Günel Fərhadqızı: "ABŞ firmaları Ermənistanın indiki iqtisadi mühitini risqli saydığı üçün..."
Ermənistanın enerji infrastrukturu və təbii sərvətlər naziri Aşot Manukyanın İrəvanda akkreditə olunan ABŞ-ın səfiri Riçard Millzə investisiya layihələrini təqdim etdiyi barədə məlumat yayılıb. Ermənistan KİV-inin verdiyi məlumata görə, həmin layihələrin dəyəri 100 milyon dollarla ölçülür.
Qeyd edilir ki, Ermənistandakı ABŞ səfiri həmin mövzunu ABŞ-dakı kompaniyalarla müzakirə edib, onların maliyyələşməsinə köməklik göstərəcək. Qeyd edilir ki, Millz Ermənistan iqtisadiyyatının liberallaşmasından sonra bunun mümkün olacağını vurğulayıb. ABŞ-ın Ermənistana iri həcmdə investisiya ayıracağı nə dərəcədə realdır?
İqtisadçı Günel Fərhadqızı qəzetimizə bildirdi ki, Ermənistan mətbuatı bir müddət əvvəl də analoji məzmunda məlumat yaymışdı: "Həmin vaxt da səfir Millzin adı ilə manipulyasiya olunurdu. Hətta Ermənistana ABŞ-ın ayıra biləcəyi məbləğin həcmi 8 milyard dollar qeyd edilirdi. Bildirilirdi ki, guya ABŞ-ın Ermənistandakı səfiri Millz ölkəsinin tanınmış kompaniyalarının rəhbərlərinin də qatıldığı mətbuat konfransında maraqlı açıqlama ilə çıxış edərək bildirib ki, Vaşinqton həmin ölkənin elektroenergetika sahəsinə investisiya qoymaqda maraqlıdır. Sonra isə belə bir açıqlama yayılıb. ABŞ-ın deyilən məbləğdə investisiyanı Ermənistana yatıracağı inandırıcı görünmür. Ermənistan təbii ki, bunu istəyir. Çünki dilənçi vəziyyətində yaşayan ölkəyə pulun qoyulması onlar üçün həyati əhəmiyyət kəsb edir. Artıq ikinci dəfədir belə bir detala toxunulur ki, ABŞ bu pulu İrəvana Rusiya və İrandan uzaq durandan sonra verə bilər. Hətta ölkə daxilində sərbəst rəqabət mühitini formalaşdıra bilmədiyinə görə prezident Sarkisyan da sərt tənqid edilir. Ermənistanın enerji tələbatının böyük bir hissəsi AES hesabına ödənilir. Çox güman ki, ABŞ həmin AES-in ləğvində maraqlıdır və ayrılacaq investisiyanın müqabilində onun bağlanması da tələb edilə bilər. Hesab edirəm ki, bu anons daha çox siyasi mahiyyət daşıyır və Ermənistanın daxili rəyində fəallaşma rolunu oynamağa hesablanıb. ABŞ bu cür manevrlərilə Ermənistanı Rusiya və İrandan uzaqlaşdırmaq istəyir. Çünki həmin ölkəyə, faktiki olaraq, İran və Rusiya nəfəslik verir. Belə ölkəyə ABŞ-ın iri həcmdə investisiya yatıracağı inandırıcı görünmür. İqtisadi cəhətdən isə bunu mümkünsüz hesab edirəm. Çünki ABŞ firmaları Ermənistanın indiki iqtisadi mühitini risqli saydığı üçün, belə addıma getməz. Həm də həmin layihə elə bir rentabelliyə malik deyil ki, ABŞ firmaları bunun üçün ölüm-dirim savaşına girsin".
Məhəmmədəli QƏRİBLİ