Nəhayət, İranın hakimiyyət rəsmiləri Azərbaycan səfirliyinə hücum işi üzrə istintaqdan danışdı. İranın məhkəmə sistemi və ədliyyə üzrə nümayəndəsi Məsud Satayşi bildirib ki, Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücum işi üzrə əvvəlkitək bir müttəhim var.
O, baş verənləri “gözlənilməz və kədərli insident” adlandırıb: “Odur ki, ölkənin məhkəmə, siyasi və güc orqanları hər zaman bildiriblər ki, bu hücumun əsas günahkarı və ya bunda əli olan digər şəxslərlə qətiyyətli və qanuni şəkildə davranmaq lazımdır. Geniş araşdırmalardan sonra qeyd olunub ki, işin müxtəlif aspektləri aydınlaşdırılmalı və iş Azərbaycan hökumətilə əməkdaşlıq şəraitində hökmün çıxarılması ilə nəticələnməlidir. Əvvəlkitək iş üzrə eyni müttəhim keçir”.
Niyə hadisənin üstündən 5 ay keçəndən sonra İran rəsmilərinin yadına iş üzrə Azərbaycan hökuməti ilə əməkdaşlıq etmək düşür? Necə əmin olmaq olar ki, hadisəni təşkil edən də, törədən də bir nəfərdir?
“Hətta həmin terrorçunu həbsxanada öldürüb bunu özünəqəsd kimi təqdim edə bilərlər”
Sözügedən məsələ ilə bağlı “Bakı-Xəbər”ə açıqlama verən AVCİYA-nın vitse-prezidenti, professor Məhərrəm Zülfüqarlının fikrincə, İran obyektiv araşdırmanın aparılmasında maraqlı deyil: “Tehranda Azərbaycan səfirliyində törədilən terror aktı, İran hakimiyyətinin bununla bağlı biabırçı davranışları bu ölkəni dünyada rəzil edən hadisə idi. Əgər əvvəlki illər olsaydı, indiki müşahidə kameraları olmasaydı, bunların uydurduğu nağıllara kimsə inana bilərdi. Ancaq hadisə ilə bağlı görüntülər İranı dünyada biabr etdi. Hamı gördü ki, bu, birbaşa molla rejimi tərəfindən hazırlanmış terror aktıdır. Bunu nəyə görə etdiklərini deyə bilmərəm, amma hər halda İran hakimiyyətində bunu diqqətlə təhlil edən olsa bir sıra məsələlər ortaya çıxar. Görərlər ki, bunu edənlər elə İranın özünə böyük zərbə vurmuş oldular. Onsuz da İran beynəlxalq aləmdə terrorçu dövlət olaraq mənfi imicə malikdir. Tehran rejimi rəsmilərinin 5 aydan sonra məsələyə belə yanaşmaları çox təəssüf doğurur. Çünki Azərbaycan Respublikası daim İrana münasibətdə tarixi yaxınlığı, müştərək tariximizin olmasını əsas götürərək doğma münasibət bəsləyib. Məsələn, 2007-ci ildə Prezident İlham Əliyev ABŞ-ın İrana qarşı hücum planlaşdırdığı bir vaxtda qətiyyətlə bildirdi ki, biz imkan vermərik bir dövlətin başqa bir dövlətlə olan problemi Azərbaycan ərazisində həll olunsun. Yəni ABŞ-a deyildi ki, İrana qarşı müharibəyə başlasan ərazimizdən istifadə olunmasına imkan verməyəcəyik. Bu, Azərbaycanın mövqeyi, bu da molla rejiminin bu gün bizə göstərdiyi münasibət. Deməyim odur ki, İranın belə davranışı özlərini ifşa edən bir hərəkət idi. İranın 5 aydan sonra Azərbaycanla əməkdaşlığa hazır olmasını deməsi bir sıra planlara hesablanıb. Birincisi, terroru törədən icraçıdır. Onu istənilən vaxt öldürə bilərlər. Çünki belə cinayətkarlar adətən istifadə olunur və daha sonra kənara atılır. Hətta həmin terrorçunu həbsxanada öldürüb bunu özünəqəsd kimi təqdim edə bilərlər. Bu minvalla münasibətləri tənzimləmək istəyirlər. Ancaq məsələ ondadır ki, indi İran rejimi etdiyi səhvləri başa düşür. Azərbaycana qarşı düşmən hərəkətlərinin bu dövlətə də ziyan vurduğunu anlayır. Çünki Azərbaycan-İran münasibətlərinin kəskinləşməsi iki dövlətə lazım deyil. Ona görə də indi əməkdaşlıqdan danışırlar. İkincisi, hazırda Rusiya-Ukrayna müharibəsi getdiyi bir vaxtda İran Moskvaya dəstək verməklə bir daha özünü dünyada nüfuzdan salıb. Onun dəstək verdiyi Rusiya məğlubiyyətə doğru gedir. Belə olan halda Rusiyaya kömək edən İran siyasətini dəyişməyə məhkumdur. O cümlədən, yaxın qonşuları ilə münasibətlərə yenidən baxmağa məhkumdur”.
Vidadi ORDAHALLI