“Ermənistan Qarabağın statusu ilə bağlı yekun qərar qəbul edilmədən Azərbaycanla sülh müqaviləsinin bağlanmasını istisna etmir. Belə bir fikir var, lakin indiki mərhələdə hər hansı belə qətnamədən danışmaq tezdir”.
Bunu “Armenpress”ə müsahibəsində Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib.
O qeyd edib ki, Bakı ilə sülh müqaviləsinin imzalanması sülh gündəliyinin və yol xəritəsinin kulminasiya nöqtəsidir. Qriqoryan bir daha xatırladıb ki, Ermənistan Azərbaycanın təklif etdiyi münasibətlərin normallaşdırılmasına dair beş bəndlik sənədi məqbul hesab edir. Təhlükəsizlik Şurasının katibinin sözlərinə görə, Ermənistan ölkə qanunvericiliyi əsasında Azərbaycanın ərazi bütövlüyünü tanıyır: “Biz dəfələrlə demişik ki, Ermənistan və Azərbaycan 1991-ci ildə imzalanmış və sonradan ratifikasiya olunmuş MDB-nin yaradılması haqqında sazişlə bir-birinin ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını tanıyıb. Və bu gün bu həm Ermənistanın, həm də Azərbaycanın qanunvericiliyinin bir hissəsidir. Bu, ikitərəfli səviyyədə də öz əksini tapmalıdır”.
O, bu kontekstdə Ermənistanın Azərbaycana qarşı heç bir ərazi iddiasının olmadığını vurğulayıb: “Qarabağ məsələsi bizim üçün ərazi məsələsi deyil. Bu mənada Qarabağ ermənilərinin təhlükəsizliyi və hüquqları bizim üçün prinsipial əhəmiyyət kəsb edir. Paşinyan Milli Assambleyadakı çıxışlarının birində qeyd edib ki, Qarabağ məsələsini Ermənistan-Azərbaycan münasibətlərindən ayırmaq ideyası var. İndi biz bu variantı fəal şəkildə müzakirə etməli və necə davam edəcəyimizə qərar verməliyik”.
Görünən odur ki, Ermənistan rəhbərliyi Qarabağ məsələsini Azərbaycanla münasibətlərin qurulmasından ayırmaq taktikasını seçir. Ən azından bunu istisna etmirlər.
Məsələyə münasibət bildirən AMİP sədri Arzuxan Əlizadə hesab edir ki, bu, Ermənistanın növbəti hiyləgər siyasi gedişidir: “O baxımdan əsla onların hər dediyinə inanmaq olmaz. Ermənistan sözdə bir vəd verir, əməldə başqa addımlar atır. Bundan əvvəl də Ermənistan rəsmiləri oxşar fikirlər səsləndiriblər, amma praktiki addımlar olmayıb. Üç aydan sonra 10 noyabr razılaşmasının 2 ili tamam olur. Bu müddət ərzində Ermənistan razılaşmanın bəndlərinə əməl edibmi? Söhbət Ermənistan ordusunun Qarabağdan çıxarılmasından və Zəngəzur dəhlizinin reallaşmasından gedir. İndi-indi deyirlər ki, Ermənistan ordusu Qarabağdan çıxarılacaq. Haradan əmin olmaq olar ki, praktiki olaraq Ermənistan bu öhtəliyə əməl edəcək? Hardan əmin olmaq olar ki, Ermənistan zabitləri başqa formada orada fəaliyyət göstərməyəcəklər? Belə olsaydı o zaman Qarabağda atəşkəsin pozulması halları artmazdı, rus sülhməramlılarının kölgəsində erməni silahlı birləşmələri yeni səngərlər qazmazdılar. Bu baxımdan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın məlum açıqlaması o demək deyil ki, Ermənistan Azərbaycanla sülh sazişi bağlamaqda, bununla bağlı prosesləri sürətləndirməkdə qərarlıdır. Erməni rəsmilərin sülh sazişi ilə bağlı dediklərinin səmimiliyinə inanmaq olmaz. Bu, sadəcə vaxt uzatmaqdan ötrü onların növbəti siyasi gedişidir”.
O üzdən, partiya sədri hesab edir ki, Azərbaycan Ermənistana hərbi təzyiqləri artırmalıdır.
Vidadi ORDAHALLI