Qarabağ Azadlıq Təşkilatı (QAT) Ali Məclisinin pandemiya dövrü başlayandan ilk əyani iclası keçirildi. Ali Məclisin sədri Barat İmani iclası açaraq üzvləri salamladı, sonra iclas iştirakçıları dövlət himnini canlı şəkildə ifa etdi, Şəhidlərin xatirəsi yad olundu.
QAT sədri Akif Nağı İkinci Qarabağ müharibəsində Şəhid olmuş QAT üzvləri Elmir Əliyev (Ağdam şöbəsinin üzvü), Elşən Mehbalıyev (İmişli) xatirələrini yad etdi, İkinci Qarabağ müharibəsinin QAT-çı Qazi və veteranları Gəray Əsədov (Bərdə), Hacı Fərman Məmmədov (Ağdam), Rəhim Məmmədov (Ağdam), Cümşüd Balayev (Şuşa), Babək Sadıqov (Tərtər), Aslan Bayramov (Zaqatala), Elçin İsmayılov (Zaqatala), Vüsal Süleymanov (İmişli), Elnur Mehbalayev (İmişli), Vüqar Mirzəyev (Laçın), Ənvər Cəfərov (Bərdə), Elbəyi Məmmədli (Bərdə), Nəriman Mirzəli (Kəlbəcər), Ziya Mahmudov (Tərtər), Zaləddin Həsənli (Kəlbəcər) və digərlərinin fədakarlığını, şücaətini qeyd etdi.
Sonra təşkilati məsələlərə baxıldı, QAT Masallı şöbəsinin yeni seçilmiş sədri Mərhəmət Lələyevin Ali Məclis üzvü səlahiyyəti təsdiq edildi, təşkilatlanma ilə bağlı bəzi məsələlər müzakirə olundu.
QAT sədri Akif Nağı son üç ay ərzində qərarların icrası və görülən işlərlə bağlı məlumat verdi, hazırkı vəziyyətə və təşkilatın vəzifələrinə dair geniş məruzə etdi. Müzakirələrdə Barat İmani, Elxan Rəhimov, Babək Sadıqov, Füruzə Əsədullayeva, Hacı Əkbər Rüstəmov, Xatirə Əziz, Hacı Fərman Məmmədov, Sevinc Axundova, Rəsmiyyə Qarayeva, Əminə Cabbarova, Hacı Növrəstə İbrahimova, Bəhlul Hümbətov, Rafiq Quliyev, Səadət Məhərrəmli, Abdal Qəhrəman və digərləri çıxış etdilər, təkliflərini verdilər. Məruzə və çıxışlara uyğun olaraq qərarlar qəbul edildi.
İclas iştirakçıları “Tam Qələbə Modeli” deyilən sənədin layihəsi ilə bağlı geniş müzakirələr apardılar, sonda sənədi qəbul etdilər. Sənədin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Milli Məclisin rəhbərliyinə göndərilməsi nəzərdə tutulur. QAT sədri Akif Nağı bildirib: “QAT 2011-ci ildə “Qələbə Modeli” adlı sənəd hazırlamışdı. Həmin sənəddə Qarabağın hərbi yolla və Türkiyənin iştirakı ilə həlli təklif olunurdu. İkinci Qarabağ müharibəsi zamanı həmin model əsasən həyata keçirildi. Amma Xankəndi, Xocalı, Ağdərə və bəzi digər ərazilər, həmçinin Naxçıvanın Kərni kəndi, Qazax rayonunun 7 kəndi bizim nəzarətimizə hələ qaytarılmadığına, Ermənistanla sərhədlərimiz tam bərpa olunmadığına görə hələlik tam qələbədən danışmaq olmaz. Ona görə də biz təqdim etdiyimiz yeni model, konsepsiya ilə mübarizənin tam qələbəyə qədər davam etdirilməsini təklif edirik”.
