ABŞ-ın yeni administarsiyasının xarici siyasətdə hansı mövqe sərgiləyəcəyi indi beynəlxalq səviyyədə mühüm müzakirə predmetlərindən birini təşkil edir. Bu sıraya Qafqaz da aiddir. Çünki Demokratların 8 illik hakimiyyəti dövründə ABŞ bu regionda o qədər də fəal olmadı.
Sadəcə, NATO vasitəsilə müəyyən qədər qonşu Gürcüstanda möhkəmlənməyə cəhd etdi və bu da hələlik istənilən effekti verməyib. Nəticədə hazırda Qafqazdakı mövcud münaqişələrin də həlli uzanır. Donald Tramp iqtidarının isə bölgədə fərqli siyasət yürüdəcəyinə dair artıq maraqlı fikirlər səslənir. ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta da qeyd edir ki, Trampın komandasında regionu yaxşı tanıyan mütəxəssislər var. ABŞ-da seçkinin nəticələrinə münasibət bildirən səfir, Demokratların prezidentliyə namizədi Hillari Klintondan fərqli olaraq, yeni prezident Donald Trampın Cənubi Qafqaz regionu barədə az məlumata malik olması barədə fikirlərlə razılaşmayıb: "Donald Trampın komandasında da Cənubi Qafqazla bağlı kifayət qədər məlumatı olan ekspertlər var".
Bütün bunlar isə Qafqazda ABŞ-ın gələn ildən fərqli siyasət yürütməsini istisna etmir. Hesab olunur ki, Rusiya ilə konstruktiv əməkdaşlıq fonunda ABŞ burada münaqişələrin, o cümlədən Qarabağ konfliktinin həllində müəyyən addımlar ata bilər. Millət vəkili Elman Nəsirov da diqqəti ona yönəldir ki, Trampın hansı idarəçilik sistemini tətbiq edəcəyi ilə bağlı müəyyən proqnozlar vermək mümkündür. Bu, onun seçkiqabağı verdiyi vədlərdən qaynaqlanır. Elman Nəsirov "Sputnik"ə açıqlamasında bu xüsusda bildirir: "Tramp qeyd eləmişdi ki, ilk növbədə özündən əvvəlki administrasiyanın yeritdiyi səhv siyasət nəticəsində yaranmış problemlərin həllinə nail olmaq istəyəcək. Bu, əsasən xarici siyasət məsələləri ilə bağlıdır. Yaxın Şərqdə yaranmış xaosu aradan qaldırmaq, ayrı-ayrı dövlətlərin daxili işlərinə qarışmaqdan, demokratiya adı altında bir çox ölkələrdə siyasi hakimiyyətləri devirmək ənənəsindən imtina etmək məsələləri gündəmdə olacaq". E.Nəsirov ABŞ-ın yeni administrasiyasının Azərbaycanla bağlı nə cür siyasət yeridəcəyinin maraqla gözləndiyini deyib: "Bizim regionla, konkret desək, Azərbaycanla bağlı Donald Tramp administrasiyasının hansı siyasət yeridəcəyi bizlər üçün də maraqlıdır. Tarixən daha çox Respublikaçılar regionda fəal siyasətləri ilə seçilirlər. Barak Obamanın 8 illik hakimiyyəti dövründə Cənubi Qafqaz regionu ABŞ-ın diqqətindən tamamilə kənarda qalmışdı. Xüsusilə Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində biz rəsmi Vaşinqtonun passiv siyasətinin şahidi olduq. Bu səkkiz il ərzində bir dəfə də olsun nə Birləşmiş Ştatların paytaxtında, nə də digər şəhərlərində münaqişənin həlli ilə bağlı prezidentlər səviyyəsində görüşün şahidi olduq. ABŞ sanki prosesləri kənar müşahidəçi statusunda izləyirdi. Yeni seçilən prezident isə bu cür siyasətdən imtina edəcəyini deyib. Düzdür, o, konkret olaraq Cənubi Qafqazın adını çəkməyib, ümumilikdə əməkdaşlıq siyasətinə üstünlük verəcəyini və daha fəal siyasət yeridəcəyini bildirib. Bu, nə təzyiqə nə də təhdidə əsaslanacaq. Obama siyasətindən imtina fikri irəli sürülübsə, bu, həm də Dağlıq Qarabağ münaqişəsinin həllində əvvəlki administrasiyanın siyasətindən fərqli siyasət vəd edir. Bu bizim üçün olduqca əhəmiyyətlidir".
Xatırladaq ki, Trapamın iqtidara gəlişi fonunda onun Rusiya ilə münasibətləri normal qaydaya salması gözlənir. Rusiya ilə əməkdaşlıq sayəsində isə, əslində, Cənubi Qafqazdakı vəziyyəti həqiqətən də əhəmiyyətli dərəcədə dəyişmək olar. Bu mənada əksər ekspertlər də Trampın seçilməsinin Qafqazda da fərqli mənzərə yaradacağı qənaətindədir. Onu da nəzərə alaq ki, Trampın prezident seçilməsi ilə yanaşı, həm Senatda, həm də Nümayəndələr Palatasında Respublikaçılar Partiyası üstünlük qazanıb. Bu mənada Amerika öz siyasətində müəyyən dəyişikliklər etsə, artıq Konqresdə buna ciddi müqavimət olmayacaq. Daha bir mühüm məqam isə odur ki, seçki kampaniyası dövründə ABŞ-dakı erməni lobbisinin Donald Trampın əleyhinə təbliğat aparması da yaddan çıxmayıb. Trampın bu lobbi ilə heç bir əlaqəsinin olmaması da Azərbaycan üçün müsbət haldır. Rəsmi Bakının da istəyi odur ki, ABŞ yeni seçilmiş prezidenti ilə bölgədə münaqişələrin həlli ilə bağlı qarşılıqlı fəaliyyəti gücləndirilsin. Çünki bu hal Qarabağ münaqişəsinin həllində mühüm rol oynamaq iqtidarındadır.
Nahid SALAYEV