Ermənistanın təhlükəsizlik üzrə eksperti, “Enaket” analitika mərkəzinin rəhbəri Tiqran Abramyan Azərbaycanın Qarabağdakı erməni icmasına psixoloji təzyiqə başladığını iddia edib. O iddia edib ki, guya Azərbaycan və Türkiyədən “Artsax”dakı ermənilərə şübhəli zənglər olur. T.Abramyan iddia edir ki, separatçıların təhlükəsizlik xidmətinin bu cür zənglərə əhəmiyyət verməmək tövsiyəsi problemi həll etmir.
Abramyanın fikrincə, qondarma qurumun nümayəndələri yerli əhaliyə xəbərdarlıq ediblər ki, tanımadıqları nömrələrdən gələn zəngləri qəbul etməsinlər. Hətta qəbul etsələr belə, bu barədə onlara məlumat versinlər: “Son günlərdə xəbər gəlib ki, Qarabağda azərbaycanlılar tez-tez yerli ermənilərə zəng vuraraq onlardan evlərini satmalarını istəyirlər. Bu, erməni əhalisində narahatlığı daha da artırıb. Azərbaycanlılar Dağlıq Qarabağın əvvəl-axır özlərinə məxsus olacağını deyərək onlara mənzilləri satmalarını təklif ediblər. Qarabağdakı tanışlarımıza zəng vuraraq bunun tək-tük, yoxsa kütləvi xarakter daşıdığını öyrənməyə çalışıram. Belə görünür ki, Azərbaycandan gələn zənglər bundan sonra daha da çoxalacaq. Yaranmış yeni şərtlər üzündən Azərbaycanın informasiya təxribatlarının başqa təzahürləri də ola biləcəyi açıqdır. Azərbaycan artıq Qarabağ ermənilərinə total psixoloji hücum başladaraq qorxu dozasını artırmağa, Qarabağı boşaltmağa çalışır”.
Maraqlıdır, erməni tərəfinin bu cür oyunbaz xarakterli uydurma informasiyalar yaymaqda məqsədi nədir?
“Kimin nə deməsindən asılı olmayaraq, biz öz işimizdə olmalıyıq”
Məsələyə münasibət bildirən AMİP funksioneri Əli Orucovun sözlərinə görə, bu cür dezinformasiyaların yayılması ermənilərin növbəti hoqqabazlığıdır: “Əvvəla hələlik Xankəndiyə və digər bəzi yaşayış məntəqələrinə rus sülhməramlıları və separatçılar nəzarət edirlər. Təbii ki, gec-tez, rəsmi Bakı həmin yerlərə də nəzarəti əlinə alacaq. Fakt odur ki, hazırda bizim ora nəzarətimiz yoxdur. Belə bir şəraitdə Bakıdan hansısa vətəndaş niyə ora zəng vursun ki? Təbii ki, bütün bunlar ermənilərin növbəti uydurmasıdır. Bunu etməkdə məqsəd odur ki, Azərbaycanı Dağlıq Qarabağ məsələsi ilə bağlı beynəlxalq müstəvidə qaralasınlar. Belə bir görüntü yaratmaq istəyirlər ki, guya Bakı Qarabağdakı erməniləri psixoloji terrora məruz qoyur. Son günlər davamlı olaraq bu məsələnin ortaya atılmasında məqsəd budur. Zatən, 10 noyabr razılaşmasından sonra Qarabağa qayıdan ermənilərin real sayı elə də böyük deyil. Baxmayaraq ki, Rusiya tərəfi bununla bağlı rəqəmləri şişirdir, amma buna inananlar azdır. Bəzi ciddi mənbələrin yaydığı məlumatlara görə, Qarabağdakı ermənilərin sayı heç 40 min nəfər deyil. 30 illik işğal dövrü ərzində əhalinin sayını artıra bilmədilərsə, bundan sonra necə artıracaqlar? Bu baxımdan hesab edirəm ki, kimin nə deməsindən asılı olmayaraq, biz öz işimizdə olmalıyıq. Elə şərait yaratmalıyıq ki, yerdə qalan ərazilərin də bizim nəzarətimizə keçməsi tezləşsin”.
Partiya funksioneri hesab edir ki, Azərbaycan bu istiqamətdə səylərini birəbeş artırmalıdır.
Vidadi ORDAHALLI