İlyas Hüseynov: “...Cənubi Qafqazda qanunvericilik səviyyəsində sülhə, etimad quruculuğuna, təhlükəsizliyə münasibət eynidir”
Hakim “Mülki Müqavilə” partiyasının təmsil olunduğu Ermənistan parlamenti oktyabrın 2-də keçirilən növbədənkənar iclasında Milli Assambleyanın “Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olması haqqında” bəyanat layihəsini qəbul edib.
Erməni mediasının yazdığına görə, parlament müxalifəti bu layihənin həm müzakirəsini, həm də səsverməni boykot edib. Müxalif Ermənistan blokunun parlament fraksiyasının fikrincə, bu sənəd ictimaiyyəti çaşdırmaq üçün növbəti cəhddir. Bu, yalnız hakim partiyanın mövqeyini əks etdirir və Ermənistanın və erməni xalqının kollektiv iradəsini ifadə etmir.
Bəyanat layihəsini 64 deputat dəstəkləyib, ikisi bitərəf qalıb.
“Təəssüflər olsun ki, Ermənistan parlamentində sülh istəməyən qüvvələr...”
Məsələyə şərh verən politoloq İlyas Hüseynov “Bakı-Xəbər”ə bildirdi ki, Ermənistanda hakim “Mülki Müqavilə” partiyasının irəli sürdüyü Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olması barədə bəyanat layihəsini parlamentin qəbul etməsi çox mütərəqqi bir hadisədir: “Çox müsbət bir addım kimi qiymətləndirilə bilər. Nəzərə almaq lazımdır ki, Azərbaycan Parlamenti də payız sessiyasına bir qədər tez başladı və bu erkən müzakirənin keçirilməsi 8 avqustda Vaşinqtonda imzalanan sənədlərlə bağlı idi. Yəni azərbaycanlı deputatlar da sülh prosesini və Vaşinqton görüşünü çox yüksək qiymətləndiriblər. Belə görünür ki, Cənubi Qafqazda qanunvericilik səviyyəsində sülhə, etimad quruculuğuna, təhlükəsizliyə münasibət eynidir, vahiddir və sarsılmazdır. Hesab edirəm ki, bu dayanqılı münasibətlər sistemini qurmaq önəmlidir. Tezliklə Ermənistan konstitusiyasının dəyişdirilməsindən sonra sülh müqaviləsinin imzalanması öz aktuallığını qoruyur. Təəssüflər olsun ki, Ermənistan parlamentində sülh istəməyən qüvvələr də var. Onlar da acı keçmişlərindən utanmalı və sülhə dair mövqe formalaşdırmalıdırlar. Əks təqdirdə Ermənistan cəmiyyətində sülhə qarşı təhlükələr formalaşa və bu da ümumi sülhü sarsıda bilər”.
İ.Hüseynov hesab edir ki, ona görə də Ermənistanın hakim siyasi qüvvəsini təbrik etmək lazımdır, çünki “Mülkü Müqavilə” partiyası çox müsbət addım atıb və bu addım ardıcıl və sistemli olmalıdır.
İradə SARIYEVA