Artıq təsdiqlənib qəbul edilmiş həqiqətdir ki, qədim tarixə malik Azərbaycan müstəqil, hüquqi respublika kimi 30 ilə yaxın inkişaf tarixində çoxmədəniyyətliliyə, tolerantlıq ənənələrinə sadiq qalaraq müxtəlif millətlərin və etnik birliklərin ana dilinə, dini inanclarına hörmətlə yanaşma prinsiplərini uca tutub, xalqların bir-birinin adət-ənənəsinə, mədəniyyətinə hörmət ruhunda yaşamasının qarantı olub.
Azərbaycan Respublikası qlobal demoqrafiya, miqrasiya problemləri ilə üz-üzə qaldığı, 1 milyon qaçqının qayğısını həll etdyi dönəmdə də çoxmədəniyyətliliyə hörmət və məsuliyyət hissini unutmayıb, ermənilərin xalqımıza yüzillər boyu qəddar düşmən münasibətdə olmasına baxmayaraq, erməni əsilli kütlənin təhlükəsizliyini təmin edib, onların dini mənəvi ənənəsinə bağlı maraqlarını belə diqqətdə saxlayıb.
Əsrlər boyu Azərbaycanda multimədəniyyətli cəmiyyətlər mövcud olub
Prezident İlham Əliyevin multikulturalizm ideyalarına yüksək qiymət verərək, bəşərin qlobal mədəniyyət problemlərinin həllində bu həyati mədəniyyət proqramına əsaslanması və onu öz peşəkar siyasətçi, səriştəli lider qüdrəti ilə dayanıqlı inkişaf modelinə çevirməsi indi bütün planetə məlum faktdır.
Azərbaycanın dövlət rəhbəri cənab İlham Əliyevin aşağıdakı iqtibasda öz ifadəsini tapmış dərin məzmunlu fikirləri müstəqil Azərbaycan Respublikasının multikulturalizm modelinin məzmun və mahiyyətini dolğunluqla canlandırır: “Multikulturalizm Azərbaycanda həyat tərzidir. Düzdür, bu termin nisbətən yenidir. Ancaq əsrlər boyu Azərbaycanda multimədəniyyətli cəmiyyətlər mövcud olub. Xalqlar arasındakı dostluq və həmrəylik bunun bariz nümunəsidir. Biz bu gün də çalışırıq ki, öz təşəbbüsümüzlə regionda və dünyada gedən proseslərə müsbət təsirimizi göstərək”.
Azərbaycan ictimai-siyasi fikrində, eləcə də elmi sahələrdə multikulturalizm aktual sahə və mövzu kimi ciddi araşdırma obyektinə çevrilib. Azərbaycanda multikulturalizm, mədəniyyətləararası dialoq mövzusunda təşkil olunan beynəlxalq forumlar, onların nəticəsi olaraq ölkəmizin qoşulduğu konvensiyaların müddəalarından irəli gələn vəzifələrin həyata keçirilməsi ölkəmizin dünyaya inteqrasiyasını reallaşdırmaqla bərabər, xalqımızın qonaqpərvərlik, qonşuluq, dostluq, qardaşlıq, beləcə ümumbəşəri humanizm hisslərinə bağlı olduğunu əyani surətdə təsdiq edir.
Cənab İlham Əliyevin “Mədəniyyəti ortaq təhlükəsizlik naminə paylaşaq” mövzusunda III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun rəsmi açılışınnda xüsusi olaraq vurğuladığı aşağıdakı fikirlər də multikulturalizm ideyalarını cəmiyyətin inkişafının yaşam fəlsəfəsi kimi qəbul etmiş Azərbaycan Respublikasında bu istiqamətdə qazanılmış tarixi və müasir nailiyyətləri aydın ifadə edir: “Bu gün Azərbaycan beynəlxalq ictimaiyyətin nüfuzlu üzvüdür, regional müstəvidə çox müsbət rol oynayır. Bizim təşəbbüslərimiz regional əməkdaşlığın gücləndirilməsinə istiqamətləndirilib. Enerji təhlükəsizliyi ilə bağlı siyasi və iqtisadi məsələlər diqqət mərkəzindədir. İrəli sürdüyümüz təşəbbüs və layihələr regionun hüdudlarını aşıb. Bu layihələr ölkələri və qitələri birləşdirir. Enerji təhlükəsizliyi məsələsinə nəzər saldıqda aydın görünür ki, Azərbaycan burada artıq Avropanın enerji təhlükəsizliyi üçün mühüm rol oynayır”.
Azərbaycan təkcə məscidləri bərpa edən, yeni məscid tikən ölkə kimi yadda qalmır...
