Son günlər mətbuatda AMİP lideri Etibar Məmmədovun aktiv siyasətə qayıdacağı ilə bağlı müxtəlif fikirlər səslənir. Hətta iddialara görə, növbəti parlament seçkilərində müştərək şəkildə iştirak etmək üçün Etibar Məmmədovun rəhbərliyilə koalisiya yaradılır.
İttifaqda Etibar Məmmədovdan başqa, ADP sədri Sərdar Cəlaloğlu, KXCP sədri Mirmahmud Mirəlioğlu, Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev və digərlərinin yer alacağı bildirilir.
Adıçəkilən siyasilərdən ibarət bir koalisiyanın yaradılması nə dərəcədə real görünə bilər?
AMİP Mərkəzi Şurasının sədri Rəşad Bayramov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Etibar bəyin müsahibələrindən sonra, bu cür məlumatların yayılması ilk dəfə deyil ki, baş verir: “Zaman-zaman Etibar bəyin aktiv siyasətə qayıdacağı ilə bağlı informasiyalar yayılmaqdadır. Son xəbər həqiqəti əks etdirmir. Bu məlumatı yayıb, sonra bunun ətrafında müzakirələri qızışdırmaq sifarişli kampaniyaya bənzəyir. Arxasında hansı məqsədin dayandığını demək çətindir. Belə bir təhlili ortaya atanlar elə həmin yazının içində adları çəkilən şəxslərin münasibətini öyrənə bilərdi. Bu, edilməyib. Buradan başqa qənaət də çıxır. Bir qisim siyasilər bundan sevinsələr də, bəziləri isə narahatlıq ifadə ediblər. Belə bir plan olacaqsa, onu ilk olaraq Milli İstiqlal Partiyası biləcək və mətbuata da bizim vasitəmizlə çatdırılacaq. Etibar bəyin aktiv siyasətə qayıtması Azərbaycandakı mövcud siyasi vəziyyətin daha da inkişafına səbəb ola bilər. Etibar bəy 2004-cü ildən aktiv siyasətdən çəkilib. Keçən dövr ərzində, ayrı-ayrı partiyaların fəaliyyətində irəliləyiş olmayıbsa, əksinə, çöküş baş veribsə, demək ki, Etibar bəyin siyasətə qayıtması daha yaxşı olardı. Ancaq hələ ki, onun belə fikiri yoxdur”.
Koalisiyada iştirakının olacağı iddia edilən Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev deyib ki, bloklara qoşulmamaq siyasətinə üstünlük verirlər və deyilən koalisiya istiqamətində heç bir fəaliyyətləri olmayıb.
Məhəmmədəli QƏRİBLİ