Giriş və yeddi bölmədən ibarət “Tam Qələbə Modeli”ndə göstərilir: Qarabağ Azadlıq Təşkilatı (QAT) İkinci Qarabağ müharibəsində Azərbaycanın parlaq qələbəsini, torpaqlarımızın böyük hissəsinin işğaldan azad olunmasını, Dağlıq Qarabağın bir hissəsində, o cümlədən Şuşada Azərbaycan hakimiyyətinin bərpa olunmasını, Azərbaycan, Tükiyə, Pakistan arasında real müttəfiqlik əlaqəsinin qurulmasını, eyni zamanda Dağlıq Qarabağın xeyli hissəsinin hələ də Azərbaycanın nəzarətindən kənarda qalmasını, Zəngəzur dəhlizi, Laçın dəhlizi və bəzi digər məsələlərin həllini tapmamasını nəzərə alaraq “Tam Qələbə Modeli” adlı sənədi təqdim edir.
I
“Tam Qələbə” dedikdə Azərbaycanın “sovet dövrü” deyilən vaxtda təsbit edilən və müstəqillik dövründə dünya tərəfindən, o cümlədən Birləşmiş Millətlər Təşkilatı və digər qurumlar tərəfindən birmənalı şəkildə tanınan sərhədlərinin bərpa olunması, Ermənistanın tam kapitulyasiya edərək Azərbaycanla 1988-ci ilə qədərki sərhədi tanıması, Dağlıq Qarabağda və Zəngəzurun Azərbaycana aid olan hissəsində Azərbaycan hakimiyyətinin bərqərar olması nəzərdə tutulur.
II
Azərbaycan işğaldan azad olunmuş ərazilərdə məskunlaşmanı sürətlə həyata keçirməlidir. Məskunlaşma tikinti və bərpa işlərindən əvvəl reallaşdırılmalıdır. Azad olunmuş ərazilərə texnika, tikinti materialları və sair gətirilməzdən əvvəl həmin ərazilər insan nəfəsi ilə canlanmalıdır. Məskunlaşmanı qismən, müvəqqəti, qısa müddətli səfərlərlə və digər formalarda həyata keçirmək olar. Minalar təmizləndikdən sonra orada yaşamış əhalini kiçik qruplarla oraya aparmaq, hətta xırda əhəmiyyətli təsərrüfat işləri təşkil etmək olar. Təklifimizin mənası orada insanların toplum halında görünməsidir, onların qayıtdığını ermənilər də, bütün dünya da görməlidir. Həmçinin insanların 30 illik zülm və həsrətdən sonra öz yurdlarını bərpadan əvvəl son dəfə görməyə mənəvi haqları var. Torpaqları işğaldan azad etmiş hakimiyyət insanları öz yurdlarından qovaraq 30 illik zülm, həsrətə məhkum etmiş işğalçılardan nə qədər üztün olduğunu bir daha nümayiş etdirməlidir.
Bərpa işləri zamanı şəhərlərin və kəndlərin əvvəlki görüntüsü, özünəməxsusluğu, ruhu maksimum dərəcədə qorunub saxlanılmalıdır, insanların əvvəlki həyat tərzi, məsələn, çoxmənzilli binada və ya fərdi evdə yaşaması ilə bağlı istəkləri nəzərə alınmalıdır.
III
Azərbaycan, Rusiya və Ermənistan arasında bəyanatlar imzalanıb, razılaşmalar əldə olunub. Bu razılaşmaya Türkiyə tərəfindən qeyri-rəsmi təminat və zəmanət verilib. Faktiki olaraq, 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il bəyanatları ilə “3+1” razılaşması əldə olunub. Bu razılaşma inkişaf etdirilməli, 1921-ci il Moskva və Qars müqavilələrinə uyğun olaraq, həmin format və ənənə davam etdirilərək Azərbaycan, Türkiyə, Rusiya, Ermənistanın iştirakı ilə Dördtərəfli rəsmi saziş imzalanmalıdır. Bu saziş “Sülh müqaviləsi” deyil, “Regionda münasibətlərin nizamlanmasına dair Saziş” adlandırıla bilər. Bu sənədin imzalanması Rusiya, Türkiyə, İran və digər region dövlətlərinin maraqlarına cavab verməklə, Cənubi Qafqazda sabitlik, inkişaf, təhlükəsizlik və ən əsası – yeni müharibə ehtimalının aradan qaldırılması üçün tarixi zərurətdir.
