Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə telefon danışığı aparıb. O bu barədə “Twitter“ səhifəsində məlumat verib.
Aİ diplomatiyasının rəhbəri Ukraynadakı hərbi əməliyyatı dayandırmaq üçün Türkiyənin Rusiyaya təsirindən istifadə edəcəyinə ümid etdiyini bildirib: “Ukrayna taxılının ixracına dair BMT razılaşmasının təmin edilməsində və Rusiyanın Ukraynaya təcavüzünün nəticələrinin yumşaldılmasında Türkiyənin rolunu vurğuladım. Aİ sanksiyalarının təsirini müzakirə etdim və Türkiyənin mənasız müharibəni dayandırmaq üçün Rusiyaya təsirindən istifadə edə biləcəyinə ümidvar olduğumu bildirdim”.
Göründüyü kimi, Avropa müharibəni dayandırmaqla bağlı bütün ümidlərini Ərdoğana bağlayır. Doğrudanmı Ərdoğan bu cür təsir imkanına sahibdir?
Azad Vətən Partiyasının sədri Akif Nağı “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Avropa rəsmiləri əslində reallıqdan çıxış edirlər: “Ola bilər ki, bizim görə bilmədiklərimizi onlar daha aydın görə bilirlər. Bu gün Ukrayna və Rusiya ilə eyni dərəcədə münasibət saxlamağı bacaran yeganə ölkə Türkiyə, yeganə siyasi rəhbər də Ərdoğandır. Bütün bunların hamısını Avropa rəsmiləri yaxşı görür. Situasiya elə yarandı ki, Türkiyə ilə Rusiya arasında olan münasibətlərin qorunub saxlanmasına müharibənin təsiri olmadı. Türkiyə Ukrayna ilə də normal münasibətlərini qorudu. Bu neytrallığı Ərdoğan açıq nümayiş etdirdi. Yəni pərdə arxasında oyun qurmadı. Məsələnin digər tərəfi isə budur ki, həm Rusiya, həm də Ukraynanın Türkiyəyə ehtiyacı var. Çünki müharibə hər iki ölkə üçün ağır fəsadlar verir. Onlar vəziyyətdən çıxmaq üçün yollar axtarırlar. Burada nə Avropa, nə də başqaları kömək edə bilər. Çünki müharibədə açıq tərəf olublar. Bu baxımdan, Jozep Borrelin dediyi mövqe reallığı əks etdirir. Biz bunu taxıl probleminin həllində də gördük. Bütün dünyanın üzləşdiyi problemin həllinə Türkiyə böyük dəstəyini ifadə etdi. Bu məsələdə Türkiyənin səyi nəticəsində Rusiya və Ukrayna nümayəndələri bir araya gələ bildilər. Hətta Ukraya tərəfi özünə belə bəraət qazandırdı ki, onlar Rusiya ilə deyil, Ankara ilə bu məsələni razılaşdırlblar. Bütün bunlar onu deməyə əsas verir ki, bu yükün altına yalnız Ərdoğan girə bilər. Təbiidir ki, bu məsələdə liderin harizması, sözünə bütövlüyü də önəmli rol oynayır. Ərdoğanda bütün bu parametrlər özünü göstərir. Hiss edilir ki, Avropanın özü də tezliklə müharibə düyününün açılmasına çalışır. Hadisələr heç də proqnozlaşdırılan kimi cərəyan etmədi. Müdaxilə olunmayacağı təqdirdə müharibənin ömrü daha da uzanır və bundan bütün dünya ziyan görür. Türkiyənin belə vasitəçilik cəhdləri müşahidə olunur. Gərək tərəflər də bir qədər konstruktiv olsunlar ki, ortaya nəticə çıxsın”.
Məhəmmədəli QƏRİBLİ