Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyanın NATO-su kimi tanınan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv dövlətlərin Ermənistan qarşısında öhdəliklərini yerinə yetirməməsinin ölkənin müstəqilliyinə töhfə verdiyini deyib.
“2022-ci ildə KTMT-nin bizimlə bağlı öhdəliklərini yerinə yetirmədiyini və heç vaxt yerinə yetirməyəcəyini anlayanda müstəqil olduq, çünki başa düşdük ki, yalnız özümüzə arxalana bilərik” – deyə Paşinyan bildirib.
Ermənistan parlamentində hökumət saatı zamanı çıxış edən baş nazir KTMT təhlükəsizlik sistemini "sabun köpüyü" kimi xarakterizə edib.
"Bu, sadəcə olaraq, dövlətimizin mövcudluğunun qarşısını almaq üçün bir vasitədir. Biz bunu hələ 2020-ci ildə dərk etməmişdik" - deyə baş nazir bildirib.
Paşinyanın bu bəyanatları son zamanlar qərbyönlü siyasətə meyl edən Ermənistanın Rusiyadan uzaqlaşma cəhdləri kimi şərh olunur.
Qeyd edək ki, Paşinyan 2024-cü ilin fevralında Ermənistanın gərginlik yaşadığı KTMT-də iştirakını “dondurduğunu” bəyan edib. 2024-cü ilin mayında İrəvan təşkilatın işini maliyyələşdirmək niyyətində olmadığını açıqlayıb.
İyulun 16-da isə Paşinyan bəyan edib ki, Ermənistanın KTMT-dən çıxması ehtimalı, ölkənin üzvlüyünün bərpasından daha böyükdür.
TAHİR