Rumıniya rəsmiləri Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə bağlı şok iddia ilə çıxış edib. Rəsmilər Rusiyanın Bakı-Tbilisi-Ceyhan boru kəmərinə qarşı taxribat törətdiyini bildirirlər. Onlar Rusiyanın Türkiyəyə çatdırılan və ardından tankerlə Avropaya daşınan Azərbaycan neftini çirkləndirmək üçün “hibrid əməliyyat” keçirməsindən şübhələnirlər.
Rəsmi mənbələr G4Media-ya bildiriblər ki, Rumıniya Rusiyanın hibrid müharibə əməliyyatı vasitəsilə OMV Petrom-un Petrobazi neft emalı zavodu üçün Rumıniya göndərilən böyük miqdarda Azərbaycan neftini qəsdən çirkləndirməsi ssenarisini nəzərdən keçirir. Qəzetin əldə etdiyi məlumata görə, Rusiyanın Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə nəql edilən neftə böyük miqdarda qatılaşdırılmış xlor qarışdırdığından şübhələnilir ki, bu da neft emalı zavodlarına ciddi ziyan vura və Rumıniyada yanacaq böhranına səbəb ola bilər.
Qeyd edək ki, Azərbaycan neftinin çirkləndirilməsi ilə bağlı xəbərlər ortaya çıxdıqdan sonra Rusiya mətbuatı neftin çirkləndirilməsinin arxasında ABŞ kəşfiyyatının ola biləcəyini iddia etmişdi. Onların iddiasına görə, ABŞ bununla həm son vaxtlar münasibətlərində soyuqluq yaranan Britaniyaya, həm də Azərbaycana mesajlar verir. Ancaq Rumıniya rəsmilərinin son açıqlamaları əslində Azərbaycan neftinə qaşı təxribatın arxasında Rusiyanın özünün dayandığını göstərir.
Xatırladaq ki, 1768 kilometrlik Bakı-Tbilisi-Ceyhan (BTC) Boru Kəməri nefti Bakı yaxınlığındakı Səngəçal terminalından Gürcüstan ərazisindən keçərək Türkiyənin Aralıq dənizi sahilindəki Ceyhan Terminalına nəql edir. Boru kəmərinin 443 km-lik hissəsi Azərbaycan, 249 km-lik hissəsi Gürcüstan, 1076 km-lik hissəsi isə Türkiyə ərzisindən keçir.
Sovet İttifaqı dövründə neft və təbii qaz ixracı əsasən Rusiya vasitəsilə həyata keçirilirdi. 1990-cı illərin əvvəllərində BTC boru kəməri Azərbaycanın enerji resurslarının Rusiyadan müstəqil şəkildə qlobal bazarlara çıxışı üçün alternativ marşrut kimi meydana çıxıb.
Yaxın vaxtlarda Qazaxıstanın Kaşaqan neftinin də sözügedən boru kəməri ilə nəqlinə başlanacaq. Qazaxıstanın dövlət neft və təbii qaz şirkəti “KazMunayQaz”ın 27 yanvar 2025-ci il tarixində yaydığı açıqlamaya görə, Qazaxıstanın “Taraz” tankeri ilə 25 yanvar 2025-ci ildə Aktau limanından yola düşən təxminən 6 min ton Kaşaqan neftinin ilk partiyası Bakı Limanına çatıb. Neftin buradan Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə Aralıq dənizinə çatdırılması planlaşdırılır.
Qazaxıstan və Azərbaycan arasında atılan bu addım Transxəzər beynəlxalq nəqliyyat marşrutunun daha da inkişaf etdirilməsi üçün nəzərdə tutulub.
Tahir TAĞIYEV