Tural İsmayılov: “Bu görüş həm də kadr sistemində məsuliyyətin sərtləşdirilməsi mesajı idi”
Məlum olduğu kimi, Prezident İlham Əliyev kadr dəyişiklikləri ilə bağlı bir sıra sərəncamlar imzalayıb. Yeni qərarlara əsasən, bir neçə rayonun icra başçısı vəzifəsindən azad olunub, onların yerinə yeni təyinatlar həyata keçirilib.
Ötən gün dövlət başçısı Naxçıvanda Prezidentin yeni səlahiyyətli nümayəndəsini və təyin olunan icra başçılarını qəbul edib. Görüş zamanı dövlət başçısı yerli idarəetmədə məsuliyyət, şəffaflıq və dürüstlük prinsiplərini bir daha xatırladıb: "Sizdən tələbim, eyni zamanda, xoşagəlməz hallara qarşı ciddi mübarizə aparmaq, kadr siyasətində etibarlı, peşəkar və mənəvi cəhətdən təmiz kadrları seçmək, rəhbərlik edəcəyiniz bölgələrdə öz işinizlə mənim seçimimin düzgün olduğunu sübut etməkdir. Əks təqdirdə, əlbəttə ki, lazımi ölçülər götürüləcək".
Maraqlıdır, ölkə başçısı məlum çıxışı ilə icra başçılarına konkret hansı tapşırıqlar verdi, onların qarşısında hansı vəzifələri qoydu?
“Dövlət başçısı aydın şəkildə göstərdi ki, regionun inkişafı artıq mərkəzdən gələn resurslarla deyil, yerli potensialın düzgün idarə edilməsi ilə təmin olunmalıdır”
Siyasi şərhçi Tural İsmayılov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Prezident İlham Əliyevin icra başçıları ilə son görüşü əslində bir “idarəçilik dərsi” idi. Dövlət başçısı çox açıq və sərt mesajlarla göstərdi ki, yeni dövrün tələbi – konkret nəticə, şəffaflıq və vətəndaşa real xidmət prinsipi üzərində qurulmalıdır: “Əvvəla, Prezident açıq şəkildə bəyan etdi ki, bölgələrdə korrupsiya, laqeydlik və formal münasibət dövrü bitib. Bu o deməkdir ki, icra başçıları artıq sadəcə inzibati fiqur deyil, həm də dövlətin ideoloji, sosial və iqtisadi inkişaf kursunun yerli daşıyıcıları olmalıdır. Prezidentin “xalqla iç-içə olmaq” çağırışı məmur-vətəndaş münasibətlərində yeni keyfiyyət mərhələsinə keçidin siqnalıdır.
Digər vacib məqam yerlərdə iqtisadi fəallığın artırılması, investisiya və sahibkarlıq üçün şərait yaradılması tapşırığıdır. Dövlət başçısı aydın şəkildə göstərdi ki, regionun inkişafı artıq mərkəzdən gələn resurslarla deyil, yerli potensialın düzgün idarə edilməsi ilə təmin olunmalıdır”.
Siyasi şərhçi hesab edir ki, bu görüş həm də kadr sistemində məsuliyyətin sərtləşdirilməsi mesajı idi. Kim dövlət siyasətini doğru icra etmirsə, yaxud şəxsi maraqları ümummilli maraqlardan üstün tutursa, o sistemdə yer tapa bilməz: “Əslində Prezidentin dedikləri bir çağırışdan çox xəbərdarlıq idi: “ya xalqla bir yoldasınız, ya da sistemin xaricindəsiniz”.
Günel CƏLİLOVA