Bu günlərdə BBC-yə müsahibə verən Ermənistanın sabiq prezidenti Serj Sarkisyan onun partiyasının təmsil olunduğu blokun seçkidəki məğlubiyyətindən tutmuş, 44 günlük müharibə, bundan əvvəl uzun illər davam etmiş danışıqlar, həmin danışıqlarda Prezident İlham Əliyevin mövqeyi, Xocalı soyqırımı və digər məsələlərə toxunub. Əksər suala həqiqəti təhrif edərək, öz maraqlarına uyğun şəkildə hiyləgərliklə cavab verən Sarkisyan, həm də bir sıra etiraflar edib.
Sarkisyanın müsahibəsinin ən maraqlı yerlərindən biri 2020-ci ilin yayında Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində baş verən təxribatla bağlı olub. S.Sarkisyanın müsahibəsində diqqətçəkən məqam odur ki, o, 2020-ci ilin yayında Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində baş verən və Azərbaycanda böyük xalq etirazı yaradan Tovuz təxribatının təşəbbüskarının məhz erməni tərəfi olduğunu etiraf edib. Həmçinin, Sarkisyan deyib ki, Tovuzdakı təxribat Azərbaycanı mütləq şəkildə cavab addımı atmağa vadar etdi: “Hakimiyyətin qalibiyyətli hərbi əməliyyat adlandırdığı, mənim fikrimcə isə zərərli hərəkətlər Azərbaycanı küncə sıxışdırdı və Azərbaycan mütləq nəsə etməli idi”.
Erməni tərəfinin Tovuz təxribatı ilə bağlı etirafları bir daha qarşı tərəfin pozucu addım atmasını sübut edir. Halbuki, həmin dövrdə ermənilər və onları himayə edən müxtəlif xarici media qurumları belə saxta rəy yaratmağa çalışırdılar ki, guya Azərbaycan təxribat törədib.
“Onlar o qədər arxayın idilər ki, Azərbaycan Ordusunun güclü əks-hücuma keçəcəyini gözləmirdilər”
Məsələyə münasibət bildirən hərbi ekspert İbrahim Rüstəmlinin sözlərinə görə, Tovuz təxribatının memarı Ermənistan və onun arxasında dayanan dairələr idi: “Nəyə görə məhz Tovuz? Ona görə ki, burada bir sıra məqsədlər var idi. Başlıca məqsəd Azərbaycanın diqqətini Qarabağdan yayındırmaq idi. Tovuz döyüşlərindən bir il əvvəl Ermənistan müdafiə naziri David Tonayan “yeni müharibə, yeni ərazilər” sərsəmləməsi ilə çıxış etmişdi. Onların Tovuz istiqamətində güclü hücumu Azərbaycanın gözünü qorxutmaq məqsədi daşıyırdı. O mənada ki, Azərbaycan güc yolu ilə Qarabağı azad etməyə cürət etməsin. Tovuz təxribatının digər məqsədi enerji kəmərlərini hədəfə almaq idi. Eyni zamanda, hesab edirdilər ki, neft kəmərlərinə görə Azərbaycanın tərəfdaş ölkələri rəsmi Bakıya daha çox təzyiq edəcəklər. Yəni təzyiq edəcəklər ki, müharibə etmək fikrindən birdəfəlik daşınsın. Ermənilər ötən 30 il ərzində o qədər arxayın idilər ki, Azərbaycan Ordusunun güclü əks-hücuma keçəcəyini gözləmirdilər. Aşırı arxayınçılıq Ermənistanı nümayişkaranə şəkildə müxtəlif təxribatlar törətməyə sövq edirdi. Ancaq, istənilən halda, işğalçı tərəf öz niyyətlərini həyata keçirə bilmədi. Nə enerji kəmərlərini vura, nə də ərazilərimizin işğaldan azad olunmasını əngəlləyə bildi”.
Bir sözlə, hərbi ekspert hesab edir ki, Tovuz döyüşləri zamanı Ermənistan öz məqsədlərini reallaşdıra bilmədi.
Vidadi ORDAHALLI