Kaliforniyada bir neçə məscid müsəlmanlara qarşı soyqırım törədiləcəyinə dair təhdidli məktublar alıb. "The Independent" yazır ki, bununla əlaqədar olaraq ABŞ-da vətəndaş haqları qrupları Amerika məscidlərinin daha sərt mühafizəsinə çağırıb.
Baki-xeber.com xəbər verir ki, Amerika-İslami Münasibətlər Şurasının (Council on American-Islamic Relations -CAIR) məlumatına görə, məktublar Long Beachdəki İslam Mərkəzinə, Klaremont İslam Mərkəzinə, şuranın Los Ancelesdəki filialına və San Josedəki Evergreen İslami Mərkəzinə göndərilib.
Əllə yazılmış məktublar "Şeytanın övladlarına" müraciəti ilə başlayır və prezident seçilmiş Donald Trampa dəstək ifadə edir. Məktublarda müsəlmanlar "rəzil və iyrənc insanlar" adlandırılır: "Sizinlə haqq-hesab günü gəlib çatdı. İndi şəhərin yeni şerifi var - Donald Tramp. O, Amerikanı təmizləyəcək və onu yenidən parladacaq. Və o bu işə siz müsəlmanlardan başlayacaq". "Doğru yolun amerikalıları" sözləri ilə imzalanmış məktublarda müsəlmanlara "Tramp sizin başınıza Hitlerin yəhudilərin başına gətirdiyini gətirəcək" xəbərdarlığı yer alır.
CAIR bildirir ki, Trampın seçki qələbəsi elan ediləndən bəri ABŞ-da nifrət zəminli cinayətlərin sayı kəskin artıb.
Şuranın icraçı direktoru Hüsam Ayluş deyib ki, başqalarının nümunə götürəcəyindən ehtiyat edərək bu söhbətləri açıb-ağartmaq istəməyiblər, lakin sonradan eyni məzmunlu məktubların bir çox müsəlman ocaqlarına göndərilməsi onları bəyanat verməyə məcbur edib. Ayluş "Los Angeles Times" qəzetinə müsahibəsində Trampı öz tərəfdarları arasında antimüsəlman hissləri qızışdırmaqda ittiham edib. "Mən demirəm ki, irqçiləri Tramp yaradıb. Lakin o bunu normal bir şeyə çevirib" - deyib Ayluş. O, Trampı özünü bütün amerikalıların prezidenti kimi aparmağa çağırıb.
Vətəndaş təşkilatlarının məlumatına görə, ABŞ-da 9 noyabrdan bəri azı 701 nifrət zəminli cinayət qeydə alınıb. Bu hadisələrdən biri zamanı isə hətta bir qadına "Tüpürüm sənə, iyrənc qancıq. Səndən Afrika iyi gəlir"- sözləri deyilib.
FTB-nin məlumatına görə, 2015-ci ildə antimüsəlman motivli 257 cinayət qeydə alınıb, halbuki, hətta 11 sentyabr hadisələrindən sonra, 2001-ci ildə bu rəqəm 297 idi. San Jose Polis İdarəsindən sözügedən məktublarla əlaqədar cinayət axtarışına başlandığı bildirilib.