Aydın Mirzəzadə: "Ancaq, nədənsə, qurum bu səlahiyyətini kənara qoyaraq vaxtaşırı müəyyən xarici..."
Məlum olduğu kimi, Avropa Parlamenti Əfqan Muxtarlı ilə bağlı qətnamə qəbul edib. Daha öncə "Turan" informasiya agentliyi xəbər vermişdi ki, Avroparlament Ə.Muxtarlı ilə bağlı qətnamənin qəbulundan imtina edib və səbəb kimi guya Bakının göstərdiyi təzyiq qeyd olunurdu. Sonradan həmin məlumat agentliyin saytından yığışdırılıb.
Məlum olub ki, Avropa Parlamentində bu məsələ ilə bağlı bir neçə qətnamə ilə çıxış edilib. Lakin sonradan qətnamənin son variantı üzrə razılıq əldə edilib və səsverməyə çıxarılıb. Qətnamə səs çoxluğu ilə qəbul edilib. Qətnamədə Ə.Muxtarlının azad olunması tələb olunur.
Bu arada Avropa Parlamentinin bu qərəzli yanaşmasına rəsmi Bakı münasibət bildirib. Belə ki, Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Avropa Parlamentinin Ə.Muxtarlı ilə bağlı qəbul etdiyi qərəzli qətnaməyə münasibət bildirib. XİN rəsmisi bununla bağlı açıqlamasında qətnamənin qərəzli olduğunu bildirib: "2017-ci il iyunun 15-də Avropa Parlamenti tərəfindən Ə.Muxtarlı ilə bağlı qətnamə qəbul edilib. Cəmi 20 dəqiqəyə yaxın davam edən müzakirələr nəticəsində qəbul edilmiş bu qərəzli və uydurma xarakterli sənəd heç bir hüquqi qüvvəyə malik deyil və hər hansı hüquqi və digər nəticə doğurmur. Eyni zamanda, qətnamənin qəbul edilməsinin təxirə salınması ilə bağlı keçirilmiş səsvermədə səslər arasındakı fərqin az olması Avropa Parlamentində Azərbaycanla əlaqələrə əhəmiyyət verən kifayət qədər deputatın olduğunu göstərir. Belə ki, sözügedən sənədin təxirə salınması təklifinə 272 deputat dəstək verib və 27 nəfər bitərəf qalıb".
Qanunsuz fəaliyyətlə məşğul olan bir şəxs barəsində AP kimi bir qurumun qətnamə qəbul etməsi ədalətsiz yanaşmanın növbəti göstəricisidir.
Məsələyə münasibət bildirən millət vəkili Aydın Mirzəzadənin sözlərinə görə, AP növbəti dəfə özünün təbliğ etdiyi prinsipləri kənara qoyaraq, qeyri-obyektiv bir qərar qəbul etdi: "Birincisi, saxlanan şəxsin qeyd-şərtsiz azadlığa buraxılması tələbinin özü düzgün deyil. Çünki dövlətlər suverendir və onların hüquq sistemi var. Araşdırma aparılmadan kiminsə həbsdən buraxılmasını tələb etməyin özü parlament adına düz gəlmir. Məsələnin digər tərəfinə gəldikdə isə, Avropa Parlamentinin vəzifəsi başqa ölkələrin daxili işinə qarışmaq deyil. Qurumun vəzifəsi Avropa məkanı ilə bağlı qərarlar qəbul etməkdir. Ancaq, nədənsə, AP bu səlahiyyətini kənara qoyaraq vaxtaşırı müəyyən xarici dairələrin forpostu olmaq istəməyən, müstəqil siyasət yeridən ölkələrin daxili işinə qarışır. Onların üzərində bir prokurorluq vəzifəsi yerinə yetirməyə çalışır. Ona görə də məsələnin mahiyyəti düzgün deyil. Azərbaycan hüquq-mühafizə orqanları məsələ ilə bağlı dəfələrlə məlumat verib. Yəni AP-də kimsə bununla bağlı məlumatlı deyildisə, sadəcə olaraq Azərbaycan tərəfinə sorğu göndərməli idi. Yaxud da əlaqə quraraq məsələni aydınlaşdıra bilərdi. Hesab etmirəm ki, Aİ-yə daxil olan ölkələrin hansındasa bu cür əməllər törədən insanlar məsuliyyətə cəlb edilməyəcək".
Vidadi ORDAHALLI