Bu ilin iyun ayının 28-də Bişkek şəhərindəki ən iri təhsil müəssisələrindən olan Qırğızstan –Türkiyə Manas Universitetində “Qarabağ Zəfəri” adlı sərginin açılışı olub.
Tədbirdə Azərbaycanın Qırğızstandakı səfiri Hidayət Orucov, Qırğızstan parlamentinin deputatları, bu ölkədə akkreditə olunmuş səfirlər, diplomatik nümayəndəliklərin əməkdaşları, elm, mədəniyyət və incəsənət xadimləri, KİV nümayəndələri, universitetin professor-müəllim heyəti, tələbələr, diasporumuzun üzvləri iştirak edib.
İlk olaraq ölkəmizin ərazi bütövlüyü uğrunda canını qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan, Qırğızstan və Türkiyənin himnləri oxunub. Bakı Media Mərkəzinin çəkdiyi “Azərbaycan Ordusunun Zəfər Paradı” adlı qısametrajlı film nümayiş olunub.
Tədbiri açan Qırğızstan – Türkiyə Manas Universitetinin rektoru professor Alpaslan Ceylan Azərbaycanın 30 illik Qarabağ işğalına son qoyan qəhrəman ordusunu təbrik edib, Qarabağın azadlığı uğrunda mübarizədə şəhid olanlara Allahdan rəhmət diləyib, Azərbaycan xalqına başsağlığı verib, qazilərimizin tezliklə sağalmasını arzulayıb. Rektor Azərbaycan-Türkiyə birliyinin dostluq və qardaşlığın bariz nümunəsi olduğunu vurğulayıb.
Tədbirdə çıxış edən səfir Hidayət Orucov deyib ki, 30 mart 2019-cu ildə Ermənistan Müdafiə naziri David Tonoyanın Nyu-Yorkdakı erməni icması ilə görüşündə "sülh üçün ərazi" yanaşmasının tətbiq olunmayacağını və yeni yanaşma olaraq “Yeni ərazilər üçün yeni bir müharibə" tətbiq olunacağının söyləməsi, 5 avqust 2019-cu ildə Ermənistanın Baş naziri Nikol Paşinyanın Azərbaycanın qeyrət simvolu sayılan “Cıdır düzü”ndə sərxoş vəziyyətdə rəqs edərək "Qarabağ Ermənistandır və nöqtə" deməsi və ümumiyyətlə Ermənistan siyasi-hərbi rəhbərliyinin digər ağlasığmaz təxribatçı hərəkətləri işğalçı ölkənin hələ də törətdiyi cinayətləri dərk etmədiyini dünyaya göstərdiyini bildirib.
Səfir deyib ki, Azərbaycan həmişə münaqişənin sülh yolu ilə həllinə sadiq qalıb və Azərbaycan Prezidenti bunu, BMT tribunası da daxil olmaqla, bütün beynəlxalq platformalardan elan edir, bütün ölkələri açıq şəkildə müharibəyə hazırlaşan Ermənistana qarşı müvafiq tədbirlər görməyə çağırırdı.
H.Orucov bildirib ki, Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm uğurlarımızın ən başlıca səbəbi Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin son 17 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.
Türkiyənin Qırğız Respublikasında səfiri Əhməd Sadık Doğan öz çıxışında Azərbaycanın haqlı olduğunu və döyüşdə haqlı qələbə qazandığını deyib və bütün Azərbaycan xalqını, türk dünyasını böyük tarixi hadisə münasibətilə səmimi-qəlbdən təbrik edib.
Azərbaycanlıların “Azəri” İctimai Təşkilatının fəxri prezidenti, Qırğız Respublikasının Əməkdar həkimi Akif Alaferdov və “AzVirt Qırğızstan” şirkətinin direktoru Çingiz Baxişev çıxışlarında qələbənin regiondakı bütün dövlətlərin və qonşu ölkələrin rifahına və sülh maraqlarına xidmət edəcəyinə əminlikləri bildiriblər.
Sonra Qırğızstan – Türkiyə Manas Universitetinin rektoru professor Alpaslan Ceylan, səfir Hidayət Orucov və Türkiyə səfiri Əhməd Sadık Doğan sərginin açılışını bildirən qırmızı lenti kəsib.
İştirakçılar rəşadətli ordumuzun zəfər yollarını əks etdirən sərgi ilə tanış olub.