Avropa İttifaqı (Aİ) Rusiya qazının idxalında məhdudiyyətlərin yaranmasının öhdəsindən gələ bilər. Belə bir açıqlama ilə Avropa Komissiyasının sədri Ursula von der Leyen çıxış edib. Onun sözlərinə görə, Rusiyanın "Qazprom" şirkəti tərəfindən qaz tədarükünün qismən pozulması və ya daha da azalması ehtimalına baxmayaraq, Avropa İttifaqı hazırda daha təhlükəsiz vəziyyətdədir.
Von der Leyen onu da xatırladıb ki, Avropa İttifaqı hazırda ABŞ, Qətər, Misir, Azərbaycan, Nigeriya və Cənubi Koreya ilə qaz və mayeləşdirilmiş təbii qazın (LNG) tədarükünü artırmaq üçün danışıqlar aparıb. Proseslər göstərir ki, bu danışıqlarda artıq Azərbaycanla müəyyən razılıqlar əldə edilib. Bunu İtaliya Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin dövlət katibi Manlio Di Stefanonun “Sole 24 Ore” portalına müsahibəsində səsləndirdiyi fikirlər də təsdiq edir. O, “Transadriatik” (TAP) boru kəməri ilə nəql edilən qaz həcminin çoxalacağını bildirib. İtaliyanın enerji təchizatı mənbələrinin şaxələndirilməsi və gələcəkdə Avropada enerji mərkəzi funksiyasını yerinə yetirmək planlarından danışan Manlio Di Stefano bildirib: “Ukrayna böhranı və Liviyadakı qeyri-sabitlik enerji mənbələrinin şaxələndirilməsinin uzaqgörən seçimlərlə vaxtında həll edilməli olan mühüm element olduğunu göstərdi. Bu baxımdan Azərbaycan və Əlcəzair kimi möhkəm tərəfdaşlıqlara üstünlük vermək lazımdır”. Hazırda İtaliyanın təbii qaz istehlakının 96 faizinin xarici təchizatçılardan asılı olduğunu bildirən dövlət katibi deyib: “TAP boru kəməri vasitəsilə Azərbaycan təbii qazının Avropaya çatdırılması üçün “Cənub Qaz Dəhlizi açılıb”. Bu boru kəməri 2020-ci ilin dekabrında istifadəyə verilsə də, ağır dövrlərdə daxili bazarda təbii qazın qiymətini aşağı salan infrastruktur rolunu oynayıb. Təkcə bu deyil. TAP sayəsində biz ilk dəfə Fransaya təbii qaz ixrac edə bildik. TAP-ın mümkün qədər tez bir zamanda tam ötürücülük gücü ilə istismarı üçün artıq azərbaycanlı tərəfdaşlarımızla səylər göstəririk”.
Qeyd edək ki, bu vaxtadək TAP boru kəməri ilə Avropaya 8 milyard kubmetrdən çox Azərbaycan təbii qazı nəql edilib və bu həcmin 7 milyard kubmetri İtaliyaya çatdırılıb. İtaliya bu həcmin cari ildə ən azı 10 milyard kubmetrə çatdırılmasını istəyir. Azərbaycan bu il üçün 19 milyard kubmetr təbii qaz ixrac etməyi planlaşdırır. Lakin Avropada Azərbaycan qazına getdikcə yüksələn tələbat fonunda bu rəqəmin artması istisna edilmir. Hazırda ixrac edilən təbii qaz həcminin artırılması məqsədilə Azərbaycanla Avropanın bir sıra ölkələri, Avropa ittifaqı arasında müvafiq yeni müqavilələrin imzalanması ilə bağlı danııqlar aparılır və bu danışıqların tərəflərin razılığı ilə sonuclanacağı şübhə doğurmur. Bu da Azərbaycanın nəzərdə tutulduğundan daha çox həcmdə Avropaya qaz ixrac edəcəyinin istisnalıq təşkil etmədiyini göstərir. “Cənub Qaz Dəhlizi”nin istifadəyə verilməsi ölkəmizin enerji potensialının dünya bazarlarında reallaşdırılması baxımından mühüm hadisə hesab edilir. Bununla Azərbaycan həm də Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində daha mühüm rol oynamağa başlayıb. Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” yatağının ehtiyatlarının işlənməsi və Azərbaycan qazının Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya çatdırılması ilə ölkəmizin “köhnə qitə”nin enerji təhlükəsizliyinin təmin olunmasında rolu daha da artıb. Azərbaycanın mövcud potensialı Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya daha böyük həcmdə təbii qaz nəqlinə imkan verir. Avropada Azərbaycanın bu potensialı nəzərə alınır. Azərbaycanın qeyd edilənlər fonunda Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində rolunun daha da artması proqnozlaşdırılır. Bu da onu göstərir ki, Azərbaycan Avropanın müasir enerji təhlükəsizliyi sistemində daha mühüm yer tutmağa başlayır, Qərb dünyasında etibarlı tərəfdaş olaraq qəbul edilir. Bundan əlavə, Qərbdə nəzərə alınır ki, Cənub Qaz Dəhlizi Azərbaycan qazı ilə yanaşı, yaxın perspektivdə digər mənbələrdən Avropaya “mavi yanacaq” nəqlində əsas tranzit kəmərlərdən biri ola bilər. İlk növbədə Türkmənistanda, daha sonra Şərqi Aralıq dənizində, İranda hasil edilən qazın bir hissəsinin məhz “Cənub Qaz Dəhlizi” vasitəsilə Avropaya nəqli proqnozlaşdırılır. Bu fonda qeyd edək ki, “Cənub Qaz Dəhlizi”nin sonuncu seqmentini təşkil edən TAP Avropa üçün strateji və iqtisadi əhəmiyyət daşıyır, yeni təbii qaz mənbəyinə etibarlı çıxışı təmin edir. TAP Avropanın enerji təhlükəsizliyinin möhkəmlənməsində, təchizatın diversifikasiyasında, həmçinin karbon emissiyasının azaldılmasında mühüm rol oynayır. Elə bu səbəbdəndir ki, Azərbaycandan qaz almaq istəyən Avropa ölkələrini sayı artır. Macarıstanın Azərbaycandakı səfiri Viktor Sederkeni bu xüsusda bildirib ki, ölkəsi Azərbaycandan qaz idxal etməkdə maraqlıdır. Onun fikrincə, Avropanı bürüyən qaz böhranı bu zərurəti daha da artırır: “Biz Azərbaycandan ildə 1 milyard kubmetr qaz idxal etməkdə maraqlıyıq. Hazırda bu istiqamətdə işlər görülür”. Səfir 2023-cü ilədək qaz tədarükünün yoluna qoyulacağına ümidvar olduqlarını qeyd edib. O, məsələ ilə bağlı SOCAR-la danışıqlar aparıldığını da diqqətə çatdırıb. Bununla yanaşı, Şimali Makedoniya, Xorvatiya, Monteneqro, Albaniya, Rumıniya, Bosniya və Herseqovina Azərbaycan təbii qazını Avropaya nəql edən Cənub Qaz Dəhlizinə qoşulmaq niyyətlərini ifadə ediblər. Amma bu ölkələrin sayının daha da artması gözlənilir. Cənub Qaz Dəhlizinin Yunanıstan və Albaniya ərazisində, İtaliyadakı çıxış nöqtələri Azərbaycan qazının digər Avropa ölkələrinə nəqli üçün də imkanlar açır. Hətta ötən ilin əvvəlində Azərbaycan qazı Fransa və İsveçrəyə nəql edilib.
Ramil QULİYEV