Ermənistanın bitməyən hərbi təxribatları fonunda ümumi regionda vəziyyətin hələ də gərgin həddə qalması müşahidə edilir. Bu vəziyyətdə ermənilər etiraf edir ki, hər 10-15 gündən bir təkrarlanan hərbi insidentlər böyük problemdir. Vəziyyətdən çıxış yolu kimi Azərbaycanla sülh müqaviləsinin imzalanmasını artıq Ermənistanda da yaxşı görürlər.
Son günlər ərzində baş verənlər də qeyd edilənlərin təsdiqidir. Bəllidir ki, erməni təxribatlarının qarşısının alınması məqsədilə martın 25-də Azərbaycan Qarabağda bəzi yüksəklikləri nəzarətə götürüb. Söhbət Sarıbaba dağının şimal-şərqindəki yüksəkliklərdən gedir. Azərbaycanın Müdafiə Nazirliyi həmin gün yaydığı bəyanatda Laçın yolunun şimalındakı torpaq yollarda Azərbaycan ordusunun bölmələri tərəfindən lokal zəruri nəzarət tədbirlərinin həyata keçirildiyini bildirib. Nazirlik buna səbəb kimi son günlər Ermənistandan Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasının intensivləşməsini göstərib. Dövlət qurumu bu daşımaların, xüsusilə gecə vaxtı və dumanlı hava şəraitindən istifadə etdiləklə həyata keçirildiyini bildirib: “Azərbaycan tərəfinin çoxsaylı müraciətlərinə və bu xüsusda aparılmış müzakirələrə baxmayaraq, silah-sursat və digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınması üçün bugünədək heç bir zəruri tədbir görülməmişdir. Yaranmış vəziyyət nəzərə alınaraq Laçın yolunun şimalındakı torpaq yollarından qeyri-qanuni fəaliyyətlər üçün istifadənin, eləcə də Ermənistan tərəfindən silah-sursat daşımaqla vəziyyətin gərginləşməsinin və potensial təxribatların törədilməsinin qarşısının alınması məqsədilə Azərbaycan ordusunun bölmələri tərəfindən lokal zəruri nəzarət tədbirləri həyata keçirilib”. Bunun ardınca Azərbaycan Müdafiə Nazirliyi martın 30-da Ermənistanla sərhəddə yerləşən Laçının Cağazur və Zabux kəndləri arasında yerləşən bir neçə hakim yüksəkliyi, əsas və yardımçı yolları, eləcə də sərhədboyu geniş sahələri nəzarətə götürdüyünü açıqlayıb. Müdafiə Nazirliyinin məlumatına görə, bu addım yeni Laçın yolunun istifadəyə verilməsi ilə əlaqədar atılıb. Yeni yol dedikdə, atəşkəs razılaşması əsasında ötən ilin yayında Azərbaycana təhvil verilmiş Laçın şəhərindən yan keçməklə Ermənistanı Xankəndi ilə birləşdirən yol nəzərdə tutulur. Laçının Cağazur və Zabux kəndləri Ermənistanla sərhəddə yerləşir və kəndlərin arasındakı avtomobil yolu Ermənistanın Gorus bölgəsi ilə Azərbaycanın Laçın şəhərini birləşdirən yolun üzərindən keçir. Bu ərazidən keçən Laçın dəhlizinin 6 kilometrlik hissəsi ötən ilin avqustunda Azərbaycana təhvil verilib. Laçının Cağazur və Zabux kəndləri arasında yerləşən ərazilərin nəzarətə götrülməsi ilə ermənilər Azərbaycan hərbçilərinin Gorusun Tex (Dığ) kəndinin yaxınlığına çatdığını bəyan etdilər. Bunlar fonunda Ermənistanın “Qraparak” nəşri məlumat yaydı ki, azərbaycanlıların həmin kəndə yaxın yerlərdə mövqe qurmasından bir gün sonra, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin iddiasına əsasən, bəzi yerlərdə Azərbaycan tərəfi əvvəlcədən hazırlanmış düzəlişləri gözləmədən özünü mövqeləşdirməyə başlayıb və mühəndis işləri aparıb: “Ermənistan tərəfinin hesablamalarına görə, beş belə məntəqə var ki, Azərbaycan tərəfi sərhəddən 100-300 metr aralıda yerləşir. Lakin daha sonra Milli Təhlükəsizlik Xidməti növbəti dəfə məlumat yayıb ki, Ermənistan və Azərbaycan nümayəndələrinin iştirakı ilə sərhədin tənzimlənməsi işləri aparılıb, nəticədə həmin ərazidə vəziyyət xeyli yaxşılaşıb. Aravusun keçmiş inzibati rəhbəri, icma şurasının üzvü Arqam Hovsepyan isə deyib ki, Azərbaycan ordusu artıq 11-ci postu həmin yerdə quraşdırıb. Onun hesablamalarına görə, azərbaycanlılar 60 hektardan çox torpağa nəzarət edirlər. Bundan başqa, Tex kəndi ərazisində bir neçə polis postu quraşdırılıb və onlar sakinləri Azərbaycan ordusunun nəzarətində olan bağlara buraxmırlar”. Halbuki, sözügedən ərazilər Laçın rayonunun inzibati ərazi bölgüsünə daxildir.
