Rusiya Dağlıq Qarabağda sabitliyin təmin olunması üçün vasitəçilik səylərini davam etdirəcək. Rusiya prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan arasında cümə axşamı baş tutan telefon danışığının yekunlarına dair Kremlin mətbuat xidmətinin yaydığı məlumatda belə deyilir, daha sonra bildirilir:
"Dağlıq Qarabağla bağlı fikir mübadiləsi zamanı Rusiya, Ermənistan və Azərbaycan liderlərinin 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli razılaşmalarının ardıcıl şəkildə həyata keçirilməsinin vacibliyi vurğulanıb. Rusiya tərəfi regionda sabitliyin təmin edilməsinə yönəlmiş fəal vasitəçilik səylərini davam etdirəcək".
Putinin Paşinyana bu ünvanlı ismarıcından hansı nəticəni çıxara bilərik?
Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Rusiya özünü regionda hər şeyə nəzarət edən ölkə kimi təqdim edir: “İki gün əvvəl Putinin bir açıqlaması oldu. Onda dedi ki, Qarabağda münaqişəni və müharibəni onlar dayadırdı. Həm də dedi ki, qonşu ölkələrin təhlükəsizliyi onların üzərindədir. Çox iddialı çıxışdı. Hesab edirəm ki, bizim ölkə rəhbərliyi bunu nəzərə alır. Rusiya hansı haqla qonşu ölkələrin təhlükəsizliyinə nəzarət edir? Bölgədə fərqli proseslər gedir. Türkiyə ilə ABŞ-ın maraqları tam üst-üstə düşür. Rusiyanın belə açıqlama verməsi Ermənistandakı parlament seçkilərinə olan reaksiyanı ifadə edir. Eyni açıqlama ilə başqa ölkələr də çıxış edib ki, vəziyyəti nəzarətdə saxlayırlar. Hələ ki, ABŞ prezidenti Paşinyanı təbrik etməyib, ancaq Rusiya onu təbrik edib. Buradan aydın görünür ki, Paşinyan ABŞ-dan daha çox, Rusiyanın adamıdır. Çünki onun diqtəsi ilə hərəkət edir. Artıq Rusiya ilə Ermənistan XİN rəhbərləri arasında Zəngəzurdakı sərhədə Rusiya qoşunlarının nəzarət edəcəyinə dair razılıq əldə olunub. Məsələ həllini tapmış kimi görsənir. Proses Ermənistanın ərazisini əhatə etsə də, Azərbaycan məsələyə münasibətini açıqlamalıdır. Bu, vasitəçilik missiyasına uyğun gəlmir. Putinin bu açıqlamasından razılıq hiss edilir. Həm də mesaj verilir ki, Paşinyan onların dedikləri ilə oturib-durmaq məcburiyyətindədir. Bu nəticəyə gəlmək olar ki, proses üç ölkənin əldə etdiyi razılaşmaya uyğun şəkildə davam edəcək. Rusiya da bunda çox maraqlıdır. Putinin bu israrının bizə heç bir ziyanı yoxdur”.
Məhəmmədəli QƏRİBLİ