycan Ordusunun Naxçıvan tərəfdən ikinci bir cəbhə açmaq imkanını vurğulamaqla özlərini sığortalamağa çalışır. Məhz elə bu da onları qorxudan əsas narahatlıqdır".
Politoloq Tofiq Abbasov isə hesab edir ki, Azərbaycan Ordusu onsuz da işğalçı ölkənin hərbi imkanlarını bir neçə dəfə üstələyir: "Türkiyə Ordusu ilə təlimlərin birgə keçirilməsi iki qardaş məmləkətin ortaq problemlərinin olmasından, irəlidən gələn risq və çağırışlara birlikdə cavab vermə istəyindən irəli gəlir. Bölgədə olan ən böyük təhlükə artmaqda olan erməni iddialarıdır. Onlar təhlükədən başqa bir şey deyil. Məhz buna görə tək Azərbaycan, Türkiyə deyil, həm də Gürcüstan da İrəvanın azğın davranışından narahatlıq ifadə edərək birgə təlimlərə qoşulur. Təlimlərin Naxçıvan mərhələsi əlbəttə ki, nataraz Sarkisyan rejiminə bildirişdir ki, həddini aşmasın. Qarabağda erməni hərbçiləri vəziyyəti olduğundan da gərgin vəziyyətə salmaq fikrinə düşsələr, onlara daha bir təsirli zərbə endiriləcək. Eləcə də İrəvan Naxçıvan istiqamətində yersiz hərəkətlərə yol versə, yenə də cavabını alacaq. Odur ki, Azərbaycanın Türkiyə ilə təhlükəsizlik müstəvisində birgə təşəbbüsləri, eləcə də Gürcüstanın bu prosesə könüllü şəkildə qoşulması göstərir ki, bölgədə lider rolunu oynayan qüvvələr ən vacib olan problem çərçivəsində - sabitliyin qorunmasında vahid cəbhə ilə çıxış edir".
Məhəmmədəli QƏRİBLİ