Nikol Paşinyanın rəqibləri onun rəhbərlik etdiyi “Vətəndaş Müqaviləsi” partiyasının parlament seçkilərindəki qələbəsini həzm edə bilmirlər. Müxalif “Ermənistan” blokunun lideri Robert Köçəryan bəyan edir ki, “bu hökumətin qazandığı mandat ona qarşı inamı əks etdirəcək səviyyədə deyil”. O, nəticələrə yenidən baxılması üçün Konstitusiya Məhkəməsinə müraciət edib. Bununla yanaşı, hələlik küçələrdə etiraz aksiyaları keçirmək niyyətində olmadıqlarını dilə gətirib.
Bununla belə, İrəvanda keçirdiyi mətbuat konfransında Köçəryan məğlubiyyətinə haqq qazandırmaq və bununla bağlı məsuliyyəti bölməkdən ötrü belə rəy yaratmağa çalışıb ki, Ermənistanın 3 prezidenti məğlub olub: “Məndə belə bir təəssürat yaranıb ki, seçkilərdə eks-prezidentlərin hər üçünün iştirakı fonunda, cəmiyyətin keçmiş hakimiyyət orqanlarının geri qayıtma ehtimalından qorxması bizə qarşı işlədi. Kəndlərdə bu qorxuları aşa bilmədik, vaxt az idi, Paşinyan və səlahiyyətliləri isə səylərini birləşdirib, bölgələri öz tərəfinə çəkməyi bacardılar”.
Belə deməklə, əslində, Köçəryan çatışmazlıqlarını boynuna almış oldu. Xarakterinə xas olmayan bu gözlənilməz etirafından sonra eks-prezident seçki nəticələrindən Konstitusiya Məhkəməsinə şikayət etmək niyyətində olduğunu açıqladı. Hələlik bir qərar qəbul etməmiş olsalar da, görünür, o və tərəfdarları qazandıqları mandatları qoruyub saxlayacaqlar.
Maraqlıdır, bəs ekspertlər bunu necə dəyərləndirirlər? Köçəryanın arqumentləri nə dərəcədə əsaslı sayıla bilər?
“Üç prezident ona görə məğlub oldu ki, onların yanaşmaları Ermənistan üçün inkişaf deyil, birbaşa təhlükə vəd edirdi”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadə buna bir neçə aspektdən yanaşdı: “Ermənistanın eks-prezidenti R.Köçəryanı ermənilər qəbul etmirlər. O, iki dəfə güc yolu ilə hakimiyyəti qəsb edib. Onun prezident olduğu dövr və onun xələfi Serj Sarkisyan Ermənistanı bataqlığa qərq edən obraz kimi xarakterizə edilir. Ona görə də onun məğlub olması, bir növ, qaçılmaz idi. Qarabağdakı məğlubiyyət də onu xilas edə bilmədi. Özünə təsəlli tapmasına gəldikdə isə, bəzən həqiqətləri dilə gətirir. Bəli, üç prezident ona görə məğlub oldu ki, onların yanaşmaları Ermənistan üçün inkişaf deyil, birbaşa təhlükə vəd edirdi. Ona görə də seçkidə məğlubiyyət qaçılmaz idi. Buna baxmayaraq, R.Köçəryan inanırdı ki, qələbə əldə edəcək. Əsas ümidi Kremlə idi. Ümid edirdi ki, Rusiya prosesləri tam nəzarətə alacaq. Ancaq, göründüyü kimi, onların seçki yolu ilə hakimiyyətə gəlməsi mümkün deyildi. Ermənistan cəmiyyəti artıq revanşistləri qəbul etməyəcək. Onlar üçün əməkdaşlıq və inkişaf vəd edən N.Paşinyan ən uyğun namizəd idi”.
Politoloq onu da qeyd etdi ki, gec-tez, Köçəryan bununla barışacaq.
Vidadi ORDAHALLI