IV
Azərbaycan ləngimədən Zəngəzur və Qarabağ ərazilərində hərbi qüvvələrini “yumşaq təzyiq” yolu ilə Ermənistanla qanuni sərhədlərimizə doğru yeritməlidir. Bu zaman irimiqyaslı hərbi əməliyyatlara ehtiyac yoxdur, antiterror əməliyyatı, pasport rejiminin yoxlanılması və digər bu tipli formalardan istifadə etmək olar. SSRİ dövründə təsbit edilən və dünya tərəfindən tanınan sərhədlərimizi bərpa etmək bizim haqqımızdır. Üstəlik, üçtərəfli bəyanatlarla da bu haqqımız Rusiya və Ermənistan rəhbərliyi tərəfindən tanınıb. Bu prosesin icra mexanizmi isə ondan ibarətdir ki, Azərbaycan hərbi qüvvələri fərqli müharibə taktikasını təkrar edərək, sıra düzülüşü ilə atəş açmadan sərhədlərimizə doğru irəliləyir. Bu yürüşün qarşısına çıxan hərbi qüvvə olmayacaq, olsa da əzilib kənara atılacaq. Bunu şərti olaraq, qanuni torpaqlarımızla qanuni sərhədlərimizə doğru “Qızılbaş yürüşü” də adlandırmaq və yaxud, bu aksiyanı Lev Tolstoy, Mahatma Qandi, Martin Lüter Kinqin hərəkatlarına uyğun olaraq ədalətsizliyin güc tətbiq etmədən aradan qaldırılması yolu kimi də təqdim etmək olar. Əlimizdə silah, ixtiyarımızda güclü arsenal var, amma onlardan istifadə etməməklə, tüfənglərimizin, toplarımızın, tanklarımızın lülələrinə gül taxaraq, silahlı, amma dinc yürüşlə torpaqlarımıza doğru irəliləyirik. Bu haqqı bizdən heç kəs ala bilməz
Bu aksiya ilə paralel şəkildə, hətta bir az da qabaqlamaq şərti ilə Xankəndi, Xocalı, Ağdərə və digər şəhərlərə, kəndlərə azərbaycanlıların qayıtması təşkil edilməlidir. İnsanların öz evinə qayıdışına heç bir qüvvə, o cümlədən, erməni terrorçuları, ya da rus sülhməramlıları mane ola bilməz. Heç bir halda azərbaycanlının Xankəndi, Xocalı, Ağdərəyə qayıtmasını erməninin Bakıya, Gəncəyə, heç Hadruta da qayıtması ilə eyniləşdirmək olmaz. Hadrut, Bakı, Gəncə məsələsinə sonra, İrəvan, Gorus, Qafan məsələsinə uyğun baxılacaq.
