Səyyar Əliyev: "Həmin ildə ermənilərin özü bizə qarşı etnik təmizləmə və deportasiya siyasətini həyata keçirib"
Kazaryan soyadlı erməni tarixçisi bildirib ki, 68 il bundan əvvəl ermənilər deportasiyaya məruz qalıb. Müəllifin Ermənistan mətbuatında dərc edilən məqaləsində deyilir ki, 1949-cu ildə minlərlə erməni ailəsi Ermənistan, Azərbaycan, Gürcüstan SSR-dən, Rusiya Federasiyasının müxtəlif regionlarından və Orta Asiya respublikalarından Altay diyarına sürgün edilib.
Sonra müəllif bu faktları araşdıran, "faciə" barədə məqalə və kitablar yazan tarixçilərə, jurnalistlərə xüsusi minnətdarlığını bildirib. 1949-cu ildə tarixçinin iddia etdiyi ermənilərin deportasiyası olubmu?
Tarix üzrə fəlsəfə doktoru Səyyar Əliyev qəzetimizə açıqlamasında bildirdi ki, hər zaman olduğu kimi, ermənilər bu dəfə də tarixi faktları təhrif edir: "Əksinə, 1949-cu il hadisələri azərbaycanlıların ziyanına, ermənilərin isə xeyrinə işləyib. 1943-cü il Tehran Konfransı zamanı Sovet-İran münasibətləri müzakirə edilərkən erməni diasporu SSRİ xarici işlər naziri V.Molotovdan İranda yaşayan ermənilərin SSRİ-yə köçürülməsini xahiş edib. Molotov Tehranda məsələni İ.Stalinə çatdırır və ermənilərin köçürülməsinə razılıq verilir. Ermənistan KP MK-nın katibi Q.Arutyunov bundan istifadə edərək xaricdəki ermənilərin Ermənistana köçü bəhanəsi ilə azərbaycanlıların Ermənistandan zorla çıxarılması barədə qərar verilməsinə nail olur.
1947-ci il dekabr ayının 23-də SSRİ Nazirlər Soveti "Ermənistan SSR-dən kolxozçuların və başqa azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında" qərar çıxarır.
Stalin tərəfindən 1948-1953-cü illərdə həyata keçirilən azərbaycanlıların növbəti deportasiyası zamanı ermənilərin xüsusilə diqqət mərkəzində saxladıqları məsələ iqtisadi, sosial və mənəvi cəhətdən güclü, strateji əhəmiyyətli azərbaycanlı yaşayış məntəqələrinin boşaldılması idi. Bu səbəbdən ilk mərhələdə İrəvan şəhəri yaxınlığındakı yaşayış məntəqələri azərbaycanlılardan təmizlənib, sonra isə rayon mərkəzləri, ətraf kənd və qəsəbələrin əhalisi köçürülüb.
Deportasiyaya məruz qalan əhalinin bir hissəsi Ermənistanın dağ rayonlarında yaşadığı üçün Kür-Araz ovalığındakı iqlim şəraitinə çətin alışıb. Bu səbəbdən də Kür-Araz ovalığına köçürülmüş 10 minlərlə azərbaycanlı arasında kütləvi ölüm halları qeydə alınıb.
Digər tərəfdən, Ermənistandan köçürülən bir nəfər də azərbaycanlı Dağlıq Qarabağ ərazisinə buraxılmayıb. Əksinə, "Böyük Ermənistan" ideyasının həyata keçirilməsi istiqamətində bu ərazinin azərbaycanlılardan boşaldılması işi planlı surətdə davam etdirilib və daxili köçürmə adı ilə 1949-cu ildə Dağlıq Qarabağdan 132 ailə (549 nəfər) Azərbaycanın Xanlar rayonuna köçürülüb.
Eyni zamanda, Azərbaycan yaşayış məntəqələrinin adlarının dəyişdirilməsi, təhsil və mədəniyyət ocaqlarının bağlanması, rayonların birləşdirilməsi əməliyyatı həyata keçirilib. 1947-1953-cü illərdə azərbaycanlılar yaşayan 60 məntəqənin adı dəyişdirilib. Deportasiya zamanı ermənilərin həyata keçirdikləri hiyləgərlik isə ondan ibarət idi ki, rayon və şəhərlərin əhalisi az sayda azərbaycanlı qalmaq şərti ilə köçürülüb. Azlıqda qalan əhali isə növbəti mərhələdə Ermənistan ərazisinin tamamilə azərbaycanlılardan "təmizlənməsi" əməliyyatı zamanı ölkədən çıxarılıb. Göründüyü kimi, tarixi faktlar ermənilərin yenidən yalan danışdığını ortaya qoyur. Həmin ildə ermənilərin özü bizə qarşı etnik təmizləmə və deportasiya siyasətini həyata keçirib".
Məhəmmədəli QƏRİBLİ