Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həllinin dalana dirəndiyi bir vaxtda cəbhədə iriçaplı silahların tətbiqi ilə atəşkəs hallarının pozulması daha intensiv xarakter almağa başlayır. Son məlumatalara görə, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 və 82 millimetrlik minaatanlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 27 dəfə pozub. Bütün bunlar, öz növbəsində, müharibə ehtimalını yenidən artırır. Maraqlıdır ki, erməni tərəfi artıq danışıqlarda maraqlı olmadığını da gizlətmir.
Ermənistan xarici işlər nazirinin müavini Şavarş Köçəryan da bu günlərdə danışıqlar prosesinin dayandığı barədə mövqe sərgiləyib. Təbii ki, bu mövqe həm müharibə ehtimalını artırır, həm də həmsədrlərin vasitəçilik missiyasınının sual altına düşməsinə səbəb olur. Həmsədrlər isə tərəfləri yenidən danışıqlar stoluna qaytarmağa çalışır. ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik bu xüsusda bildirir: "Həmsədrlər münaqişənin sülh yolu ilə həlli istiqamətində, gələcək addımlar üçün tərəflərlə işləməyə davam edirlər. Bu çox vacibdir ki, tərəflər həmsədrlərlə və öz aralarında masa üzərində olan təklif və ideyalar, o cümlədən Vyana və Sankt-Peterburq görüşlərində əldə edilmiş razılaşmaların həyata keçirilməsi ilə bağlı ümidlə danışır. Biz dialoqu davam etdirmək üçün Hamburq görüşünü səbrsizliklə gözləyirik və hərtərəfli həllə gətirib çıxaracaq istənilən yollarla tərəflərlə işləməyə hazırıq". Qeyd edək ki, Hamburqda ATƏT Xarici İşlər Nazirləri Şurasının toplantısı keçiriləcək. Toplantıda Azərbaycan, Ermənistan xarici işlər nazirləri və Minsk Qrupunun həmsədrləri iştirak edəcək. Amma erməni tərəfinin mövqeyi burada Qarabağ münaqişəsi ilə bağlı görüşlərin baş tuta biləcəyini ciddi sual altına alır. Bu da, öz növbəsində, müharibə ehtimalını artırır.
Hadisələrin bu səpkidə inkişafı isə Ermənistana böyük təsir imkanlarına malik Rusiyanın da maraqlarına cavab verir. Özü də o vaxtda ki, Rusiya münaqişənin həllində müəyyən irəliləyişlərin olmasına xüsusi maraq göstərir. Bu arada isə Ermənistanın "lragir" saytı Moskvanın münaqişəni həll edərək bölgədə iqtisadi maraqlarının təmininə və ölkələrin dəmir yolları şəbəkəsini birləşdirməyə çalışdığını bildirir: "Ermənistanda dəmiryolları şəbəkəsinə nəzarət Rusiyaya verilib. Rusiya Ermənistan, Türkiyə və Azərbaycanda da daxil olmaqla bölgənin dəmiryolları şəbəkəsini birləşdirməyi düşünür. Ehtimal ki, Moskva "Kazan düsturu" ilə Qarabağ münaqişəsini həll edərək, bunu reallaşdırmaq istəyib. Yəni münaqişə həll olunmalı, Türkiyə və Azərbaycanla Ermənistanın münasibətləri düzəlməli, bundan sonra lazımı addımlar atılmalıdır. Rusiya xarici işlər naziri Sergey Lavrov da oktyabrın 14-də İrəvanda bildirdi ki, Türkiyə ilə sərhədlərin açılmasının ilkin yolu Dağlıq Qarabağ münaqişəsinin həllindən keçir".
Qeyd edək ki, "Kazan düsturu" 2010-cu ildə həmin vaxt Rusiyanın prezidenti olan Dmitri Medvedyevin təşəbbüsü ilə keçirilən prezidentlərin Kazan görüşündən sonra gündəmə gəlib. Bu plana görə, Qarabağətrafı rayonlar Azərbaycana qaytarılır, qaçqınlar qayıdır, daha sonra Dağlıq Qarabağın müvəqqəti statusu müəyyən olunur. Bölgəyə sülhməramlılar yerləşdirilir. Ən sonda Qarabağın yekun statusu məsələsi həll olunur. Amma Ermənistan hələ də bütün razılaşmaları pozmaqda davam edir və belə vəziyyətdə Rusiyanın Qarabağ münaqişqəsinə görə Ermənistana açıq təyziqləri başlana bilər.
Nahid SALAYEV