İrəvanın küçələrində Rusiyanın Ukraynaya müdaxiləsinin simvoluna çevrilmiş “Z” işarəli vərəqələr yayılıb. Dirək və ağaclara yapışdırılmış ermənicə vərəqələrdə keçmiş SSRİ-də bəzi ərazilərin Rusiyaya ilhaq olunmasına çağırış edilir. Bu barədə məlumatlar və fotolar sosial media şəbəkələrində yayılıb.
Vərəqələrdəki şüarlarda deyilir: “Krım Rusiyadır. Donetsk Rusiyadır. Luhansk Rusiyadır. Mariupol Rusiyadır. Zaporojye Rusiyadır. Xerson Rusiyadır. Tiraspol Rusiyadır. Sxinval Rusiyadır. Şimali Qazaxıstan Rusiya olacaq. Qarabağ (Artsax) qoy Rusiya olsun”. Bu vərəqələr Moskvanın Ukraynanın işğal edilmiş ərazilərində referendumlar keçirmək planları barədə xəbərlərlə eyni vaxtda yayılıb. Sosial media istifadəçiləri vərəqələrin yüksək poliqrafik keyfiyyətlə və dizaynla işlənməsinə diqqət yetirir. Vərəqələrin dizaynı Vahid Rusiya Partiyasının təbliğat materiallarının tərtibatına bənzəyir. Bu da maraqlıdır ki, vərəqələrdə Ermənistanda keçmiş prezident Robert Koçaryanın müxalif parlament fraksiyası - Hayastanın emblemi çap olunub. Hayastan bloku bu vərəqələrlə hər hansı bağlılığına dair iddiaları rədd edib, bunu təxribat adlandırıb və baş nazir Nikol Paşinyanın tərəfdarlarını günahlandırıb. Köçəryan Kremlə yaxın siyasətçi hesab olunur. Onun tənqidçiləri düşünürlər ki, İrəvanda bu vərəqələrin yayılması rusiyayönlü qüvvələrin Köçəryana dəstəyinin nümayişidir. Öz növbəsində rusiyayönlü fəallar və blogerlər hadisəni Ukrayna xüsusi xidmətlərinin əməli hesab edirlər.
Şahidlər diqqəti belə bir məqama da çəkirlər ki, vərəqələr İrəvanın mərkəzində yapışdırılıb, halbuki, Sürməli ticarət mərkəzindəki partlayışdan sonra bu küçələr polis tərəfindən ciddi mühafizə olunur. Hayastan parlament fraksiyasından deputat Geğam Manukyan hadisəni təxribat təbliğatı adlandırıb: “Təşkilatçılıq, çap keyfiyyəti, Hayastan blokunun rəmzindən istifadə olunması – bütün bunlar bunun çox yaxşı təşkil olunmuş təxribat, Hayastan blokuna qarşı təxribat və müxalifətə qarşı təxribat olduğunu göstərir”. Manukyan bildirib ki, vərəqələrin müəllifləri müxalifəti təxribata çəkməyə çalışıblar: “Hansısa cəfəngiyyat yazılıb orda. Zənnimcə bu, Ermənistanın daxili siyasi həyatında, Rusiya Fedearsiyasına münasibətlə, Rusiya sülhməramlılarına münasibətlə bağlı təxribat törətmək cəhdidir”.
Manukyanın fikrincə, bu təxribat məhz müxalifəti əsas gündəlikdən yayındırmaq və hədəfləmək üçün törədilib. Hələlik nə rəsmi İrəvan, nə də Ermənistan müxalifəti Rusiyanın Ukraynaya müdaxiləsi ilə bağlı rəsmi bəyanat verib.
İrəvanda yaranan bu vəziyyət nədən xəbər verir?
Siyasi şərhçi Sahil Kərimli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, İrəvan küçələrində bu cür revanşist, separatçı çağırışları özündə əks etdirən vərəqələrin yayılması ermənilərin növbəti təxribatlarından xəbər verir: “Müharibədən sonra Ermənistanda bir qrup revanşist qüvvələr baş qaldırmağa başladı və onlar sarsıdıcı məğlubiyyətdən nəticə çıxarmadılar. Son iki ildir ki, biz həmin qüvvələrin nə istədikıərini görürük. Onlar Azərbaycanla Ermənistan arasında yarana biləcək sülhə mane olmaq istəyirlər. Bu əməllərin nəticə vermədiyini görüb, digər ölkələrə aid təxribatçı, onların ərazi bütövlüyünü şübhə altına alan bu şuarları öz paytaxtlarında yayırlar. Hətta Qarabağı da Rusiyanın ərazisi kimi göstərirlər. Qarabağ Xankəndisi, Xocalısı ilə birmənalı olaraq bizim suveren ərazimizdir. Bu ərazilər tarixən Azərbaycan torpağı olub, belə də qalacaq. Rusiya ilə Azərbaycan arasında müttəfiqlik müqaviləsi var. Bu o anlama gəlir ki, ölkələrimiz bir-birinin ərazi bütövlüyünü tanıyır. Belə təxribatlarla onlar bizimlə Rusiyanın münasibətini korlaya bilməzlər. Bu cür əməllərdə Köçəryan-Sarkisyan cütlüyünə aid olan qüvvələrin dəsti-xətti görünür. Adı çəkilən iki qanıiçən vaxtıilə Azərbaycan xalqına qarşı cinayətlər törədib. Onların bu arzuları da ürəklərində qalacaq”.
Məhəmmədəli QƏRİBLİ