Natiq Miri: "Bu kontekstdə Azərbaycan-ABŞ münasibətlərinin də müsbət olacağını düşünürəm"
ABŞ-da keçirilən prezident seçkiləri hamını şoka saldı. Demək olar ki, əksər proqnozlar özünü doğrultmadı və ABŞ-ın 45-ci prezidenti Donald Tramp oldu. Tramp respublikaçıdır. Bəzi analitiklərin qənaətinə görə, Azərbaycan-ABŞ münasibətləri respublikaçıların prezidentliyi dönəmində daha yaxşı məcrada inkişaf edib. Trampın prezidentliyi ABŞ-Azərbaycan münasibətlərinin gələcəyi üçün nə vəd edir?
Politoloq Natiq Miri hesab edir ki, əslində Trampın qələbəsi o qədər də gözlənilməz deyildi: "Baxmayaraq ki, Tramp qeyri-standart çıxışları ilə bütün dünyanı narahat etmişdi. Hələ ABŞ tarixində heç bir zaman Demokratlar Partiyası 3 dəfə ardıcıl olaraq hakimiyyətdə olmayıb. Nəzərə alsaq ki, Barak Obama artıq iki dönəm Demokratlar Partiyasının nümayəndəsi olaraq prezident olmuşdu, xanım Klintonun prezident seçilməsi bir az problemli görünürdü. Eyni zamanda, ABŞ tarixində heç bir zaman qadın prezident olmayıb və Amerika cəmiyyəti Hillari Klintonun timsalında bir qadının prezident olmasına hələ hazır deyil. Ola bilsin ki, bu məsələdə xanım Klintonun səhhəti və dövlət katibi olduğu dönəmdə müəyyən yanlış siyasətlər də rol oynadı.
Trampın prezidentliyi dönəminin Azərbaycan-ABŞ münasibətlərinə təsirinə gəlincə, bu barədə hələlik birmənalı fikir söyləmək çətindir. Çünki Trampın seçkiyə qədərki açıqlamalarından çıxış etsək, o, daha çox ölkələrlə müharibə, savaş, siyasi çevrilişlər dilində danışmağı tərcih edən bir şəxs olmadığını bəyan edib. Əksinə, münasibətlərin ortaq nöqtələrinin tapılması və əməkdaşlıq kontekstində inkişaf etdirilməsinin tərəfdarı olan bir şəxs kimi görsənir. Bu isə Azərbaycanın və bütövlükdə dünya dövlətlərinin geosiyasi maraqları kontekstindədir.
Düşünürəm ki, Trampın prezident seçilməsi Azərbaycan üçün gələcəkdə müəyyən müsbət nəticələr doğura bilər. İlk növbədə ona görə ki, Azərbaycan hakimiyyətinin müəyyən nümayəndələri ilə ortaq fikirlər və təmaslar var. Bunu Azərbaycan hakimiyyətinin uzaqgörən siyasətinin bir nəticəsi kimi də dəyərləndirmək olar. Çünki bütün sosioloji rəylər Klintonu göstərsə də, Azərbaycan hakimiyyəti Trampa müəyyən mənada üstünlük vermişdi. Düşünürəm ki, Trampın qələbəsi Azərbaycan hakimiyyəti və gələcəkdə Azərbaycan dövləti adına müəyyən müsbət ismarıclar verə bilər.
ABŞ-Azərbaycan münasibətləri müsbət halda davam edərsə, bu, Dağlıq Qarabağ münaqişəsinin həllində də özünü göstərə bilər. Ayrıca ABŞ dünyaya savaş deyil, barış siyasətini ortaya qoysa, bu, Suriya, İraqdakı savaşın, terrorun bitirilməsinə və Dağlıq Qarabağ münaqişəsi daxil olmaqla, digər postsovet məkanındakı münaqişələrin də bitməsinə səbəb ola bilər. Suriya, bütövlükdə Yaxın Şərqdə, eyni zamanda Ukraynada böyük dünya güclərinin uzlaşması mümkün olacaqsa, bu, gələcəyə müəyyən perspektivlər vəd edir. Nəzərə alaq ki, Trampın özü də bu yöndə artıq açıqlamalar verib və prezident seçiləndən sonra ilk açıqlaması da bu kontekstdədir. Bu uzlaşma baş versə, Dağlıq Qarabağdan da yan keçməyəcək və münaqişənin həllində müsbət rol oynaya bilər. Bu baxımdan Trampın prezident seçilməsini böyük faciə olaraq dəyərləndirmirəm. Əksinə, Tramp çıxışlarında dağıdıcı deyil, birləşdirici mesajlar verdi. Bu hələlik ilk ismarıclardır ki, müsbət dəyərləndirilməlidir. Təbii ki, bu kontekstdə Azərbaycan-ABŞ münasibətlərinin də müsbət olacağını düşünürəm".
Məhəmmədəli QƏRİBLİ