Aydın Mirzəzadə: "Biz bütün vasitələrlə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ABŞ-ın yeni administrasiyasını məlumatlandırmağa çalışacağıq"
Prezident İlham Əliyev Amerika Birləşmiş Ştatlarının yeni seçilmiş prezidenti Donald Trampa təbrik məktubu ünvanlayıb.
Məktubda deyilir: "Hörmətli cənab Tramp, Amerika Birləşmiş Ştatlarının prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm. Seçkilərdə qazandığınız qələbə dost Amerika xalqının Sizə olan etimadının və dəstəyinin göstəricisidir.
Ümid edirəm ki, Azərbaycanla ABŞ arasında ikitərəfli münasibətlər bundan sonra da uğurla inkişaf edəcəkdir. Ölkələrimiz arasında əlaqələrin 25 illik tarixi var. Bu müddət ərzində dostluq və əməkdaşlıq münasibətlərimiz yüksək səviyyəyə qalxmışdır. Siyasi, iqtisadi, enerji, təhlükəsizlik sahələrində, o cümlədən beynəlxalq terrorizmə qarşı mübarizədə və NATO-nun Əfqanıstanda sülhyaratma əməliyyatlarında fəal əməkdaşlıq edirik.
Uzun illərdir ki, Azərbaycan Ermənistanın işğalçılıq siyasətindən əziyyət çəkir. Ərazilərimizin 20 faizi işğal altındadır, bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür.
Azərbaycanın ərazi bütövlüyü bütün dünya birliyi və beynəlxalq təşkilatlar tərəfindən tanınıb. BMT-nin Təhlükəsizlik Şurasının dörd qətnaməsi Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb etsə də, Ermənistan buna məhəl qoymur. Bizim qəti mövqeyimiz bundan ibarətdir ki, münaqişə ilə bağlı BMT-nin Təhlükəsizlik Şurasının dörd qətnaməsi, o cümlədən BMT-nin Baş Məclisi, ATƏT, Avropa Şurası, NATO, Avropa Parlamenti, İƏT, Qoşulmama Hərəkatı və digər beynəlxalq təşkilatların qərar və qətnamələri yerinə yetirilməlidir. Münaqişə beynəlxalq hüquq normalarına uyğun, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır.
Ümidvaram ki, ABŞ Minsk Qrupunun həmsədri kimi Sizin rəhbərliyiniz altında bu münaqişənin beynəlxalq hüquq normalarına uyğun, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində ədalətli həllinə öz töhfəsini verəcəkdir.
Bir daha Sizə səmimi təbriklərimi yetirir, möhkəm cansağlığı, xoşbəxtlik, dost Amerika xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm".
Göründüyü kimi, İlham Əliyevin Trampa ünvanladığı məktubda Dağlıq Qarabağ münaqişəsilə bağlı məqama xüsusi diqqət yetirilir. İlham Əliyevin məktubunda bu məqamların yer alması Trampın formalaşdıracağı administrasiyanın problemə baxışına necə təsir edəcək?
Millət vəkili Aydın Mirzəzadə qeyd edir ki, ABŞ-ın yeni prezidenti Donald Tramp seçkiqabağı çıxışlarında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələyə toxunmayıb: "Mümkündür ki, o, münaqişə ilə bağlı elə də ciddi məlumata malik deyil. Ancaq Tramp "Biz bizimlə dost olmaq istəyən ölkələrlə dost olacağıq" kimi tezis irəli sürüb. Eyni zamanda o vurğulayıb ki, ABŞ digər ölkələrin siyasi rejimlərinin dəyişməsi praktikasından uzaq olmalıdır. Bunun özü göstərir ki, Donald Tramp beynəlxalq hüquq normalarına uyğun olan siyasi xətt irəli sürmək istəyir.
Dağlıq Qarabağ problemi Ermənistanın Azərbaycan torpaqlarının bir hissəsini işğal etməsi və ərazi bütövlüyümüzü tanımaması nəticəsində yaranıb. Yəni bunun özü ciddi beynəlxalq hüquq pozuntusudur və mehriban qonşuluq siyasətinə ziddir. Hesab edirəm ki, Donald Tramp prezident kimi fəaliyyətə başladıqdan sonra Dağlıq Qarabağ münaqişəsi ilə bağlı daha ciddi məlumatlara malik olacaq və şübhəsiz ki, bu məsələdə realist, həmçinin sivil münasibətlər toplusuna söykənən bir siyasi xətt yeridəcək".
A.Mirzəzadə hesab edir ki, Azərbaycan Prezidentinin məktubunda olduğu kimi, biz bütün vasitələrlə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ABŞ-ın yeni administrasiyasını məlumatlandırmağa çalışacağıq: "Ümid edirəm ki, ABŞ-ın yeni administrasiyası bu məsələdə düzgün və ədalətli mövqe tutacaq. Təəssüf ki, Barak Obamanın dövründə ABŞ Dağlıq Qarabağ probleminin həlli üçün faktiki olaraq heç bir iş görmədi. Yəni bu fəaliyyət diplomatik bəyanatlardan o tərəfə keçmədi. Bir ay öncə ABŞ dövlət katibi Con Kerrinin münaqişə ilə bağlı verdiyi bəyanat isə, ümumilikdə götürdükdə, administrasiyanın mövqeyinə zidd idi. Ümid edirəm ki, Donald Tramp, bir çox məsələlərdə olduğu kimi, Qarabağ məsələsində də realist mövqe tutacaq".
Məhəmmədəli QƏRİBLİ