Tural İrfan: “Ermənistan da dünyaya özünü tolerant ölkə kimi təqdim etmək istəyir, ancaq…”
Ermənistanın Türkiyə və Azərbaycanla münasibətlərinin normallaşması fonunda Paşinyan administrasiyası ölkədə 10 yeni məscid tikməyə hazırlaşır. Bildirilir ki, bunlardan beşi sərhəd bölgələrində, beşi isə ölkənin mərkəzi hissələrində tikiləcək.
Qeyd edək ki, hazırda Ermənistanda yeganə məscid XVIII əsrə aid Göy Məsciddir (Hüseyn Əli Məscidi). Ermənistan əhalisinin 98 faizinin xristian olmasına baxmayaraq, Paşinyanın layihəyə müsbət yanaşması ölkələr arasında mədəni qarşılıqlı əlaqəni artırmaq üçün bir fürsət kimi qəbul edilsə də, bu addım müəyyən suallar yaradıb.
Görəsən bu, real dini-mənəvi bərpadır, yoxsa siyasi addım? Ümumiyyətlə, Paşinyanın "məscid siyasəti"nin arxasında nə dayanır?
“Azərbaycan xalqına məxsus çoxsaylı dağıdılmış məscidlərin də tarixi qalıqları bərpa edilməli, təmirinə nail olunmalıdır”
İlahiyyatçı Tural İrfan “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Ermənistanda şovinizm və anti-müsəlman ab-havası uzun illər davam edib. Hətta əvvəllər ermənilərin türklərə qarşı törətdiyi hadisələrdən bəhs ediləndə "erməni-müsəlman davası" deyə bəhs olunurdu: “Çünki ermənilər təkcə türklərə qarşı yox, ümumiyyətlə müsəlmanlara qarşı düşmənçilik edirdilər. Bu da onların kənar təsirlərin altında olduğunu göstərirdi. Bu baxımdan da Ermənistanda, demək olar ki, müsəlman qalmadı. Hamısını ya öldürdülər, ya da sürgün etdilər. Vaxtilə Azərbaycan xalqına məxsus olmuş məscidləri, ziyarətgahları dağıtdılar, təhrif etdilər. Beləcə cəmi bircə məscid qaldı. Lakin hazırda, şübhəsiz ki, Türkiyə və Azərbaycan ilə Ermənistanın münasibətlərinin qaydaya düşməsi, sülh prosesinə davam məscidlərin mövcudluğunu labüdləşdirir. Əgər sülh olacaqsa, müsəlmanlar Ermənistana gedib-gələcəksə, orada yaşayacaqsa, təbii ki, onlar üçün ibadət evlərinin olması vacibdir. Bu, sosial həyatın tələbidir. Baş nazir Paşinyanın məscidlərin tikintisi layihəsinə müsbət yanaşması işin xeyrinədir. Bu, həm də düşmənçiliyin tam aradan götürülməsinə, gələcəkdə yalnız sülhdən bəhs etməyə aparan yolda fayda verə bilər. Bu həm dini-mənəvi yöndən vaxtilə yol verilmiş səhvlərin düzəlişi, həm də siyasi addımdır. Ermənistan da dünyaya özünü tolerant ölkə kimi təqdim etmək istəyir. Etnik və dini təmizləmə həyata keçirən Ermənistan məscidlər tikməklə özü haqda müsbət obraz yaratmağa can atır. Dini, mədəni, mənəvi əlaqələrin olması, müsəlmanların da Ermənistanda ibadət yerlərinin varlığı sülhü daimi edəcək vasitələrdir. Əsasən Azərbaycan xalqına məxsus çoxsaylı dağıdılmış məscidlərin də tarixi qalıqları bərpa edilməli, təmirinə nail olunmalıdır”.
Günel CƏLİLOVA