"Chatham House"-un dediyi “əgər Türkiyə və Aİ dəstəkləsə” şərti, sadəcə “onların bəyanat vermələri” deyil - uzunmüddətli, koordinasiyalı, riaqləri bölüşən və siyasi iradəsi dəyişməyən bir dəstək deməkdir”
Britaniyanın nüfuzlu “Chatham House” analitik mərkəzinin məqaləsində yazılır ki, əgər Tramp marşrutunu Türkiyə və Aİ dəstəkləsə, təşəbbüsün uğur qazanmaq şansı daha yüksək olacaq: "TRIPP-in həyata keçirilməsi, qarşıya çıxacaq qaçılmaz çətinliklər artdıqca, impulsu qorumaq üçün həm region daxilində, həm də xaricində geniş koalisiyanın davamlı dəstəyini tələb edəcək". Məgər Türkiyə və Aİ-nin sözügedən təşəbbüsü dəstəkləməsinə hər hansı bir sübhə varmı, bu xüsusda
“Chatham House” analitikləri nəyi nəzərdə tutur?
Baki-xeber.com-a görə, “Chatham House”un bu fikri, ilk baxışdan “hamı bilir ki, Türkiyə də, Aİ də dəstək verəcək” kimi görünsə də, əslində bir neçə incə məqamı nəzərdə tutur.
Onlar “dəstək” sözünü formal bəyanatdan çox siyasi, iqtisadi və diplomatik resursların davamlı şəkildə səfərbər olunması mənasında işlədir. Burada ehtiyatlılıq üç səbəbdən irəli gəlir. Dövlət maraqlarının tam üst-üstə düşməməsi prizmasından baxsaq, Türkiyə üçün “Tramp marşrutu” (TRIPP) geosiyasi və iqtisadi cəhətdən Mərkəzi Asiya-Qafqaz-Avropa əlaqəsinin güclənməsi deməkdir. Amma Ankara bu layihəni yalnız öz strateji prioritetlərinə uyğun olduğu halda və başqa regional risqləri artırmadan dəstəkləyəcək.
Aİ isə layihəni dəstəkləyə bilər, amma o, enerji təhlükəsizliyi, ticarət axınları və regional sabitlik baxımından İran, Rusiya, hətta Ermənistanla münasibətlərdə balans saxlamalıdır. Bu da bəzi hallarda Aİ-nin açıq və sərt dəstək verməsinə mane ola bilər. Ona görə də bu layihəyə sabit dəstək zəmanətsizdir desək, yanılmarıq.
TRIPP kimi uzunmüddətli marşrut layihələri yalnız başlanğıc mərhələdə deyil, illərlə davam edən maliyyə, diplomatik və texniki dəstək tələb edir. "Chatham House" analitikləri deyir ki, siyasi gündəm dəyişdikcə (məsələn, Aİ-də hökumət dəyişiklikləri, Türkiyədə daxili iqtisadi böhran və ya xarici siyasət prioritetlərinin dəyişməsi) dəstək zəifləyə bilər.
Eyni zamanda, layihəyə qoşulan tərəflərin koalisiya daxilində koordinasiya imkanlatında çətinliklər var. Regiondaxili aktorlar (Azərbaycan, Gürcüstan, Ermənistan) ilə xarici güclərin (Türkiyə, Aİ, ABŞ) maraqlarını eyni xəttə gətirmək çox çətindir. Əgər hər hansı tərəf “öz payını” yetərincə təmin olunmuş hesab etməsə, təşəbbüsün impulsu zəifləyə bilər.
Başqa sözlə desək, "Chatham House"-un dediyi “əgər Türkiyə və Aİ dəstəkləsə” şərti, sadəcə “onlar bəyannamə versinlər” deyil, uzunmüddətli, koordinasiyalı, risqləri bölüşən və siyasi iradəsi dəyişməyən bir dəstək deməkdir. Onlar bunun avtomatik və zəmanətli olmadığını vurğulayırlar.
Akif NƏSİRLİ