ABŞ prezidenti Donald Trampın Qəzza zolağında atəşkəs üçün təklif etdiyi sülh planı HƏMAS tərəfindən qəbul edildi. HƏMAS-ın girovları azad edəcəyini və danışıqlara hazır olduğunu bildirməsindən sonra İsrail da buna cavab verib.
Belə ki, İsrail mediası orduya Qəzzaya hücumlarını azaltmaq göstərişi verildiyini və tezliklə danışıqlara başlanmasının gözlənildiyini iddia edib.
İsrail Ordusu Radiosunun bir əməkdaşı isə sosial media platforması X-də "Bu o deməkdir ki, Qəzza şəhərinin işğal əməliyyatı hələlik dayandırılıb" deyən bir yazı paylaşıb.
İsrail Müdafiə Qüvvələri yüksək səviyyəli ordu komandirlərinin son hadisələrlə bağlı toplantısı keçirdiklərini açıqlayıb. Bildirilir ki, siyasi rəhbərliyin göstərişlərinə uyğun olaraq, İsrail Baş Qərargah rəisi Eyal Zamir orduya girovların azad edilməsi ilə bağlı Tramp planının birinci mərhələsinin həyata keçirilməsinə hazırlaşmağı tapşırıb. Lakin bu hazırlıqların nə ilə bağlı olduğu detallı açıqlanmayıb.
Artıq Trampın elan etdiyi Qəzza Planı icra olunmaq üzrədir. İsrail Qəzzaya hücumlarını dayandırıb, HƏMAS isə girovlarla bağlı danışıqlar üçün vaxt istəyib, tərəflərin sabah görüşəcəyi gözlənilir. İsrail və HƏMAS arasında ilk görüşün Qırmızı dənizin kurort şəhəri olan Şarm əl-Şeyxdə (Misir) görüşəcəyi bildirilir. ABŞ-ın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoffun İsrail və ərəb danışıqlarçıları ilə birlikdə artıq Misirə yola düşdüyü bildirilir.
TAHİR