Prezident İlham Əliyev də ölkəmizdə dini konfessiyaların, din-dövlət münasibətlərinin daha da inkişaf etdirilməsinə öz layiqli töhfəsini verib. Azərbaycan təkcə məscidləri bərpa edən, yeni məscid tikən ölkə kimi yadda qalmır. Həm də Azərbaycanda yaşayan digər dinlərə məxsus ibadət yerləri bərpa edilir, yaxud yenidən tikilir. Azərbaycan bir çox ölkələrdə müxtəlif dinlərə məxsus ibadət yerlərini bərpa etdirməklə xalqımızın necə multikultural olmasını bütün dünyaya nümayiş etdirir.
Vətən müharibəsində multikulturalizm siyasətinin dövlətimiz üçün nə qədər gərəkli olduğunun canlı şahidi olduq
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə “Xalqımızın milli birliyinin möhkəmlənməsində mənəvi dəyərlərimizin rolu” mövzusuna həsr olunmuş videokonfrans keçirilib. Tədbirə Ucar, Göyçay, Kürdəmir, Zərdab, Şamaxı, Qobustan, Ağsu və İsmayıllı rayonlarında fəaliyyət göstərən din xadimləri, Qafqaz Müsəlmanları İdarəsinin bölgələr üzrə səlahiyyətli nümayəndələri, habelə qeyri-müsəlman dini icmaların rəhbərləri qatılıb.
Videokonfransı giriş sözü ilə açan Komitə sədrinin birinci müavini Səyyad Salahlı milli-mənəvi dəyərlərimizə dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan söz açıb. Bildirib ki, ulu öndəri Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə milli-mənəvi dəyərlərə münasibət kökündən dəyişib, bu zəngin xəzinənin qorunmasına dövlət səviyyəsində böyük qayğı və diqqət göstərilib, qapıları uzun müddət bağlı qalan müqəddəs ibadət ocaqları fəaliyyətini bərpa edib, onların təmiri və inşası geniş vüsət alıb. Azərbaycan xalqının ümummilli liderinin ölkədə insan hüquq və azadlıqlarının təmin edilməsində, dinlərarası dialoqun inkişafında, milli-mənəvi dəyərlərin qorunmasında, böyüməkdə olan nəsillərin sağlam ruhda tərbiyəsində, eləcə də bölgədə sülhün və sabitliyin bərqərar edilməsində müstəsna xidmətləri olub. Vurğulayıb ki, ulu öndərin müəllifi olduğu azərbaycançılıq ideyası milli həmrəyliyi, dinlərarası harmoniyanı, bütövlüyü təmin edən, milli təəssübkeşlik və vətənpərvərlik hissini gücləndirən məfkurədir. Multikultural dəyərlərin dünya miqyasında hamisi kimi nüfuz qazanan Prezident İlham Əliyevin mənəvi dəyərlərimizə verdiyi önəmdən danışan S.Salahlı Azərbaycanda müxtəlif dinlərə etiqad edən insanların həyata keçirilən uğurlu milli siyasət nəticəsində mehriban və qarşılıqlı hörmət şəraitində yaşadıqlarını, respublikamızın tolerantlıq və multikulturalizm nümunəsinə çevrildiyini qeyd edib. Sədrin birinci müavini bu uzaqgörən siyasətin nəticəsinin möhtəşəm Zəfərlə yekunlaşan Vətən müharibəsində də özünü göstərdiyini qeyd edib. Diqqətə çatdırıb ki, bu yanaşmanın məntiqi nəticəsi kimi biz geridə qoyduğumuz 44 günlük Vətən müharibəsində multikulturalizm siyasətinin dövlətimiz üçün nə qədər gərəkli olduğunun canlı şahidi olduq.
44 gün davam edən Vətən müharibəsində, dini mənsubiyyətindən, məzhəb fərqindən asılı olmayaraq...
DQİDK-nın Dini maarifləndirmə işinin təşkili şöbəsinin müdiri Sadiq Mirzəyev çıxışında ayrı-ayrı etnosların və dini konfessiyaların həmrəylik şəraitində yaşaması, onların bir millət, xalq kimi formalaşmasında milli-mənəvi dəyərlərimizin roluna toxunub. Eyni zamanda, milli-mənəvi dəyərlərimizin inkişaf yoluna nəzər salan S.Mirzəyev bu istiqamətdə həyata keçirilən tədbirlərin əhəmiyyəti barədə danışıb. Şöbə müdiri dövlətin apardığı bu uğurlu siyasət nəticəsində 44 günlük Vətən müharibəsində ölkəmizdə yaşayan bütün millət və dinlərin nümayəndələrinin ərazi bütövlüyümüzün bərpası uğrunda - istər ön cəbhədə, istərsə də arxa cəbhədə əlindən gələni əsirgəmədiyini deyib. Bildirib ki, Vətən müharibəsində möhtəşəm Qələbə qazanmağımızda bir sıra amillər xüsusi rol oynayıb. Bu amillərin başında dövlət başçısı, müzəffər Ali Baş Komandan İlham Əliyevin yüksək idarəçilik qabiliyyəti, möhkəm və qətiyyətli iradəsi, eyni zamanda xalqımızın mənsub olduğu milli-mənəvi dəyərlər gəlir. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Şamaxı bölgəsi qazısı Mərəhmət Mustafayev mövzunun aktuallığına toxunaraq vurğulayıb ki, 44 gün davam edən Vətən müharibəsində, dini mənsubiyyətindən, məzhəb fərqindən asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşının Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək dəmir yumruğa çevrilməsi milli birliyimizin ən gözəl nümunəsidir. Azərbaycandakı nümunəvi dövlət-din münasibətlərinə də toxunan bölgə qazısı Amerika Yəhudi İcması üzvlərinin 1999-cu ildə Şamaxıya səfəri zamanı məzhəb fərqi qoyulmadan qədim Cümə məscidində əhalinin birlikdə namaz qılmasına təəccüb nümayiş etdirdiklərini, multikultural, tolerant dəyərlərimizin dünya ölkələri üçün əvəzsiz nümunə olduğunu xatırladıb.
