Rusiyanı sarsıdan rüşvət skandalı ilə bağlı ortaya yeni maraqlı faktlar çıxır. Ilk öncə onu qeyd edək ki, dünən Rusiyanın iqtisadi inkişaf naziri Aleksey Ulyukayev həbs edilib və ona böyük məbləğdə rüşvət almaqla bağlı ittiham elan olunub. Bu barədə Rusiya İstintaq Komitəsinin mətbuat xidməti bildirilib.
Qeyd edilir ki, Ulyukayev "Başneft” neft şirkətində dövlətə aid 50 faiz səhm paketinin ən böyük dövlət neft şirkəti olan “Rosneft”ə satışı mövzusunda hökumət adından müsbət fikir bildirmək üçün “Rosneft” şirkətindən təhdidlə 2 milyon dollar alıb. Prokurorluq rüşvəti “Rosneft”i təmsil edənlərin FSB-nin gizli nəzarəti altında verdiyi və nazirin cinayət başında tutulduğunu deyir. Əməliyyatdan ilk andan etibarən prezident Putinin də xəbərdar edildiyi açıqlanıb: "2016-ci il noyabrın 15-də Rusiya Federal Təhlükəsizlik Xidmətinin kompleks əməliyyat tədbirləri, xüsusilə vacib işlərin istintaqı üzrə Rusiya Federasiyası İstintaq komitəsinin Baş istintaq idarəsi tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində iqtisadi inkişaf naziri Aleksey Ulyukayev barəsində cinayət işi başlanıb".
Rüşvət kimi verilən pul Ulyukayev FSB tərəfindən izlənən vaxt verilib və o dərhal saxlanıb. İstintaq Komitəsinin sözçüsü Svetlana Petrenko deyir ki, son bir ildir Ulyukayev FSB tərəfindən nəzarətdə olub və onun telefonları dinlənib.
O da bildirilir ki, nazir saxlandıqdan sonra kimlərəsə təcili olaraq zəng etmək istəyib, amma buna imkan verilməyib.
Kremlin sözçüsü Peskov ittihamların çox ciddi olduğunu deyib. Putin ilə Medvedyev də Kremldə görüşərək Ulyukayevin saxlanmasını müzakirə edib. Rusiya Mərkəzi Bankı sədrinin müavini Sergey Şvetsoy isə, "Ulyukayev hörmət etdiyim bir adamdır, belə bir şeylə ittiham edilməsinə inanmıram. Deyilənlər məncə absurddur" – deyə bildirib.
Gazeta.ru-ya danışan hökumətdəki bir mənbə isə Ulyukayev maliyyə naziri Siluanovla aralarında olan anlaşılmazlıq üzündən hələ oktyabr ayında istefa ərizəsini təqdim edib, ancaq sonradan Dumada büdcənin təsdiqlənməsini gözləmə qərarı verib.
İndi Rusiya mətbuatında "Putinə ən yaxın adamlardan biri olan “Rosneft”in başçısı İqor Seçin və ətrafındakıların Ulyukayevə rüşvət verdiyi ortaya çıxa bilərmi?" sualı da ciddi müzakirə olunmağa başlanıb. Çünki “Rosneft”in öncədən “Başneft”in hissələrini satın almaq üçün çox aqressiv davrandığı, tenderə “Lukoil” da daxil, başqa şirkətlərin girməsinə mane olduğu, bu mövzuda Kremldən dəstək aldığı iddiaları mətbuatda da yazılıb.
Yəni Rusiya iqtisadiyyat nazirinin rüşvət başında tutulmasından sonra hadisə ilə əlaqədar həbslərin olacağı ehtimalı da çox yüksəkdir. Ancaq prokurorluq "Rosneft” şirkəti ilə əlaqədar heç bir problem yoxdur, “Başneft”in satın alınması da istintaq mövzusu deyil, burada bir problem görünmür" deyə bildirir. Bu vəziyyətdə, nazir saxlanarkən rüşvət verdiyi deyilən “Rosneft” şirkətindən heç kimin hələ istintaqa cəlb edilməməsi qaranlıq qalır.
Ancaq bəzi hökumət rəsmiləri deyir ki, "Rosneft” özəlləşdirmədə onları dəstəkləsin deyə nazirə rüşvət verməyib, əksinə nazir “əgər verməsəniz işinizi pozaram” deyə təhdid edib. “Rosneft” rəsmiləri isə prokurorluq və təhlükəsizlik orqanlarına bununla bağlı məlumat verib və nazir nömrələnmiş pulu alarkən cinayət başında yaxalanıb.
Digər tərəfdən Ulyukayevin qrupundan bəzi məmurların da istintaq müddətində saxlana biləcəyinə dair xəbərlər verilir.
Qeyd edək ki, oktyabr ayında İqor Seçinin başçısı olduğu dövlət neft şirkəti “Rosneft” “Başneft”dəki dövlət səhmlərini 5,3 milyard dollara satın almışdı. Həmin vaxt qərarı şərh edərkən Putin şübhələrini bu sözlərlə dilə gətirmişdi: "Dövlət nəzarətində olan bir şirkətin, tamamilə dövlətə aid bir başqa şirkətin səhmlərini satın alması hər halda ən yaxşı variant deyil".
Hökumət tərəfindən “Başneft”dəki dövlət səhmlərinin “Rosneft” tərəfindən satın alması təsdiqlənərkən Ulyukayev, "Başqa alıcı yox idi" demişdi. Halbuki mediada “Lukoil”, “Tataneft” və başqa alıcıların olduğu, ancaq “Rosneft”in hakimiyyətdəki dəstəkçilərinə görə geri çəkildiklərinə dair xəbərlər yayılırdı.
Xatırladaq ki, 1956-ci il təvəllüdlü Ulyukayev 2013-ci ildə iqtisadi inkişaf naziri təyin edilib. Hökumətin liberal meylli nazirlərindən olan Ulyukayev, SSRİ dağıldıqdan sonra prokurorluq tərəfindən rüşvət ittihamı ilə saxlanan ilk ən yüksək dövlət rəsmisi oldu. İndi onu, ən az aldığı rüşvətin 80-100 qatı arasında pul cəzası (16- 200 milyon dollar), ya da 8-15 il arası həbs gözləyir.
Onu da qeyd edək ki, Ulyukayev məhkəmənin qərarı ilə ev dustaqlığına buraxılıb. Nazirin ezamiyyət adı ilə xaricdə istintaqdan gizlənməməsi və şahidlərə təzyiq göstərə bilməməsi üçün ona ev həbsi verilib.
TAHİR