Millət vəkili: “Azərbaycan Aİ-nin üzvü olmadığından Avropa Parlamentinin qətnaməsinin hüquqi yükü yoxdur”
Azərbaycanda siyasi partiyalara dövlət tərəfindən hər hansı bir təzyiq göstərilmir. Bunu Trend-ə Milli Məclisin deputatı, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev deyib.
F.Quliyev bildirib: “Mən müxalifət partiyasının lideriyəm və sədri olduğum Milli Dirçəliş Hərəkatı Partiyası Azərbaycanda ən aktiv fəaliyyət göstərən təşkilatlardan biridir. Partiya kimi fəaliyyətimiz dönəmində biz hakimiyyət tərəfindən hər hansı bir siyasi təzyiqə məruz qalmamışıq və dövlətin güc strukturları tərəfindən bizə qarşı sifarişli davranışlar müşahidə etməmişik”.
F.Quliyev vurğulayıb ki, aktiv bir müxalifət partiyasına qarşı göstərilən siyasi dözümlülük onun göstəricisidir ki, hakimiyyət siyasi fəaliyyətinə görə insanlara güc strukturları vasitəsiylə təziq etmək niyyətində deyil: “Əgər belə bir davranış olsaydı, ilk olaraq bu münasibət bizim kimi təşkilatlara qarşı hiss olunmalı idi. Bu baxımdan bəzi hallarda beynəlxalq təşkilatların ölkəmizdəki bir qrup şəxsin subyektiv maraqlarına dayanaraq mövqe sərgiləməsi ədalətli deyil və çox təəssüf ki, biz tez-tez bu cür halların şahidi oluruq.
O cümlədən barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilmiş Əfqan Muxtarlının azad edilməsi və ona qarşı irəli sürülmüş ittihamların ləğvi ilə bağlı Avropa Parlamentinin Azərbaycana etdiyi çağırışı ədalətli qərar hesab etmək olmaz. Bu, Azərbaycanın hüquq müstəvisinə müdaxilədir və qərəzli xarakter daşıyır. Əfqan Muxtarlı ilə bağlı iş Azərbaycanın hüquq mühafizə orqanları tərəfindən araşdırılır və ortada sübutlar vardır ki, bunlarla bağlı da məhkəmə öz sözünü deyəcək".
F.Quliyev hesab edir ki, fərdin siyasi, mediya və ya hər hansı ictimai fəaliyyəti onu qanun qarşısında imtiyazlı etməməlidir: "Avropa Parlamentinin məsələyə yanaşması sanki bu prinsipin pozulmasının tələbi kimi bir şeydir. Bu isə öz növbəsində heç bir beynəlxalq hüquq normalarına sığmır”.
"Heç bir əsası olmayan sənədin qəbul edilməsi məlumatsızlıq və qərəzdən irəli gəlir. Bu gün bizə də məlumdur ki, Azərbaycan-Avropa İttifaqı münasibətlərini korlamaq istəyən qüvvələr var". Bunu isə Azərbaycanın Avronest PA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov bildirib.
Millət vəkili AP-nin bu qərarını ölkəmizə qarşı növbəti qərəzli addım kimi qiymətləndirib. Komitə sədri Avropa Parlamenti ilə Azərbaycan arasındakı münasibətlərin bundan əvvəl də hamar olmadığını xatırladaraq bildirib ki, sözügedən qətnamənin belə təcili qəbul edilməsi ikitərəfli əməkdaşlığa kölgə salan məsələdir: "İndiki dövrdə qətnamələrlə, bəyanatlarla hər hansı məsələ həll olunmur. Onların səbəb göstərdikləri məsələ ilə bağlı qətnamə qəbul etmələri doğru hal deyil. Çünki hələ istintaq davam edir. İstintaqın nəticəsi olmadığına görə konkret söz demək mümkün deyil. Təbii ki, istintaq yekunlaşdıqdan sonra fikir irəli sürmək olar. Sadəcə belə hallar işin gedişinə təsir kimi qiymətləndirilə bilər. Ona görə də indi tələsik qətnamə qəbul edilməsi heç cür başa düşülən deyil”.
F.Muradov bir daha vurğulayıb ki, dialoq hansısa problemin həlli üçün ən yaxşı variantdır: “İstənilən məsələ dialoq çərçivəsində əməkdaşlıq yolu ilə aradan qaldırılmalıdır. Dialoq ən optimal variantdır və buna üstünlük verilməlidir. İndi elə bir zamana gəlib çatmışıq ki, beynəlxalq hüquq da heç bir təşkilata əsas vermir ki, hansısa dövlətlə bəyanat və ya qətnamə dili ilə danışsın”.
Komitə sədri bildirib ki, bütün bunlara baxmayaraq, ilk dəfədir ki Avropa Parlamenti deputatlarının yarıdan çoxu Azərbaycanla əməkdaşlığa üstünlük veriblər: “İnanmaq istəyirəm ki, Avropa Parlamentinin deputatları Azərbaycanla Avropa İttifaqı arasındakı böyük layihələri diqqətə və nəzərə alacaq və ölkəmizə qarşı belə qərəzli əməllərindən əl çəkəcəklər. Onlar istənilən halda seçicilərinin maraqlarına uyğun hərəkət və əməl nümayiş etdirməlidirlər”.
Millət vəkili əlavə edib ki, Azərbaycan Avropa İttifaqının üzvü olmadığından Avropa Parlamentinin tələsik qəbul etdiyi həmin qətnamənin hüquqi yükü də yoxdur: “Heç bir əsası olmayan sənədin qəbul edilməsi məlumatsızlıq və qərəzdən irəli gəlir. Bu gün bizə də məlumdur ki, Azərbaycan-Avropa İttifaqı münasibətlərini korlamaq istəyən qüvvələr var. Biz bu məsələni diqqətdə saxlamalıyıq, ona görə ki, bəzi qüvvələr Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığın inkişafında maraqlı deyillər və münasibətlərin pozulmasının tərəfdarıdırlar. Azərbaycan hüquqi dövlətdir və beynəlxalq təşkilatlarla əməkdaşlığa çalışır. Ölkəmiz bunu yalnız sözdə deyil, apardığı dövlət siyasətində də göstərir. Azərbaycan üzərinə düşən vəzifəni yerinə yetirir və dünyanın bütün beynəlxalq təşkilatları ilə əməkdaşlıqda maraqlıdır. Amma qarşı tərəf bu əməkdaşlıqda maraqlı deyilsə, o zaman ikitərəfli münasibətlərin pozulmasında günahkar Azərbaycan deyil. Bir daha qeyd etmək istəyirəm ki, Azərbaycanla Avropa İttifaqının böyük layihələri var. Həmin qüvvələr bunu mütləq nəzərə almalıdırlar. Başqa alternativ yolu yoxdur”.