“Bakı təcili olaraq iki məsələni həll etməyə çalışır. Bunlardan birincisinə əsasən, Bakı Naxçıvanla təhlükəsiz quru yoluna sahib olmalı, ikincisi də Ermənistanla özünün üstünlük verdiyi variantda demarkasiya və delimitasiya prosesi həyata keçirməlidir”. Belə bir açıqlama ilə erməni diplomat Arman Melikyan çıxış edib.
Onun sözlərinə görə, Azərbaycan tərəfinin istəyinə qarşı effektiv şəkildə mübarizə aparmaq üçün rəsmi İrəvan öz hüquqi-siyasi danışıqlar platformasını hazırlamalıdır. Lakin indiki hakimiyyət buna qabil deyil. Digər tərəfdən, Ermənistanda ictimai-siyasi vəziyyət də sürətlə pisləşir. Melikyan qeyd edib ki, Ermənistanda yeni parlament “polad məxmər” və məğlub olmuş “Qarabağ klanı” arasında güzəştsiz mübarizə səhnəsinə çevriləcək. Bu da ölkəni daha zəif hala gətirəcək. Ermənistanın “Noyan Tapan TV” telekanalı isə bu fonda qeyd edir ki, Azərbaycan bu durumda Ermənistana şərtlərini daha asan diqtə edəcək. Telekanal Azərbaycan Prezidenti İlham Əliyevin Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan ordusunun rəhbər və şəxsi heyətinin bir qrupu ilə görüşdə söylədiyi nitqin təhlili zamanı bildirib: “Son 30 ildə aparılan siyasətin nəticəsi bir gerçəkliyi ortaya qoydu ki, bu gün Ermənistan dövlətçiliyinin mövcudluğu Vladimir Putin, Rəcəb Tayyib Ərdoğan və İlham Əliyevin mövqeyindən asılıdır”. Erməni deputat Armen Abovyan da bildirir ki, Ermənistana şərtlərini diqtə edən Azərbaycan tezliklə Zəngəzur dəhlizini də açacaq: “Məhz bu halla əlaqədar olaraq Azərbaycan Prezidenti İlham Əliyev Zəngəzur dəhlizi haqqında tez-tez danışır, çünki Ermənistanın türklərə və azərbaycanlılara nəqliyyat yolunu verməyə razı olmaqdan başqa çıxış yolu da yoxdur”. Elə “armenianreport” portalı da məsələyə eyni prizmadan yanaşır: “Fövqəldövlətlərin Paşinyandan gözlədiyi növbəti addım Azərbaycanla sülh müqaviləsinin imzalanmasıdır. Azərbaycan Prezidenti İlham Əliyev bu barədə dəfələrlə danışıb, Ermənistan səlahiyyətliləri də, sanki regionda sülhün təsdiq edilməsi zərurətini bildirərək, məhz bənzər müqavilənin zəruriliyinə eyham vururlar. 10 noyabr üçtərəfli bəyanatı məhz yeni və son müqavilə şəklində məntiqi davamını almalıdır. Əlbəttə, bu, Ermənistanın maraqlarından irəli gəlmir, çünki bununla Ermənistan, faktiki olaraq, Azərbaycanın ərazi bütövlüyünü tanıyacaq, Qarabağ məsələsi beynəlxalq gündəmdən çıxarılacaq, halbuki, hazırda de-fakto olaraq “Qarabağ səlahiyyətliləri”nin, de-yure olaraq isə sülhməramlıların nəzarəti altında yerləşən əraziləri beş il sonra hansı aqibətin gözlədiyi məlum deyil. Qarabağın “status məsələsi”ni isə unutmaq lazım gələcək ki, bu da Qarabağı son olaraq Azərbaycana təhvil vermək və bu məsələni bağlamaq deməkdir. Bəlkə də Ermənistanın bugünkü səlahiyyətliləri məhz buna hazırlaşır və məhz bu gündəmi həyata keçirmək məqsədilə də Nikol Paşinyanın seçilməsi məsələsində geosiyasi güclü konsensus formalaşdırılıb”.
