Azərbaycan Ordusunun Qarabağda 44 günlük müharibə zamanı tətbiq etdiyi savaş texnologiyaları, bunların gələcək müharibələrin gedişatına mümkün təsirləri hələ də dünya miqyasında geniş müzakirə edilir. Bu fonda Azərbaycanın dron taktikası xüsusi diqqət mərkəzində yer alır.
Hazırda bu taktika geniş öyrənilməklə yanaşı, Azərbaycanın dron aldığı öılkələrlə, xüsusən də Türkiyə ilə qeyd edilən istiqamətdə əməkdaşlıq etmək istəyən ölkələrin də sayı sürətlə artır. Məsələn, Albaniya öz daxili və xarici təhlükəsizliyini gücləndirmək üçün Türkiyə istehsalı olan pilotsuz uçuş aparatları (PUA) alacaq. Albaniya parlamenti bununla əlaqədar dövlət büdcəsindən 8,2 milyon avro vəsait ayırıb. Qeyd edək ki, daha əvvəl iki ölkənin rəsmiləri arasında bununla bağlı müzakirələr aparılıb və razılıq əldə edilib. Albaniya, məhz Qarabağ müharibəsini əsas götürüb, bu fonda Türkiyədən dron almaq niyyətinə düşüb. Bu günlərdə Fransanın “Le Monde” qəzeti də Azərbaycan Ordusunun müharibə taktikasının dünya ölkələrini öz hərbi strategiyalarına yenidən baxmağa məcbur etdiyi haqda yazıb. “Dronların döyüşü: sürü təhdidi” başlıqlı məqalədə qeyd olunur ki, bu yeni hal, hibrid münaqişələrin simptomu bütün dünya üzrə bir çox orduları qəfil haqlayıb və narahat edib.
Qəzet yazır ki, son iki ildə bir neçə hərbi əməliyyat səhnəsində dronların oynadığı rol bir çox ölkələri, o cümlədən Fransanı onlara qarşı mübarizə məsələsinə köklənməyə vadar edib. Bildirilir ki, bu yeni taktiki vasitələr son bir neçə ildir artmaqda idi. Lakin 2020-ci ilin payızında Azərbaycanla Ermənistan arasında Qarabağdakı müharibə zamanı dronlarla bağlı reallıq daha kəskin xarakter almağa başladı. Beləliklə də, dronlarla mübarizə 2019-2025-ci illər üçün hərbi proqramlaşdırma haqqında qanuna təklif edilən dəyişikliklərə daxil edilib. Bu dəyişikliklər Fransa parlamentinə təqdim olunub. “Le Monde” yazır ki, digər münaqişələrdən fərqli olaraq, Dağlıq Qarabağda müharibə pilotsuz uçan aparatların “yer-yer” tipli raketlər və artilleriya sistemləri ilə birlikdə kütləvi tətbiqi ilə müşaiyət olundu: “O cümlədən, “kamikadze-dronlar” geniş tətbiq edildi. Bu hal “üçüncü eşelon” ölkələrin orduları üçün dövlətlərarası münaqişə kontekstində misli görünməmiş hadisə idi. Azərbaycanlılar müharibənin gedişində bu yeni müharibə metodlarını, o cümlədən hərbi kompüter şəbəkələrindən istifadə etməklə şəbəkə əməliyyatlarını mənimsədiklərini sübut etdi, hansı ki, indiyədək bunlar Qərbin üstünlüyü sayılırdı”. Məqalədə “Bayraktar TB2” döyüş pilotsuz təyyarələrinin Qarabağ müharibəsindəki roluna geniş yer verilir. Bildirilir ki, Türkiyənin “Baykar” şirkəti tərəfindən istehsal edilən bu bahalı olmayan, lakin effektiv silahlı PUA-lar ötən il tətbiq edildiyi üç müharibədə (Liviya, Suriya, Qarabağ) tankları, zirehli texnikanı, sursat anbarlarını, hava hücumundan müdafiə sistemlərini məhv etdi. Qəzet hazırda “Bayraktar TB2” pilotsuz təyyarələrinin bir çox ölkələr tərəfindən alındığını, o cümlədən keçmiş sovet respublikalarında “isti pirojki kimi” satıldığını yazır. Məqalədə deyilir ki, “Bayraktar TB2”-nin missiyasına kəşfiyyat və düşmən qüvvələrinin yerləşməsi barədə informasiyaların toplanması, döyüş təyyarələrini hədəfə yönləndirmə, habelə düşmən mövqelərinə müstəqil şəkildə hücum etmə daxildir. Çünki dron özü lazerlə hədəfə yönləndirilən 4 raketlə silahlanıb. “Le Monde” diqqəti buna yönəldir ki, “Bayraktar” Suriya və Liviyada Rusiyanın bahalı “Pantsir” zenit komplekslərini, Ermənistanda isə “İsgəndər” operativ-taktiki raket kompleksini məhv edib.
