Qabil Hüseynli: "Bu bir daha sübut edir ki, ermənilər hər cildə girməyi bacarır"
Ermənistan prezidenti Serj Sarkisyan ABŞ-ın yeni seçilən prezidenti Donald Trampa təbrik məktubu göndərib. Bu barədə Ermənistan prezidentinin mətbuat xidməti məlumat yayıb.
Sarkisyan Trampa məktubunda Dağlıq Qarabağ münaqişəsinə də toxunub. Erməni prezident vurğulayıb ki, Ermənistan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması prosesində ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi kimi ABŞ-ın rolunu yüksək qiymətləndirir. "Əminəm ki, sizin prezidentliyiniz dövründə ABŞ-Ermənistan əlaqələri güclənməkdə davam edəcək və müxtəlif sahələrdə yeni nailiyyətlər əldə ediləcək", - deyə Sarkisyan vurğulayıb.
Qeyd edək ki, Ermənistan ABŞ-dakı seçkilərdə respublikaçı Donald Trampı deyil, demokratların namizədi, sabiq dövlət katibi Hillari Klintonu dəstəkləyirdi.
Ermənistan prezidentinin Trampa yazdığı məktubda Dağlıq Qarabağdan bəhs etməsini necə dəyərləndirmək olar?
Politoloq Qabil Hüseynli qəzetimizə açıqlamasında bildirdi ki, Sarkisyanın Trampa yazdığı məktubu erməni hiyləsinin növbəti həmləsi kimi dəyərləndirmək olar: "Erməni lobbisi Klintonun seçki marafonunda aktiv iştirak edib. Trampın qələbəsi Ermənistan üçün gözlənilməz olub. Artıq bundan doğa biləcək fəsadları təxmin etdikləri üçün növbəti hiyləyə əl atıblar. Mən buna erməni bicliyi deyərdim. Hətta utanmadan Dağlıq Qarabağla bağlı bəzi fikirləri də məktuba qeyd ediblər. Bu bir daha sübut edir ki, ermənilər hər cildə girməyi bacarır. Tramp konkret və açıqfikirli bir siyasətçidir. Hesab edirəm ki, onu belə ucuz jestlərlə aldatmaq mümkün deyil. Ermənistan dövləti və onların koordinasiya etdiyi ABŞ-dakı güclü erməni lobbisi var gücü ilə Trampın əleyhinə işləyib. Bu bir faktdır. Hesab edirəm ki, Trampın prezidentliyi dönəmində bütün münaqişələrə olduğu kimi, Dağlıq Qarabağa da fərqli yanaşma ortaya qoyulacaq. ABŞ-ın xarici siyasətində ciddi korrektələri müşahidə edəcəyik. Bunların fonunda Sarkisyanın məktubunun heç bir əhəmiyyəti olan deyil. Sarkisyan bilir ki, məsələyə ədalətli yanaşma ortaya qoyulan kimi, ondan işğal etdiyi torpaqları boşaltmağı tələb edəcəklər".
Məhəmmədəli QƏRİBLİ