Azərbaycanın tezliklə bütün Qarabağ üzərində nəzarəti tam ələ alacağına dair Ermənistanda səslənən fikirlərin sayı sürətlə artır. Ermənilər özləri də etiraf edir ki, yalnız rus sülhməramlı qüvvələrinə görə bu proses müəyyən qədər gecikir. Erməni diasporunun ən tanınmış və fəal nümayəndələrindən biri, ABŞ-da nəşr olunan “The California Courier” qəzetinin təsisçisi və baş redaktoru olan Arut Sasunyan da erməni mətbuatına açıqlamasında Qarabağda qalan ermənilərin gələcəyinin qaranlıq olduğunu bildirib.
Sasunyan Nikol Paşinyanın seçkidə qalib gəlməsini xalqın iradəsinin təcəssümü saydığını deyib, lakin onun idarəçiliyinin Qarabağın ermənilərin əlindən birdəfəlik çıxması ilə yekunlaşacağını qeyd edib: “Seçkinin nəticəsi Ermənistan əhalisinin qərarıdır və biz bu qərara hörmətlə yanaşmalıyıq. Ancaq Qarabağdakı məğlubiyyətdən sonra mən ümid edirdim ki, Paşinyan istefaya gedəcək. Bu, Ermənistan üçün ən yaxşı ssenari olardı. Paşinyan İlham Əliyevlə diplomatik mübarizədə çoxlu səhvlərə yol verib və mina xəritələrinin verilməsi də bu səhvlərdən biridir. Sonuncu dəfə 15 əsirə görə 97 min minanın xəritəsi verildi ki, bu da kobud səhv idi. Sözsüz ki, əsir düşən ermənilərin ailələri sevinir, lakin bu formatın özü səhvdir. Əliyevin hansı oyun qurduğu aydındır. Bu cür davam etsə, Əliyev yeni güzəştlər tələb edəcək və təəssüf ki, həmin güzəştləri alacaq”. Sasunyan qeyd edib ki, Ermənistan nə Qarabağda, nə də Zəngəzurda Azərbaycan qarşısında güc göstərə bilib və bu cür davam etdikcə, həm Ermənistan, həm də Qarabağdakı ermənilər real təhlükə ilə üz-üzə qalacaq: “Rusiya sülhməramlılarının Qarabağda 5 illik xidmət müddətindən artıq 8 ay keçib. 5 illik müddət bitən gün azərbaycanlılar Xankəndiyə girəcək. Çünki erməni tərəfi nə Qarabağdakı müharibədə, nə də indi Zəngəzurda güc göstərə bildi”. Ekspertlər qeyd edir ki, əslində, erməni tərəfinin narahatlığı əbəs deyil. Bu fonda rusiyalı tarixçi və siyasi analitik Oleq Kuznetsov bildirir ki, Azərbaycanla normal münasibətlər qura bilməyəcəyi halda Ermənistan daim problemlər içində boğulacaq: “Seçkilərdən həm əvvəl, həm də sonra Ermənistanın qarşısında üç qlobal problem dayanıb və bu problemləri yeni parlament və hökumət həll etməlidir. Bu problemlərin kompleks həlli olmadan Ermənistanın gələcəyi olmayacaq. Birincisi, Qarabağdan imtina və bunun Azərbaycanın bir hissəsi kimi tanınması, ikincisi Azərbaycanla dövlət sərhədinin demarkasiyası, üçüncüsü Zəngəzur dəhlizinin açılmasıdır. Bu problemlərin hansı ardıcıllıqla həll olunacağı önəmli deyil. Bu problemlərin kompleks həlli olmadan Ermənistanın gələcəyi olmayacaq. İstənilən halda, bu ölkənin əhalisi və hökuməti ambisiyalarla rifah arasında seçim etməlidir". Digər ekspert İqor Korotçenko da eyni mövqeni bölüşür: “Bu yaxınlarda Ermənistanda növbədənkənar parlament seçkisi keçirildi və Nikol Paşinyanın rəhbərlik etdiyi siyasi qüvvələr qətiyyətli qələbə qazandılar. Paşinyan revanş ideyasını dəstəkləmir, onun bir sıra bəyanatlarını isə dialoqa hazır olmaq, qonşularla münasibətlərin normallaşdırılması kimi qələmə vermək olar. Erməni cəmiyyəti öz seçimin etdi, bu seçim isə müharibədən deyil, sülhdən yana oldu. Əgər erməni cəmiyyətinin bu arzusu Paşinyanın yeni hökuməti tərəfindən nəzərə alınsa, bu, bölgədə hadisələrin sülh variantına uyğun inkişafına şans verəcək”. Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev hər zaman Ermənistanla dinc və mehriban qonşuluq münasibətləri qurmağa hazır olduqlarını bəyan edib. Bundan başqa, son zamanlar dövlət başçısı bir neçə dəfə İrəvana bir-birinin ərazi bütövlüyünün qarşılıqlı tanınması əsasında sülh müqaviləsi imzalamağı təklif edib: "Ancaq ortaya belə bir sual çıxır: Ermənistan buna hazırdırmı? Cavab vermək çətindir. Çünki Ermənistan və erməni elitası hələ də əvvəlki kimi Dağlıq Qarabağla bağlı iddialar irəli sürür. Azərbaycan üçün Qarabağ münaqişəsi bitib. İkinci Qarabağ müharibəsinin nəticələri bu məsələyə nöqtə qoydu. Və yenə ortaya sual çıxır: Erməni siyasi elitası qonşu dövlətə qarşı ərazi iddialarından əl çəkməyə hazırdırmı?". Ekspertin sözlərinə görə, hazırda Ermənistanda Azərbaycanla sülh müqaviləsi imzalamağa hazır olmayan qüvvələr var: “Bununla belə, seçkinin nəticəsinin necə qələmə verilməsindən asılı olmayaraq, erməni xalqı sülhə səs verib. Və Paşinyan da iqtisadi inkişaf məntiqindən çıxış edərək, bölgədəki ölkələrlə mehriban qonşuluq münasibətlərini inkişaf etdirməyə məcbur olacaq. Hazırda çox mürəkkəb proseslər gedir, üstəlik, İkinci Qarabağ müharibəsinin başa çatmasından da bir o qədər çox vaxt keçməyib. Ermənistanda çoxları üçün bu, psixoloji travmadır. Ancaq hər bir halda, mənə elə gəlir ki, erməni cəmiyyəti yeni müharibəyə deyil, sülhə səs verəcək. Və bu, Bakının mövqeyinin İrəvanda qəbul ediləcəyinə şans verir".
Elə Ermənistanın “Hayeli” nəşrində dərc olunan məqalədə də qeyd olunur ki, Azərbaycan Paşinyan hakimiyyətindən nə gözlədiyini açıq şəkildə söyləyir: “Azərbaycan bildirir ki, qoy Ermənistan sülh müqaviləsi imzalasın, sərhədlərimizi tanısın, Zəngəzur dəhlizi açılsın, bundan sonra artıq kommunikasiyaların blokadadan çıxarılması haqqında düşünmək olar. Və bütün bunlar Azərbaycan ordusunun davamlı olaraq yenidən silahlandırılması şəraitində həyata keçirilir. Türkiyə-Azərbaycan hərbi ittifaqı imzalanıb, son bir neçə ayda artıq bir neçə dəfə birgə hərbi təlimlər həyata keçirilib”.
Samirə SƏFƏROVA