ABŞ-ın “The Foreign Policy” nəşri də yazır ki, Qarabağda əsasən Rusiya istehsalı olan ortamənzilli raket buraxıcılarından ibarət 175-dək hərbi avadanlıq dronlar tərəfindən müəyyənləşdirilərək məhv edilib: “Azərbaycan, həmçinin, Türkiyənin “Bayraktar TB2” dronundan istifadə edərək, dağlıq ərazilərdə yerləşdirilmiş S-300 zenit-raket komplekslərini vurub”. Bu günlərdə isə Almaniya ordusunun mayoru Maykl Karl belə bir açıqlama ilə çıxış edib ki, Azərbaycan “Bayraktar TB2” döyüş pilotsuz təyyarələrinin və digər dronların köməyilə, hətta Almaniya ordusunu da məğlub edərdi. O qeyd edib ki, Türkiyənin istehsal etdiyi “Bayraktar TB2” və “Kargu-2” kimi pilotsuz uçan aparatlar son zamanlar həm müharibə arenasında, həm silahlı PUA-lar sahəsində dominantlıq edir. O, Almaniya ordusunun özünü bu cür pilotsuz sistemlərə qarşı qorumaq imkanlarında olmadığını vurğulayıb. Hərbi analitik qeyd edib ki, Azərbaycan ordusu Ermənistana qarşı “Bayraktar TB2” döyüş pilotsuz təyyarəsindən və kamikadze-dronların geniş çeşidindən istifadə edib. Karl vurğulayıb ki, alman ordusu bu cür silah sistemləri ilə qarşılaşsaydı, özünü yetərincə qoruya bilməzdi: “Almaniya ordusu Azərbaycanla Qarabağ müharibəsinə girmiş olsaydı, qazanma şansı o qədər də böyük olmayacaqdı”. Müasir müharibələrdə məğlub olmamaq üçün son texnologiyalara əsaslanan alətlərə sahib olmanın önəmini vurğulayan Mayk Karl bildirir ki, silahlı PUA-lara qarşı müdafiə standart hava hücumundan müdafiə sistemlərindən fərqlidir: “Müasir müharibələrdə sağ qala bilmək üçün yeni texnologiyalara, son texnologiyalara əsaslanan müharibə alətlərinə sahib olmaq lazımdır. Almaniya ordusu bu sahədə o qədər də pis hesab edilməz, amma gələcəyin müharibə texnologiyaları çox sürətlə inkişaf edir və bu texnologiyalarla ayaqlaşmaq çətindir. Alman ordusu bu sürətlə ayaqlaşa bilməlidir. Silahlı və silahsız PUA-lar sahəsində ABŞ, Çin, İsrail və Türkiyə qlobal bazarda dominantlıq edir. Xüsusən də Türkiyə son illərdə həm silahlı PUA-ların ixracı, həm də onların müharibə meydanında fəal tətbiqi baxımından çox önəmli addımlar atıb”.
Nahid SALAYEV