Belə vəziyyətdə ermənilər həmin ərazilərdə öz postlarını qurmağa çalışıblar ki, bununla da faktiki təxribata gediblər. Nəticədə 11 aprel insidenti baş verib. Məsələ burasındadır ki, ermənilər ərazidə əvvəl qurulmuş yeganə postlarından Azərbaycanın buradakı ən qabaqcıl postuna gedən yol istiqamətində səngər qazmaq və yeni post qurmaq qərarına gəliblər. Bu xüsusda yayılan kadrlarda həm ekskovator, həm də aparılan işlər əks olunub. Ermənilərin əsas niyyəti postlarınız arasında rabitə xətlərimizi kəsmək olub, bu isə etiraz doğurub. Buna etiraz etdikdə isə ermənilər əvvəlcədən qurulmuş ssenari üzrə atəş açıblar. Nəticədə qarşı tərəf ağır zərbə alıb. “Qraparak” nəşri qeyd edir ki, sərhəddə baş verən atışmadan sonra yenə də xalqa səhih məlumat verilməyib: "Sərhəddə döyüşlər gedib, amma Paşinyan hakimiyyəti və Müdafiə Nazirliyi özünü “sülhsevər” yerinə qoyub. Onlar deyir ki, biz atəş açmırıq, pilotsuz təyyarələrdən istifadə etməmişik, silahımız və təcavüzkar niyyətimiz yoxdur, davranışınızdan asılı olmayaraq sülhsevərik. Sonra hakimiyyət komandası erməni mətbuatını danlamağa, nəsihət etməyə başladı ki, bu haqda yazmayın, Tex və Vardenisdə baş verənləri ictimaiyyətə çatdırmayın, çünki Müdafiə Nazirliyi rəsmi məlumat verəcək. Bütün bunlardan sonra isə deyirlər ki, hazırda bölgədə vəziyyət stabildir, Vardenisdə isə çəkiliş aparmırlar. Bu ört-basdırın məqsədi 2020-ci ildən bizə məlumdur ki, hakimiyyət camaat arasında panika yaranmasını istəmir. Baxmayaraq ki, İrəvanda yaşayan insanlar panikaya düşə bilirlər. “Çaxnaşma” sözünü deməməklə Paşinyan iqtidarı başa düşür ki, hakimiyyətdən narazılıq artmamalı, hakim komandanı söyməyə başlamamalı və yekun olaraq onların getmələrini tələb etməməlidir. Bəs niyə özlərinə haqq qazandırırlar ki, biz atəş açmırıq, pilotsuz təyyarələrdən istifadə etmirik? Bəlkə bu həm də beynəlxalq ictimaiyyətə yönəlib?”. Indi erməni cəmiyyətində hesab edilir ki, sülh müqaviləsi imzalanmayacağı halda belə insidentlər təkrar olunacaq. Odur ki, Paşinyan hakimiyyətindən sülh müqaviləsinin imzalanmasının tezləşdirilməsi tələb olunur.
Samirə SƏFƏROVA