Çərşənbə günü BMT Baş Assambleyasında çıxış edən Suriya Prezidenti Əhməd əl-Şara bəyan edib ki, İsrailin strateji əhəmiyyətə malik Qolan təpələri ərazisinə dair iddialarına baxmayaraq, bu bölgə Suriyanın tərkibində qalacaq. "Suverenliyimizi pozmaq və ya beynəlxalq hüquqa zidd hərəkət etmək cəhdlərinin qarşısı alınacaq. Qolan Suriya ərazisi olaraq qalacaq", - deyə əl-Şara Nyu-Yorkda dünya liderlərinin toplantısında bildirib.
Bu yaxınlara qədər ABŞ İsrailin 1967-ci ildə Suriyadan ələ keçirdiyi və 1981-ci ildə ilhaq etdiyi Qolan təpələri üzərindəki hakimiyyətini tanıyan yeganə ölkə idi. Lakin Kolumbiyanın yeni ifrat sağçı hökuməti də İsrailin iddialarını tanımaqdan imtina edib. BMT Qolanı İsrailin hərbi işğalı altında olan Suriya ərazisi hesab edir və daha əvvəl 1981-ci ildəki ilhaqı "hüquqi qüvvəsi olmayan və etibarsız" elan edib. İyul ayında BMT-nin Baş katibi Antonio Quterreş Qolan təpələrinin Suriyanın bir hissəsi olduğunu bir daha vurğulayaraq, İsrailin işğalını "tamamilə qəbuledilməz" adlandırmışdı. Əl-Şara Bəşər Əsədin devrilməsindən bəri BMT kürsüsündən etdiyi ikinci çıxışında İsrailin ölkəsinə qarşı həyata keçirdiyi ardıcıl zərbələri pisləyib. "İsrail Suriyaya zərbələr endirir. 500 hava zərbəsi, 1200-dən çox sərhəd pozuntusu və 300 nəfərin saxlanılması halları qeydə alınıb. Bu, qlobal miqyasda müşahidə etdiyimiz tendensiyalara ziddir", - deyə o bildirib. Bununla belə, əl-Şara hesab edir ki, "sülh və təhlükəsizlik imkanı hamının hüquqlarını qoruyan ədalətli sülh şəraitində yaşamaq istəyənlər üçün açıq qalır". Nyu-Yorkda "Atlantic Council"in panel müzakirəsində çıxış edən əl-Şara ABŞ Prezidenti Donald Trampa İsrailin Qolan təpələri üzərindəki suverenliyini tanımağa haqqı olmadığını dediyini xatırladıb. "Niyə Nyu-Cersini israillilərə vermirsiniz?" — deyə o, Ağ Ev sahibinə suala müraciət edib. "Qolan təpələri sizin mülkiyyətinizdə deyil ki, onları təhvil verəsiniz, amma Nyu-Cersi sizə məxsusdur. Bildiyim qədərilə, Nyu-Cersi Trampa səs verməyən demokratlarla doludur," – deyə Əl-Şara sözünə zarafatla davam edib.
SAMİRƏ