“Ukrayna prezidenti Volodimir Zelenski insanlar tərəfindən tez-tez aldadılmasından narahatdır”. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin Manisa şəhərinə səfəri zamanı Ukrayna prezidenti ilə bağlı sualı cavablandırarkən belə deyib. Daha sonra Ərdoğan “O çox narahatdır. Ətrafında onu aldadanlar var”- deyə bilirib.
Bundan əvvəl Zelenski Ukraynada müharibə başlayandan sonra bəzi deputatların və hüquq-mühafizə orqanlarının əməkdaşlarının ölkəyə xəyanət etdiyini bildirib.
Ərdoğan nədən narahatdlr? Ukraynada nə baş verə bilər? Ərdoğan Zelenskinin yaxın ətrafının hansı zərbələr vura biləcəyindən narahatdır?..
“Ərdoğan da Ukraynada hər hansı bir hakimiyyət dəyişikliyindən və bu hakimiyyət dəyişikliyinin Ukraynada daha ciddi təlatümlərə səbəb olacağından narahatdır”
Bu barədə şərh verən politoloq Tural İsmayılov “Bakı-Xəbər”ə bildirdi ki, təbii, Ukrayna daxilində savaş qızışdıqca itkilərin çoxalmağı hakimiyyət daxilində, ola bilsin, müəyyən narazılıqları özündə ehtiva edir: “Türkiyə prezidenti Ərdoğanın vurğuladığı məsələ də Ukraynada hakimiyyət daxilində müəyyən narazılıqların baş qaldırdığını göstərir. Ancaq bütövlükdə hesab edirəm ki, bu gün Rusiyanın Ukraynaya qarşı savaşda geriyə addım atmaması, eyni zamanda Ukraynanın da sonuna qədər dəstəklənməsi Rusiya-Ukrayna münasibətlərində hansısa inqilabi geridönüşlərin yaşanmağına səbəb olmur. Ona görə də, müharibənin uzun müddət davam edəcəyini söyləyə bilərik. Eyni zamanda, əlbəttə ki, Ərdoğan Zelenski ilə görüşdükdə ola bilsin ki, Ukrayna prezidenti Ərdoğana hakimiyyət daxilində ona qarşı olan müəyyən təzyiqlərdən bəhs edib. Türkiyə prezidenti də həmin hadisəni qeyd edir. İnanmıram ki, Ukraynada ciddi mənada hansısa hakimiyyət çevirilişi prosesi baş versin, özəlliklə də indiki savaş şəraitində. Mən Zelenskinin sona qədər dəstəklənəcəyini hesab edirəm. Amma həmçinin Zelenskinin Ərdoğana söylədiyi fikirlərdən də belə aydın olur ki, ola bilsin, iki ölkə arasında hansısa məsələdə müəyyən anlaşılmazlıqlar mövcuddur. Bu anlaşılmazlıqlar Ukrayna daxilində əsəblərin və siyasi emosiyanın kifayət qədər yüksək olduğunu göstərir. Ərdoğan da Ukraynada hər hansı bir hakimiyyət dəyişikliyindən və bu hakimiyyət dəyişikliyinin Ukraynada daha ciddi təlatümlərə səbəb olacağından narahatdır”.
Amma T.İsmayılov hesab etmir ki, yaxın zamanlarda Ukrayanada hansısa hakimiyyət dəyişikliyi baş versin.
İradə SARIYEVA