Bakı şəhəri “Alov” xristian dini icmasının sədri İdris Məmmədov və Azərbaycan Respublikasının Alban-Udi xristian dini icmasının sədri Robert Mobili təmsil etdikləri dini qurumların Vətən müharibəsi dövründəki fəaliyyəti, yardım aksiyaları haqqında məlumat veriblər. Ermənistanın münaqişəni dini motivə çəkmək cəhdləri, Alban-Udi irsinin saxtalaşdırılması kimi faktlara diqqət çəkən icma sədrləri bu uydurmaların qarşısının alınması üçün beynəlxalq təşkilatlara müraciətlər ünvanlandığını, Azərbaycan həqiqətlərini əks etdirən videoçarxların çəkildiyini bildiriblər.
Hər hansı bir xalqı, dövləti məhv etmək üçün onu milli dəyərlərindən ayırmaq kifayətdir...
Qafqaz Müsəlmanları İdarəsinin Kürdəmir rayonu üzrə səlahiyyətli nümayəndəsi Füzuli Cəfərov və Ucar şəhər “Cami” məscidi dini icmasının sədri Ceyhun Əliyev çıxışlarında bildiriblər ki, milli-mənəvi dəyərlərimiz Vətənimiz və milli dövlətçiliyimiz naminə birliyimizi möhkəmləndirir.
Bir xalqın varlığı və milli kimliyinin qorunması onun mənəvi dəyərlərinə münasibəti ilə sıx bağlıdır. Mənəvi dəyərlərimiz bizim bir xalq olaraq formalaşmağımıza böyük təsir göstərib, milli dövlətçiliyimizin möhkəmləndirilməsində xüsusi rol oynayıb. Azərbaycan xalqının bir millət kimi formalaşması və milli dövlət qurmasının əsas amillərindən biri zəngin mənəvi dəyərlər sisteminə malik olmasıdır, başqa sözlə, zəngin mənəvi dəyərlər sisteminə malik xalq olmağımızdır. Çünki sözügedən dəyərlərin yaradıcısı xalqdır.
Tarixi təcrübə göstərir ki, öz tarixinə, soykökünə, milli dəyərlərinə, inanclarına dönük çıxan millətlər və dövlətlər tarixi prosesdə "əriyib" yox olub və tarix səhnəsindən birdəfəlik itiblər. Ona görə ki, hər hansı bir xalqı, dövləti məhv etmək üçün onu milli dəyərlərindən ayırmaq kifayətdir. Bir toplumun mövcudluğunun qorunub saxlanmasi üçün hər şeydən öncə onun varlığını özündə ehtiva edən milli-mənəvi dəyərlərini qoruyub saxlaması lazımdır.
Azərbaycanın ən yeni tarixinə nəzər saldıqda milli-mənəvi dəyərlərimizin qorunması və inkişafı prinsiplərinin banisi kimi Ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərinin şahidi oluruq. Müstəqillik dövrünün təməl daşları üzərində tarixi imzası olan Ulu öndər xalqımızın Azərbaycançılıq ideologiyasının əsasında gələcəyə gedən yolunu böyük uzaqgörənliklə müəyyən edib. Milli-mənəvi dəyərlərimizə qayıdışın və milli oyanışın xalqımız üçün gərəkliliyini nəzərə alan, hər zaman bu məsələni diqqət mərkəzində saxlayan ümummilli lider Heydər Əliyev bu sahədə lazımlı addımların atılmasına zəmin yaradıb. Məhz bunun nəticəsində milli-mənəvi dəyərlər sistemimiz daha da güclənib, aşınmadan xilas olub, milli dövlətçiliyimizin möhkəmlənməsinə öz töhfəsini verib.
Məhəmmədəli QƏRİBLİ
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.