Ankara Böhranlar və Siyasi Araşdırmalar Mərkəzinin sədri (ANKASAM) Mehmet Seyfettin Erol da bildirir ki, Azərbaycanın Ermənistana təsir imkanları artıb: “Azərbaycan güclü diplomatik gedişləri, dəqiq siyasəti və ordusunun gücü ilə regionda yeni münasibətlər sferasının təməlini yaradıb. Ortada gerçəyi əks etdirən məntiq var: Qafqazda yaranacaq uzunmüddətli sülh Avrasıyada bütün ölkələr üçün faydalı və perspektivlidir. Regionda ikitərəfli, üçtərəfli və çoxtərəfli əməkdaşlıq coğrafi baxımdan geniş, əhatəli və faydalı strategiyadır. Azərbaycan otuz illik işğal dövründə heç vaxt bu təcavüzlə barışmadı. Bu qəti mövqe Prezident İlham Əliyev tərəfindən sülh danışıqları boyunca dəfələrlə dünya ictimaiyyətinə bəyan edildi. İndi isə reallıqda parlaq bir zəfər var. Hazırda regiondakı bütün proseslərdə Azərbaycan həlledici gücə malikdir. Ona görə də bölgə ölkələri, o cümlədən qonşular birgə inkişaf konsepsiyasına qoşulmaq məcburiyyətindədir. Üçtərəfli bəyanatda və Şuşa Bəyannaməsində əksini tapan Zəngəzur nəqliyyat dəhlizinin açılması bu mənada regional inkişaf üçün strateji avantajdır. Ən qısa zamanda bu istiqamətdə mühüm addımların şahidi ola bilərik. Münaqişə və yaxud pis münasibətlər regionda heç bir tərəfə fayda gətirmir”.
Ermənistanın “Hayeli” nəşri də yazır ki, Bakı İrəvandan istədiklərini almaq üçün daha güclü mövqe sahibinə çevrilib. Qeyd olunur ki, Ermənistanda seçkilərdən sonra başlanan siyasi alver İrəvanın müqavimət imkanlarını heçə endirir: “Bu ticatətin əsas iştirakçılarından biri də Levon Ter-Petrosyandır: “Seçkilərdə uğradığı biabırçı məğlubiyyət belə Levon Ter-Petrosyana öz siyasi karyerasını yenidən nəzərdən keçirmək, keçmiş prezident həmkarlarına zərbə vurmaq istəyini cilovlamaq üçün bir fürsət olmayıb. Ermənistanın birinci prezidenti seçki dövründə gizli şəkildə Nikol Paşinyanın xeyrinə təbliğat apardığı kimi, seçkilərdən sonra da onun üzərindəki saxtakarlığı təmizləyir və seçkilərin bütün məsuliyyətini bərabər şəkildə fəaliyyətdə olan hakimiyyətin, Robert Köçəryan və Serj Sarkisyanın üzərinə atır. “Seçkilərdən bir həftə sonra Erməni Milli Konqresi bəyanat yayıb. Bəyanatda oxuyuruq ki, “Vətəndaş müqaviləsi” partiyası, “Hayastan” və “Şərəf duyuram” blokları və “Çiçəklənən Ermənistan” partiyası qanunla icazə verilmiş həddən daha böyük həcmdə vəsaitdən, seçki rüşvəti formasında verilən pul da daxil olmaqla, milyonlarla dollar maliyyə vəsaitlərindən nəzarətolunmaz şəkildə istifadə etdilər. Hakimiyyətin, hüquq-mühafizə orqanlarının və seçki komissiyalarının fəaliyyətləri bu qanunsuzluğun qarşısını almaq istiqamətində sadəcə kosmetik xarakter daşıyırdı. Mənəvi atası Nikol Paşinyanı bir nömrəli cavabdeh, lakin günahsız elan edərək, əslində növbəti siyasi sövdələşmə təklifi edir. Göründüyü kimi, 2018-ci ildən sonra Ter-Petrosyana yaxın olan kadrları dövlət aparatında yerləşdirmək prosesi birinci prezidenti qane etmir və daha böyük sayda vəzifələr istəyir. Bu fonda isə Azərbaycanın Ermənistan üzərində artan təsirinə heç kim əhəmiyyət vermir. Halbuki, belə vəziyyətdə Azərbaycan Ermənistandan istədiklərini daha rahat alır”.
Samirə SƏFƏROVA