"Rusiyanın sərhəd qoşunları Ermənistanla Azərbaycan arasında sərhəddə duracaq, sonra demarkasiya və delimitasiya olacaq, bundan sonra Ermənistan və Azərbaycan Sərhəd Qoşunları sərhəddə duracaqlar". Bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ölkəsinin İctimai Televiziyasına verdiyi müsahibəsində deyib.
Təhlükəsizlik Şurasının rəhbəri qeyd edib ki, Ermənistanın "öz gücü çatmasa, həmin yerlərdə Rusiya qoşunları dayanacaq. Qəti qərara alınıb ki, Rusiya sərhədçiləri sərhəddə duracaqlar". Qeyd edək ki, bir müddət əvvəl Azadlıq Radiosunun erməni redaksiyası İrəvanla Moskvanın Ermənistanda Rusiya hərbi bazasının genişləndirilməsi ilə bağlı danışıqlara başladığını bildirmiş, bu məqsədlə Müdafiə Nazirliyinin, XİN-in, Ərazi idarəetmə və İnfrastruktur nazirliyinin, Silahlı Qüvvələrin Baş Qərargahının, Ermənistan-Rusiya Birləşmiş Qrupunun, həmçinin Kadastr komitəsinin yüksək vəzifəli nümayəndələrindən ibarət erməni nümayəndə heyətinin Rusiya paytaxtına yola düşdüyünü yazmışdı.
Radio, həmçinin xatırlatmışdı ki, Ermənistan hökumətinin mayın 27-də keçirilən iclasında Sünik vilayətində (Zəngəzur) ümumi sahəsi 3,5 hektara yaxın olan torpaq sahəsinin pulsuz istifadə hüququ ilə Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Ermənistanda yerləşən sərhəd İdarəsinə ayrılması barədə qərar qəbul edilib. O da vurğulanmışdı ki, həmin torpaq sahəsi Ermənistan hökumətinin “9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatdan sonra Ermənistanın cənub-şərq sərhədlərini möhkəmləndirmək lazımdır” əsaslandırmasına əsasən Rusiya sərhədçilərinin istifadəsinə keçir.
Söhbət Laçın və Kəlbəcər rayonları istiqamətindən keçən dövlət sərhədindən gedir, hansı ki, Azərbaycan Silahlı Qüvvələri sovet dövrü xəritələrinə əsasən artıq həmin sərhədlərdə möhkəmlənib.
Rusiya qoşunlarının Azərbaycanla sərhəddə yerləşdirilməsi arzuedilən deyil. Ancaq bununla Ermənistan, faktiki olaraq, bizim sərhədləri rəsmən tanıdığını etiraf etmiş olurmu?
Hərbi-siyasi ekspert Daşdəmir Əliyev “Bakı-Xəbər”ə bildirdi ki, Rusiyanın bu addımına müxtəlif şərhlər vermək olar: “Bizim üçün narahatedici məqam var. Bu o anlama gəlir ki, Rusiya Ermənistanın təxribatlarını müdafiə edəcək. Bunun əksini düşünənlər də az deyil. Bu qənaət ondan ibarətdir ki, ermənilər istənilən halda təxribat törətməyə çalışır. Görünür, Kreml də bunu başa düşür və artıq prosesə özü müdaxilə edib. Hətta yayılan bəzi videolarda da erməni tərəfi məqsədli şəkildə Azərbaycan sərhədlərini dəyişdirməyə və təhrif etməyə səy göstərir. Yəni indiki halda rusların əsas məqsədi, görünür ki, ermənilərin bu kimi təxribatlarının qarşısını almaq və ən qısa zamanda sərhədlərin delimitasiya və demarkasiya prosesini gerçəkləşdirərək nəqliyyat-kommunikasiya xətlərini açmaqdır. Yəni onlar bölgədə nəqliyyat-kommunikasiya sistemlərinin bərpa olunmasında maraqlıdırlar. Düşünürəm ki, məhz bu proses də bizim xeyrimizə ola bilər. Görünür, regionda siyasi konfiqurasiya formalaşır. Bu konfiqurasiyanın fonunda Kreml prosesi Türkiyə və Azərbaycanla birlikdə aparmaqda maraqlıdır. Çünki Rusiyanın özünə qarşı da bu gün təzyiqlər var. Buna görə də istəyir ki, Cənubi Qafqazda proses tez tənzimlənsin və ən azından, Cənubi Qafqazdakı iqtisadi layihələrdən bəhrələnə bilsin. Sərhəd köhnə SSRİ xəritəsilə bərpa edilirsə və Ermənistan buna tam razıdırsa, deməli, sərhədi tanıyırlar. Sərhəddə kimin durması isə ikinci dərəcəli məsələdir. Onsuz da Ermənistanın Türkiyə və İranla da sərhədlərini rus sərhədçiləri qoruyur”.
Məhəmmədəli QƏRİBLİ