V
Beynəlxalq təşkilatların, xüsusilə də Minsk Qrupunun məsələyə yenidən müdaxilə etməsi yolverilməzdir. Məsələ artıq beynəlxalq xarakterini itirib. Azərbaycan öz gücünə müharibə aparıb, ilkin nəticəni əldə edib, Rusiya və Türkiyənin müraciəti əsasında hərbi əməliyyatlar dayandırılb, beynəlxalq təşkilatların iştirakı olmadan, dörd dövlətin öz aralarında razılaşmasına əsasən sonrakı addımlar müəyən edilib. Tərəflər Qarabağın bütövlükdə Azərbaycan ərazisi olduğunu təsdiqləyib, bundan sonrakı siyasi, iqtisadi, kommunikasiya münasibətləri sistemini razılaşdırıb. Beynəlxalq təşkilatların, vasitəçilərin müdaxiləsinə ehtiyac yoxdur. Tərəflərin razılığı əsasında, ilkin mərhələ üçün məqbul variant kimi Rusiya sülhməramlıları təmas xəttinə yerləşdirilib. Bu hərbi qüvvələrə beynəlxalq status, mandat verilməsi zərurəti yoxdur. Bu, vəziyyəti mürəkkəbləşdirə , əlavə problemlər yarada bilər. Rus sülhməramlıları Azərbyacan ərazisində yerləşir. Buraya başqa bir ölkənin qüvvələrini gətirmək müsbət nəticə verməyəcək. Azərbaycan hərbi qüvvələri rus sülhməramlıları ilə birlikdə fəaliyyət göstərməlidir. Bu prosses tədricən getməli, getdikcə Azərbaycanlı hərbi qüvvələrin sayı artırılmalıdır. Azərbyacan öz ərazisində hamının, o cümlədən ermənlərin təhlükəsizliyini təmin etməyə qadirdir. Bu proses nəticəsində rus sülhməramlıları az vaxtdan sonra Azərbaycan ərazisini tərk edə bilərlər, beş il gözləməyə ehtiyac yoxdur. Rus hərbçiləri istəsələr, Ermənistan ərazisinə keçib, işlərini orada davam etdirə bilərlər. Azərbaycanda artıq onların xidmətinə ehtiyac yoxdur, bir azdan tam gərəksiz faktora çevriləcəklər. Biz öz təhlükəsizliyimizi özümüz təmin edə bilərik, kiminsə qarant durmasına qətiyyən ehtiyac yoxdur.
VI
Türkiyə 100 ildən sonra Cənubi Qafqaza qayıdıb və Azərbaycanla birlikdə yeni reallıq yaradıblar. Bu reallıq Cənubi Qafqaz ölkələrinin normal qonşuluq münasibətləri , hər dövlətin öz sərhədləri daxilinə çəkilməsi , ərazi iddialarından qarşılıqlı şəkildə imtina olunması, heç bir dövlətin hegemonluğuna imkan verilməməsi , bərabər hüquqlu münasibətlər üzərində qurulub. Bu yeni şərait Azərbyacanın tam qələbəyə nail olması , haqq-ədalətin bərqərar olması üçün əlverişli zəmin yaradır. Türkiyənin regionda mövqelərinin güclənməsi sabitlik , inkişaf və təhlükəsizlik üçün vacib şərtdir. Azərbaycan siyasi, iqtisadi və digər sahələrdəki fəaliyyətində bu amili nəzərə almalıdır.
VII
Azərbaycan Qarabağda Tam Qələbə üçün hədəflərini aydın və konkret şəkildə müəyyənləşdirməlidir. Hədəfimiz Xankəndidir! Xankəndi, Xocalı, Ağdərə - bütün Dağlıq Qarabağda Azərbaycan hakimiyyəti bərqərar olmalı, vətəndaşlarımız öz evlərinə qayıtmalıdır. Hədəfimiz Zəngəzurdur! 1920-ci illərdə Sovet Rusiyası tərəfindən qanunsuz olaraq Ermənistana verilmiş Zəngəzur Azərbaycana qaytarılmalıdır, 1988-ci ildə qovulmuş 300 min azərbaycanlı həmin ərazilərə qaytarılmalıdır, Naxçıvanla Azərbaycanın digər əraziləri arasında quru əlaqəsi tam bərpa olunmalıdır. Hədəfimiz İrəvandır! Azərbaycanın İrəvan, Göyçə, Dərələyəz və digər tarixi torpaqlarına qanuni haqqları beynəlxalq qurumlar tərəfindən tanınmalıdır. Hədəfimiz bölgədə sülh, dünyada sülhdür! Beynəlxalq aləm, dünya birliyi Ermənistanın işğalçı, ilhaqçı, terrorçu siyasətinə qiymət verməli, bir daha sülhə, sabitliyə təhlükə yaratmaması üçün tədbirlərini görməli, onun bu təhlükəli meyllərini zərərsizləşdirməlidir. Hədəfimiz güclü, ədalətli, nüfuzlu Azərbaycandır! Hamımız bir yerdə buna nail olacağıq!