ABŞ-da prezident seçkilərindən sonra, Birləşmiş Ştatların ən böyük əhaliyə malik ştatı və dünyanın 6-cı böyük iqtisadiyyatı olan Kaliforniyada separatizm səsləri yüksəlməyə başlayıb.
Baki-xeber.com BBC-yə istinadən xəbər verir ki, Kaliforniyadakı insanların böyük əksəriyyəti demokratları dəstəkləyir və seçkilərdə də səslərin 61 faizini Hillari Klintona vermişdilər. İndi Kaliforniya ştatındakı siyasi fəallar Respublikaçılar Partiyası namizədinin prezident seçkilərində qalib gəlməsinə etiraz edərək, Kaliforniyanın ABŞ-dan ayrılmasını istəyirlər. Siyasi fəallar Trampın prezident seçkilərində qalib gəlməsinin ardınca bu ştat sakinlərini Kalekzit (Calexit) hərəkatına qoşulmağa çağırıblar. Bu çağırış sosial şəbəkələrdə geniş surətdə yayılıb. "The İndependent" yazır ki, səsvermə nəticələri barədə xəbərlər gəldikcə Tvitterdə #Calexit haştağı trendləməyə başlayıb.
Qərb sahilinin demokratları bununla da ştatın ABŞ-dan ayrılması çağırışına başlayıblar. Onlar paytaxt Sakramentoda etiraz nümayişi planlaşdırırlar. Hərəkatın təşkilatçıları artıq Kaliforniya ştatının sakinlərini ştatın mərkəzi olan Sakramentoda aksiya keçirməyə çağırıblar.
Bu arada ştatın iki deputatı "biz indi özümüzü yad ölkədə qərib kimi hiss edirik" bəyanatı veriblər" - "The İndependent" yazır.
Bundan əvvəl də Texas da daxil bir neçə ştatda uğursuz müstəqillik hərəkatları olub.
Kaliforniyanın separatçı hərəkatı "Yes California" adlanır və bu qrup 2018-ci il seçkilərində müstəqillik referendumunun keçirilməsinə can atır. Qrup bəyan edib ki, Kaliforniyanın müstəqil respublikaya çevrilməsini istəyir.
"The İndependent" yazır ki, kaliforniyalılar əvvəlcə özlərinin müstəqillik modelini Kataloniya variantı üzərində qurmuşdular, lakin indi “Brexit”in uğurundan ürəkləniblər və “Calexit”ə start veriblər.
Separatçı hərəkata Silikon Vadisinin investorlarından Şervin Pişevar da qoşulub. O deyib ki, Kaliforniyanın müstəqil respublika olmaq üçün kampaniyasını maliyyələşdirməyə hazırdır.
"Lakin kaliforniyalılar qəzəb və həyəcanın içində unudublar ki, Kaliforniya ABŞ-dan qopsa seçki kollegiyasının həmişə demokratlara qismət olan 55 səsini də özü ilə aparacaq" - "The İndependent" yazır.